16 C
Baku
Saturday, April 20, 2024

Müəssisənin satış pulu (mədaxili), gəliri və mənfəəti

Bazar iqtisadiyyatı şəraitində mənfəətin əldə edilməsi müəssisənin bilavasitə məqsədidir. Mənfəət müəssisənin gələcək  fəaliyyəti və mövcudluğu üçün müəyyən təminat yaradır, çünki müxtəlif ehtiyat fondları şəklində onun yığılması malların bazarda satışı ilə əlaqədar risklərin nəticələrinin aradan qaldırılmasına kömək edir.

Bazarda müəssisələr nisbətən xüsusiləşmiş mal istehsalçıları kimi çıxış edir. Məhsula qiyməti müəyyən edərək onlar məhsulu istehlakçılara satır və bu halda pul mədaxili əldə edirlər. Bu, hələ mənfəət deyildir. Maliyyə nəticəsini müəyyən etmək üçün bu pulu istehsal və satış üçün çəkilmiş xərclərlə, yəni maya dəyəri ilə müqayisə etmək lazımdır.

Əgər mədaxil maya dəyərindən çox olarsa maliyyə nəticəsi mənfəətin əldə olunduğunu təsdiq edir. Müəssisə həmişə mənfəət əldə etmək vəzifəsini qarşısına qoysa da, heç də həmişə buna nail olmur. Əgər mədaxil maya dəyərinə bərabərdirsə, onda yalnız məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərcləri ödəyə bilir. Əgər xərclər mədaxildən çox olarsa müəssisə mənfi maliyyə nəticəsinə – zərərlərə malik olur. Bu isə müəssisənin maliyyə vəziyyətini gərginləşdirir, hətta onu müflisləşdirməyə gətirib çıxarır.

Müəssisənin ümumi gəlirini aşağıdakı kimi əks etdirmək olar:

Satışdan əldə edilən mədaxil

Maya dəyəri

Xalis mənfəət

Mənfəətdən vergi

Maddi xərclər

Əməyin ödənilməsi

Mənfəət

Ümumi gəlir

Müəssisə üçün  mənfəət daha çox əlavə dəyər əldə etmək imkanı verən sahələrin maliyyələşdirilməsi üçün maraq (stimul) yaradan göstəricidir. Bazar münasibətlərinin kateqoriyası kimi  mənfəət aşağıdakı funksiyaları yerinə yetirir:
– müəssisənin fəaliyyəti nəticəsində əldə edilən iqtisadi səmərəni xarakterizə edir;
– müəssisənin maliyyə resurslarının əsas elementidir;
– müxtəlif səviyyəli büdcələrin formalaşması mənbəyidir.

Zərərlər də müəyyən rol oynayır. Onlar maliyyə vəsaitlərindən istifadə istiqamətlərində, məhsulun istehsalı və satışında müəssisənin səhvlərini və xətalarını üzə çıxarır.

Mənfəət

Hər bir müəssisədə mənfəətin kəmiyyətinə, iqtisadi məzmununa və funksional təyinatına görə əhəmiyyətli dərəcədə fərqlənən dörd göstərici formalaşır. Bütün hesablamalar bazasını müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin, maliyyə göstəricisi olan balans mənfəəti təşkil edir. Vergitutma məqsədləri  üçün xüsusi göstərici – ümumi mənfəət göstəricisi, bunun  əsasında  isə vergitutulan və vergitutulmayan  mənfəət göstəriciləri hesablanır. Vergilər və büdcəyə digər  ödənişlər  keçirildikdən  sonra balans mənfəətinin müəssisənin sərəncamında qalan hissəsi xalis mənfəət adlanır. Bu, müəssisənin  fəaliyyətinin son maliyyə nəticəsini əks etdirir.

Balans mənfəəti üç əsas elementi əhatə edir: məhsulun satışından, işlərin görülməsindən, xidmət göstərilməsindən əldə edilən mənfəət (zərər); əsas vəsaitlərin satışından, onların sıradan çıxmasından, müəssisənin digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər), qeyri-satış əməliyyatları hesabına maliyyə nəticələri.

Məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəət müəssisənin nizamnamədə göstərilən və qanunun qadağan etmədiyi bütün formalarda həyata keçirdiyi əsas fəaliyyətdən əldə edilən maliyyə nəticəsidir. Məhsulun satışından əldə edilən mənfəət satışdan əldə edilən mədaxil (əlavə dəyər vergisi (ƏDV) və aksizlər nəzərə alınmadan) ilə məhsulun istehsalı və satışı ilə əlaqədar olan  xərclər  (maya dəyəri ) arasındakı fərq kimi hesablanır.

