14 C
Baku
Thursday, March 28, 2024

Müşahidə Şurasının görüşü keçirildi, yeni komitə yaradıldı

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının (MŞ) görüşü keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Birliyin digər nümayəndələri və MŞ-nın sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib.

Görüş zamanı Birliyin fəaliyyəti barədə sığortacılara məlumat verilib. Daha sonra Birliyə üzv olmaq üçün müraciət edən sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olan “Efendi Leqal and İP Consultancy” MMC və “Proqress sığorta agentliyi” MMC-nin üzvlük məsələsi müzakirə edilib və sonda “Efendi Leqal and İP Consultancy” MMC-nin üzvlüyə qəbul edilməsi qərara alınıb.

Müşahidə Şurasının ən əhəmiyyətli hadisələrindən biri Vasitəçilər komitəsinin yaradılması barədə müzakirə təşkil edib. Görüş iştirakçıları sığorta vasitəçilərinin artıq üzvlük status almasını əsas gətirərək ASA-da məhz onların məsələləri ilə məşğul olacaq xüsusi bir qurumun yaradılmasını təklif ediblər. Müzakirələrin yekununda ASA-da Vasitəçilər komitəsinin yaradılması qərara alınıb.

Bununla yanaşı, ASA-ya üzv şirkətlərin üzvlük haqları ilə bağlı məsələ də müzakirə predmeti olub. Sığorta şirkətlərinin üzvlük haqqı borcunun mövcudluğu onların işgüzar nüfuzuna xələl gətirə biləcək bir məsələ olduğu vurğulanıb və qısa müddətdə haqların ödənilməsi şirkətlərə tövsiyə olunub.  

Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır. “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına daxil olan sığorta və təkrarsığorta şirkətləridir.

Son xəbərlər
Digər xəbərlər