19 C
Baku
Tuesday, April 16, 2024

Müştəri hesablarına nə vaxt sərəncam qoyulur?

Bildiyiniz kimi hər bir müştəri vergi ödəyicisi ola bilər və əgər vergi ödəyicisi öz vergi öhdəliklərini yerinə yetirməzsə, qanunvericiliyə, daha doğrusu Vergi Məcəlləsinə müvafiq olaraq, ona hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərilir.

Əgər hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları vergi ödəyicisi tərəfindən bildirişdə göstərilən müddətdə ödənilməzsə, onda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir.

Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına sərəncam verilə bilər.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya vergilər üzrə borcların və faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir.

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə, bank və ya digər kredit təşkilatı hesabdakı vəsaiti Vergi Məcəllənin 60.1.2-ci maddəsində müəyyən edilmiş qaydada dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.

Vergi orqanının vergilər üzrə borcların və faizlərin dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar və faizlər vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması  Vergi Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər