Memarlıq və İnşaat Universiteti: bir qrup tələbə Mərkəzi Bankda təcrübə keçəcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Maliyyə savadlılığı” layihəsi çərçivəsində təlimlərə başlanılıb.

AZMİU-dan bildirilib ki, təlimlər Azərbaycan Mərkəzi Bankı Resurslar və Maarifləndirmə Xidmətinin Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən universitetin müvafiq kafedraları ilə birgə razılaşmaya əsasən keçirilir.

Mərkəzin iqtisadi maarifləndirmə şöbəsinin mütəxəssisləri AzMİU-nun tikinti-iqtisad fakültəsində menecment, marketinq, sənayenin təşkili və idarə edilməsi ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün bir həftə ərzində təlimlər keçəcəklər. Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədov təlimlərin sonunda fəallıq göstərən bir qrup tələbənin Mərkəzi Bankda təcrübə keçəcəyini deyib.

Təlimin ilk günü Mərkəzi Bankın pul və məzənnə siyasəti şöbəsinin müdiri Namiq Nağdəliyevin “Azərbaycanda pul və məzənnə siyasəti” mövzusunda məruzəsi dinlənilib. Şöbə müdiri Mərkəzi Bankın pul və məzənnə siyasəti, bu sahədə aparılan işlər barədə məlumat verib.

Növbəti günlərdə Mərkəzi Bankın əməkdaşları “Pul siyasətinin əməliyyat çərçivəsi”, “Nağdsız ödənişlərdən istifadənin üstünlükləri”, “Azərbaycanda nağd pul dövriyyəsinin idarə olunması”, “Azərbaycanın vergi siyasəti”, “Azərbaycanın tədiyə balansı” və “Azərbaycanda bank sektoru” mövzularında təlimlər keçəcəklər.