Müsahibə zamanı qadağan olunmuş sözlər

Heç kimə sirr deyil ki, arzusunda olduğumuz işə aparan yol ilk növbədə müsahibədən keçir. Müsahibə zamanı lazımi bacarıqlara malik olmadığını söhbət əsnasında qeyd etdikdə, yersiz zarafata yol verdikdə və yaxud işəgötürən şəxsdə qıcıq yaratdıqda sizə yenidən niyə zəng etmədiklərinə görə təəccüblənməyə dəyməz.

Lakin müsahibə zamanı yuxarıda qeyd edilənlərin heç birinə yol vermədikdə və buna baxmayaraq yenə işə çağırılmadıqda anlaşılmaz bir vəziyyət yaranır. Nə yolunda getmədi?

Böyük ehtimalla buna səbəb işəgötürən şəxsdə mənfi təəsürat yaradan sözləriniz olub. Amerikanın Business Insider nəşri müsahibəni uçuruma aparan və söz ehtiyatınızdan ləğv etməli olduğunuz söz və ifadələrin siyahısını tərtib edib.

Banker.az bu ifadələrdən bir neçəsini təqdim edir:

“Mən bu işi əldə etməyi çox istəyirəm”

Ola bilsin ki, bu ifadə ilə potensial işə qarşı nə qədər çox maraq duyduğunuzu və entuziazmınızı nümayiş etdirmək istəyirsiniz. Lakin əslində isə bu ifadə ümidsizlik əlaməti olaraq qəbul edilir və istənilən halda bunu səsləndirmək xoş təəssürat bağışlamır.

İşi əldə etmək üçün hər şeyə hazır olan namizəd əvəzinə, özünə inamlı və bacarıqlı namizəd olduğunuzu sərgiləyin.

“Bu vəzifənin bonusları var?” 

Sözsüz ki, bu çox vacib məlumatdır, lakin hər şeyin bir zamanı var. Bu sualı vaxtından əvvəl vermək iş axtaran şəxsin səhvidir. Bu sualı işəgötürən şəxs rəsmi təklif ünvanladıqdan sonra vermək daha məqsədəuyğundur.

“İşə götürülmək ehtimalım nə qədərdir?”

Demək olar ki, bütün namizədlər müsahibə ərzində yalnız bu haqda düşünür. Lakin müsahibə zamanı bu sualı rəhbər şəxsə ünvanladıqda işə qəbul olunmaq şanslarınız sıfıra bərabər olur. Belə ki, bu sualı vermək nəinki ümidsizlik, həmçinin həyəcanı da tərənnüm edir.

“Qovulmuşam…, nifrət edirəm…, dəhşətli yer idi… və s.”

Özünüzə, keçmiş iş yerinizə və ümumiyyətlə dünyaya qarşı münasibətdə sərt ifadə və mənfi notlardan uzaq olun.  Heç kəs mənfi xarakterli insanla işləmək istəməz.

“Keçmiş müdirimlə yola getmirdik”

Bu heç vaxt istifadə etməməli olduğunuz mənfi ifadələrdən biridir. İşəgötürən şəxs komandanın yeni üzvlərinin işə cəlb edilməsi zamanı yeni işçinin cari əməkdaşlarla yaxşı yola gedəcəyinə əmin olmaq istəyir. Bu ifadə isə sizi nə qədər sərt səslənsə də nankor, təkəbbürlü, onunla işləmək çətin olan bir şəxs edir.  

 “İşə nə vaxtdan çıxım?”

Bu sualı yalnızca uğurlu keçən müsahibənin ardından səsləndirmək olar. Əslində isə bu sual bəsit, qeyri-professional və təkəbbürlü səslənir.


Bunun əvəzində isə müsahibənin sonunda bu ifadələrdən istifadə etmək daha yaxşı təəssürat bağışlamağınıza kömək edəcək: “Mənə zaman ayırdığınıza görə minnətdaram! Səbirsizliklə zənginizi gözləyəcəm!”.