16 C
Baku
Saturday, April 20, 2024

Mövlan Paşayev: “Keyfiyyətsiz audit vaxt və pul itkisidir” – MÜSAHİBƏ

“Biz dövlət kapitalizmi erasında yaşayırıq”

Dünyanın ən nəhəng audit şirkətlərindən biri olan “PricewaterhouseCoopers” (PwC) şirkətinin Azərbaycandakı nümayəndəliyinin (“PricewaterhouseCoopers Audit Azerbaijan LLC”) rəhbəri, PwC-nin idarəedici partnyoru Mövlan Paşayev geniş müsahibə verib. Müsahibə əsnasında M.Paşayev ölkədəki iqtisadi durumu və onun gələcəyi, indiki vəziyyətdə auditə, xüsusilə dünya çapında tanınan şirkətlərin xidmətlərinə marağın hansı səviyyədə olması, şirkətlərin çağırışlara reaksiyası barədə söz açıb. Beləliklə, müsahibənin tam mətnini oxucuların diqqətinə çatdırırıq.

– Hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin auditə marağı hansı səviyyədədir?
– Biznes inkişaf etdikcə, cəmiyyətdə inam formalaşdıqca auditə maraq da artır. Auditin məqsədi cəmiyyətdə şirkətə qarşı inamı artırmaqdır. Müstəqil auditin keçirilməsi ilə şirkət səhmdarlara, dövlət orqanlarına, cəmiyyətə, digər maraqlı tərəflərə nə qədər dayanıqlı olub-olmamasını nümayiş etdirir. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlərdə vəziyyət fərqlidir. Məsələn, şirkətlərin bəziləri 10 illər ərzində beynəlxalq audit şirkətlərinin xidmətlərinə müraciət edirlər. Bəzən bu şirkətlərdə korporativ idarəetmə, effektiv idarəolunma, maliyyə bazarlarında, dövlət qurumları ilə münasibətlər ən yüksək səviyyədə qurulub. Beləliklə, şirkət – istər dövlət, istər özəl, özünü yeni inkişaf mərhələsinə hazırlayır. Auditə marağın artması baxımından Maliyyə Nazirliyi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasının rolu vacibdir. Hazırda biz görürük ki, dövlət qurumları auditin rolunu daha yaxşı dərk etməyə başlayıb. Son tendensiya onu deməyə əsas verir ki, bizim müştərimiz olan dövlət şirkətlərinin sayı artmaqdadır. Ümid edirəm ki, bizim həmkarlarımızda da analoji vəziyyət müşahidə olunur. Hazırda bizim müştərilərimiz arasında 7 dövlət orqanı və şirkət var. Dövlət şirkətlərinin sayının onlarla olduğunu nəzərə alsaq, tendensiyanın daha da yaxşılaşacağına inanıram.

1 29

 

– Heç kəsə sirr deyil ki, hər şirkət sizin xidmətlərinizdən yararlanmaq iqtidarında deyil. Son zamanlar isə qəribə tendensiya müşahidə olunmaqdadır: bəzi şirkətlər, hətta bazarda söz sahibi olanlar da ciddi audit şirkətlərinin xidmətindən yan keçir. Deyəsən gizlədiləsi nələrsə var?
– Auditorlar Palatası daim auditin keyfiyyətinin artırılması barəsində düşünür və bunun üçün zəruri addımlar atır. Buna baxmayaraq, auditin keyfiyyəti və onun müstəqilliyi günümüzün ağrılı mövzularındadır. Bir şeyi nəzərə alın ki, biz menecmentə deyil, səhmdarlara hesabat veririk. Çünki auditin keçirilməsində əsas məqsəd menecmentin nə qədər effektiv olduğunu üzə çıxarmaqdır.

 

“Keyfiyyətsiz audit vaxt və pul itkisidir”

Bu baxımdan olduqca vacibdir ki, auditin vacibliyini səhmdarlar özü başa düşsün. Keyfiyyətsiz audit vaxt və pul itkisidir. Başqa sözlə, keyfiyyətsiz audit sifariş verməklə səhmdarlar pul və vaxt itirməklə yanaşı, şirkətdəki real mənzərəni görmək imkanını da əldən verir. Nəticədə isə şirkət ciddi fəsadlarla üzləşə bilər. Belə ki, vaxtında qarşısı alına biləcək səhvləri, manipulyasiyaları, maxinasiyaları bu gün görmək olmur. Təbii ki, adından, bazar payından asılı olmayaraq biz bütün şirkətlərə hörmətlə yanaşırıq. Lakin sirr deyil ki, bizim müştəri bazamız premium seqmentin nümayəndələrindən formalaşıb.