Natural- əşya formasına malik məhsulun satışı həcmi üçün müəyyən edilən mədaxil və tam maya dəyərinə görə hesablanır:

       Ms=M+Mə+Mqa ,

    burada  Ms  –  məhsulun satışından əldə edilən mənfəət;
Mqə  – müəyyən dövrün əvvəlinə satılmamış hazır məhsul qalığındakı mənfəət;
Mə    –  hesabat dövründə  əmtəəlik məhsul buraxılışından mənfəət;
Mqa  –  ilin axırına satılmayan məhsul qalığındakı mənfəətdir.

İşlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən mənfəət də məhsul satışından əldə edilən mənfəət kimi hesablanır. Müəssisənin əsas vəsaitlərinin və digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər) müəssisə fəaliyyətinin əsas növləri ilə əlaqədar olmayan maliyyə nəticəsidir. O, sair satışdan əldə edilən mənfəəti (zərəri) əks etdirir. Buraya müəssisənin balansında olan müxtəlif növ əmlakının kənara satılması daxildir.

Qeyri-satış əməliyyatlarından əldə edilən maliyyə nəticələri müəssisənin  əsas fəaliyyətinə aid olmayan və müəssisə məhsulunun, əsas vəsaitlərinin, sair əmlakın satışı, işlərin  görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olmayan müxtəlif xarakterli əməliyyatlar üzrə mənfəətdir (zərərdir). Satışdankənar mənfəətin (zərərin) tərkibinə alınmış və ödənilmiş cərimələrin, penyaların, əlavələrin və digər sanksiya növlərinin qalığı, eləcə də aşağıdakı gəlirlər daxildir:

  •   ötən illərə aid olan, lakin hesabat ilində aşkar edilmiş mənfəət;
  •   malların yenidən qiymətləndirilməsindən gəlirlər;
  •   ötən illərdə silinmiş debitor borclarının ödənilməsi hesabına daxil olmuş məbləğ;
  •   valyuta hesabları və xarici valyuta əməliyyatları üzrə müsbət məzənnə fərqləri;
  •   müəssisənin hesablarında olan pul vəsaitlərinə görə alınmış faizlər.

Buraya həmçinin başqa müəssisələrin nizamnamə kapitalında payçı kimi iştirakına görə əldə edilən gəlir də daxildir. Bu gəlir təsisçilərə əvvəlcədən müəyyən olunmuş ölçüdə və ya səhmlər üzrə dividendlər şəklində alınır. Qiymətli kağızlar üzrə gəlirlərə istiqrazlar və qısamüddətli xəzinə öhdəlikləri üzrə faizlər daxildir. Müəssisənin səhmdar cəmiyyətlərin qiymətli kağızları üzrə gəlir götürmək hüququ vardır, lakin həmin qiymətli kağızlar onlar üzrə ödənişlərin rəsmi elan olunmuş tarixdən azı 30 gün əvvəl alınmalıdır.

Dövlətin qiymətli kağızlar üzrə gəlirlərin götürülməsi hüququ və qaydası onların buraxılması və yerləşdirilməsi şərtləri ilə müəyyən edilir. Borc verdiyi vəsaitlər üzrə müəssisə kreditor və borc götürən arasındakı müqavilə şərtlərinə görə gəlir götürür.

Əmlakın icarəyə verilməsindən əldə edilən gəlir icarəçinin icarədara ödədiyi icarə haqqından ibarətdir. İcarə olunmuş əmlakdan istifadə hesabına mənfəət icarə haqqının məcburi hissəsidir və  onun dəyərindən, müəssisənin rentabelliyindən və icarənin müddətindən asılıdır. Əgər icarədar əsas fondların bərpası üzrə müəyyən öhdəlikləri öz üzərinə götürürsə, müqavilə şərtlərindən asılı olaraq icarə haqqına amortizasiya ayırmaları və ya onların bir hissəsi daxil ola bilər. İcarə haqqına mənfəət əmlakın dəyərindən faiz kimi daxil edilir.

Bundan əlavə satışdankənar nəticələrə aşağıdakı xərclər və itkilər daxildir:

  • ötən illərin əməliyyatları üzrə zərərlər;
  • maddi dəyərlilərin inventarlaşdırılması zamanı aşkar edilən çatışmamazlığı;
  • valyuta hesabları və xarici valyutalarla əməliyyatlar üzrə mənfi məzənnə fərqləri;
  •  təbii fəlakətlər nəticəsində yaranan və əvəzi ödənilməyən itkilər. Buraya həmçinin təbii fəlakətlərin qarşısının alınması və ləğv edilməsi və s. xərclər də daxildir.

Mənfəətin kəmiyyətinə bir çox amillər təsir edir. Bu amillər daxili və xarici amillərə bölünür. Daxili amillərə istehsal (ekstensiv və intensiv) və istehsaldan kənar amillər daxildir. Xarici amillər isə təbii şəraiti, qiymətin tənzimlənməsini, tarifləri, faiz vergi dərəcələrini və s. əhatə edir.

Son xəbərlər
Digər xəbərlər