 

2 42

 

– Yeri gəlmişkən, hazırda müştərilərinizin sayı nə qədərdir və iqtisadi durğunluq onların sayına təsir edib?
– Biz 6 ay öncə öz strateji sessiyamızı keçirdik və iqtisadi reallığa yenidən nəzər saldıq, bu reallığın biznesimizə təsirini qiymətləndirdik. Bəli, iqtisadi durğunluq bizim müştəri bazamıza təsirsiz ötüşməyib. Müştərilərimizin bir hissəsinin profili, strategiyası, maliyyə vəziyyəti çox dəyişib. Maraqlı bir tendensiya müşahidə olundu və bizim müştəri portfelimiz transformasiya olundu.

“İqtisadi durğunluq bizim müştəri bazamıza təsirsiz ötüşməyib”

Məsələn, biz bir neçə il öncə heç təsəvvür belə etməzdik ki, bu qədər sayda dövlət şirkəti ilə əməkdaşlıq edəcəyik və bu tendensiya yaxşıya doğru gedir.

– Sirr deyil ki, krizis inamın itməsinə səbəb olur. Sizin işinizdə əsas məqsəd isə inamın yaradılmasıdır. Beləliklə, işiniz ikiqat ağırlaşıb…
– Bir şey dəqiqdir ki, bazarın özü və şirkətlər transformasiya olunur. Biz neftin 1 barelinin 50 dollar olduğu bir zamanda yaşayırıq və bu reallığı dəyişmək olmaz. Bunun üzərinə valyuta ehtiyatlarımızın azalmasını, manatın məzənnəsini, tənzimləyicilərin bəzi yeni tələblərini də gəlin. Etiraf edək ki, hazırda bütün bazar yeni iqtisadi reallıqlara adaptasiya olunur. Vaxt keçəcək və radikal dəyişikliklərə zərurət yaranacaq. Kimlərsə hətta eksperimentlərə əl atacaq, bunların bəziləri baş tutacaq, bəziləri yox. İnam yaradan şirkətin qurulması olduqca vacibdir. Ölkədə baş verən krizis bir çox sahələrdə inamı sarsıdıb. İndi qarşıda duran əsas məqsədlərdən biri də daha güclü inama əsaslanan platformanın qurulmasıdır. Bu platformanı ayrı-ayrılıqda heç kim yarada bilməz. Biz bunu bir yerdə etməliyik.

3 36

 

– Qayıdaq inam məsələsinə. Bayaq qeyd etdiniz ki, müxtəlif səbəblərdən bəzi şirkətlər PwC kimi iri auditorların xidmətindən imtina edir. Mövlan bəy, təsəvvür edin ki, mən bir bankın potensial investoru və ya müştərisiyəm. Əməkdaşlığa başlamazdan öncə mən bankın audit hesabatına nəzər salıram və görürəm ki, 2015-ci ilədək auditi PwC aparıb, bundan sonra isə heç kimin tanımadığı X MMC. İnanmıram ki, mən bu bankla əməkdaşlıq edəcəyəm…
– Audit şirkətin vizit kartıdır. Təbii ki, vizit kartında brend adın olması inamı gücləndirir. Vizit kartında brend olmayan adın olması da marağa səbəb ola bilər, lakin bu investorların səviyyəsi bir qədər fərqli olacaq. “Big-4” şirkətlərinin xidmətlərindən istifadə edən şirkətlər adətən elə bu şirkətlərlə işləyir, lakin yaranmış vəziyyət nəticəsində istəmədiyin addımlar atmaq məcburiyyətində qalırsan.

– Mən yaxın vaxtlarda baş tutan tədbirlərdən birində sizin çıxışınıza diqqətlə qulaq asırdım. Siz qeyd etdiniz ki, 2016-cı il Azərbaycan üçün çətin olub və sistem əhəmiyyətli problemləri üzə çıxardı. Sistem əhəmiyyətli səhvlər dedikdə nələri nəzərdə tuturdunuz?
– Bu, mənim subyektiv fikrimdir. Əsas səhvlərə toxunmağa çalışacağam. Mən bu məsələləri ölkə başçısı İlham Əliyevin Amerika Ticarət Palatası ilə görüşdə də dilə gətirmişəm. Biz bunu istəsək də, istəməsək də dövlət sektoru yaxın 5-10 il ərzində ölkə iqtisadiyyatının lokomotivi olmaqda davam edəcək. Çünki mövcud olan digər biznes strukturları nisbətən kiçikdir və baş verən böhran onları daha da kiçiltdi. Buna görə də mən hesab edirəm ki, iri dövlət şirkətləri ölkə iqtisadiyyatını irəli aparan qüvvə olacaq. Fikir verin, onlar ən iri işəgötürənlərdir, dövlət büdcəsinə daha çox vəsait köçürən də məhz onlardır. Bugünkü reallıq ondan ibarətdir ki, biz dövlət kapitalizmi erasında yaşayırıq.

“Biz dövlət kapitalizmi erasında yaşayırıq”

İndi isə qayıdaq sistem əhəmiyyətli səhvlərə. Məsələ burasındadır ki, biz dövlət müəssisələrinə məhz dövlət müəssisələri kimi, özü də sovetsayağı yanaşırdıq. Bununla yanaşı, biz həmin dövlət müəssisələrinin rəhbərliyində təmsil olunan şəxslərə məmur gözü ilə baxmışıq. Halbuki biz bu dövlət şirkətlərini kommersiya təşkilatı kimi görməliyik. Belə olmadığı təqdirdə şirkətin inkişafından, onun fəaliyyətindəki proqresdən danışmağa dəyməz. Yəni effektiv idarəolunma, korporativ idarəetmə, gəlirlilik və sair nöqteyi-nəzərdən dövlət şirkətini kommersiya təşkilatından ayırmaq olmaz. Etiraf edək ki, dövlət şirkətinin gəlirliliyi artarsa, onun işçilərinin sayı da artar, dövlət büdcəsinə köçürmələri də.

4 33

 

– Həmin çıxışınızda siz onu da qeyd etdiniz ki, 2017-ci il sabitlik ili, 2018-ci ildə isə iqtisadi artım ili olacaq. Ümid edirəm ki, həmin fikirdə qalırsınız.

 

– Sözsüz ki, mən öz fikrimdə qalıram. Bilirsiniz ki, biz dövlət qurumlarının rəhbərləri ilə daim təmasdayıq və həmin görüşlərdən sonra mən əmin oluram ki, 1 il bundan  öncə başlanılan radikal islahatlar öz töhfəsini verəcək, götürülən istiqamət doğrudur.

 

– PwC-nin 30 Azərbaycan şirkətləri arasında apardığı araşdırma göstərib ki, CEO-ların 52%-i bu il gəlirlərinin artacağına əmindir. Məsələyə digər tərəfdən yanaşsaq, CEO-ların 48%-i buna əmin deyil. Bu əminlik və əminsizliyin arxasında nə dayanır?

 

– Həmin sorğu 2015-ci ildə aparılıb. Həmin il krizis yenicə başlamışdı və şirkət rəhbərləri bu prosesi tam dərk etmirdi, onun nə dərəcədə çətin olacağını bilmirdi. Biz analoji sorğunu 2016-cı ildə də aparmaq istədik. Sonradan düşündük ki, şirkət rəhbəri bu vəziyyətdə sabah nəyin baş verəcəyinə əmin deyil, biz isə ondan il ərzində nəyin baş verəcəyi ilə bağlı proqnoz verməyini tələb edirik. Buna görə də qərara aldıq ki, 1 il gözləyək və bundan sonra sorğunu keçirək. Böyük ehtimalla, bu il biz bu cür sorğu keçirəcəyik və nəticələrini açıqlayacağıq.

5 30

 

– Siz həmçinin “Amcham-Azerbaijan”ın Direktorlar Şurasında təmsil olunursunuz və hazırda özəl sektorun qarşısında duran əsas çağırışlara yaxından bələdsiniz. Bu çağırışları sadalaya bilərsiniz?
– Biznes qarşısında duran əsas çağırış qeyri-müəyyənlikdir. Mənim fikrimcə özəl sektor istənilən mühitə uyğunlaşa bilər və bu da onun dövlət sektorundan əsas fərqidir. Dövlət sektoru, belə demək mümkünsə, sanki daha ağır çəkilidir. Lakin özəl sektor tez bir zamanda istiqamətini dəyişə, başqa mühitə uyğunlaşa bilər.

“Biznes qarşısında duran əsas çağırış qeyri-müəyyənlikdir”

Fikrimi müqayisədə daha aydın izah edə bilərəm: iri gəminin istiqamətini anidən dəyişə bilməzsiniz, halbuki kiçik gəmilər çevik və daha manevrli olur. İndi siz təsəvvür edin ki, bu iri və xırda gəmilər 1 ildən çoxdur qasırğanın hökmranlıq etdiyi dənizdə üzürlər. Bu baxımdan hesab edirəm ki, özəl sektor qarşısında duran əsas çağırış qeyri-müəyyənlikdir. Bir daha təkrarlamaq istəyirəm ki, hazırda iqtisadiyyatda stabilləşmə prosesi gedir.

 

– Sizcə hazırda bank və sığorta sektoru nə dərəcədə şəffafdır?
– Son 20 ildə Azərbaycanda maksimum şəffaf olan yeganə sektor məhz maliyyə və sığorta sektorudur. Məsələ burasındadır ki, müvafiq dövlət qurumu, tənzimləyici vaxtında bu sektoru şəffaflığa yönəldib. Təbii ki, bəzi məlum hadisələr göstərdi ki, banklar da idealdan uzaqdır. Buna baxmayaraq, əgər digər sektorlarla müqayisə etsək, sözügedən sektor daha şəffafdır.

6 27

 

– Auditorlar Palatasının sədri Vahid Novruzovun sözlərinə görə, təəssüf ki, hazırda korporativ rəhbərliyin şəffaf hesabatlığa münasibəti könüllülük prinsipinə əsaslanır və bu da öz növbəsində qanunsuz və hesabatlıqdan kənar fəaliyyətə rəvac verməklə iqtisadi inkişafa bir çox istiqamətdə mənfi təsir göstərir. Siz bununla razısınızmı və vəziyyətin dəyişməsi üçün şirkətiniz nələri təklif edə bilər?
– Mən cənab Novruzovla tamamilə razıyam və hesab edirəm ki, qeyri-effektiv korporativ idarəetmə müxtəlif manipulyasiyalara və maxinasiyalara rəvac verir. Hesabatlılığın şəffaflığı və həmin hesabatın düzgün analizi olduqca vacibdir. Müstəqil auditor tərəfindən bu hesabatın yoxlanılması məsləhətdir. İstənilən bir şirkət keyfiyyətli məhsul üçün çalışır, ən azından çalışmalıdır.

 

– Baş verən iqtisadi maliyyə böhranları göstərdi ki, bir sıra hallarda korrupsiyanın yaranmasına və cinayət yolu ilə əldə edilmiş pulların və əmlakın leqallaşdırılmasına auditor xidməti göstərən şirkətlər və şəxslər də cəlb olunur. Başqa sözlə, bəzi vaxt auditorlardan və audit xidmətindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasında bir vasitə kimi istifadə edirlər. Bununla bağlı sizin fikirləriniz maraqlıdır…
–  Bu, korporativ idarəetmə islahatlarının bir hissəsidir. Hesabatlılıq üzrə rəhbərliyin, mühasiblərin və auditorların məsuliyyətini tənzimləyən qaydalar gücləndirilməli və praktikada daha çox tətbiq edilməlidir. Həmin şəxslər öz şirkətlərinin maliyyə, hüquq və etik göstəricilərinə görə məsuliyyət hiss etməlidirlər. Son dövrlərdəki korporativ uğursuzluqları nəzər salsaq, belə bir nəticəyə gəlmək olar ki, azad bazar iqtisadiyyatında mükəmməl korporativ idarəetmə sistemini təmin etmək üçün tənzimləyici idarəetmə, bazar idarəetməsi, maraqlı tərəflərin idarə edilməsi və daxili idarəetmə arasında fərqli vaxtlarda və məzmunda idarəetmə rejimləri və mexanizmləri üzrə kifayət qədər dinamik dəyişiklikləri əks etdirən sistemli inteqrasiya tələb olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər