15 C
Baku
Saturday, April 27, 2024

Nərimanovun həyat yoldaşının faciəsi

“Onunla tam başqa məqsədlə evlənmişdi”

55 illik həyatında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) birinci sədri, daha sonra isə Azərbaycan SSR Xalq Komissarları Şurasının birinci sədri olmaqla yanaşı, “Bahadur və Sona”, “Nadir şah”, “Nadanlıq”, “Şadman bəy” kimi dəyərli ədəbi əsərlərə də imza atmış N. Nərimanova sadiqliyi ilə seçilən Gülsüm xanım ömrünün sonuna kimi onun ideologiyası uğrunda mübarizə apardı. Gülsüm xanımın faciəli həyatını elə Nərimanovun “əl işi” kimi göstərmək olar. 

Şamaxıda seyid və tacir ailəsinin qızı olan Gülsüm xanımla Nəriman Nərimanov 1915-ci ilin yayında rəsmi nikaha daxil olub. Onların evlənməsinə bəzi mənbələr fərqli yanaşıb. İddia edilir ki, Nərimanov varlı tacir ailəsindən olan bu xanımla tamam ayrı məqsədlə evlənib. Sübut kimi isə maarifçi ziyalılardan olan İsa bəy Aşurbəylinin bir arxiv sənədi göstərilir:

“Hələ inqilabdan əvvəl yoldaş Nərimanov ondan yaşca iki dəfə gənc, vərəmli, cılız və üstəlik eybəcərin birisi olan baldızım Sona xanımla evlənmək istəyirdi. Baldızımın nağd 20 min manata qədər cehizi vardı. Nərimanovun maddi səbəbdən evlənmək istəməsinə qəzəbləndim və bu evliliyə razılıq verilməsinə qoymadım. Bundan sonra Nərimanovla aramızda anlaşılmazlıq yarandı və salamməleyki də kəsdik. Mənə yenidən “Hümmət”ə keçmək təklif edildikdə Nərimanov şəxsimə qarşı yetərincə ciddi müxalifət hazırladı ki, Bakı varlılarının övladlarının proletar təşkilatına qəbul etməyə ehtiyac yoxdur”.

İ. Aşurbəylinin bu izahatından məlum olur ki, Nərimanov sırf ailə qurmaq naminə yox, nəsə gəlir əldə etmək fikrində imiş. Özündən təqribən 30 yaş kiçik olan Gülsüm xanımla evlənmək  Nərimanova məhz bu səbəbdən lazım imiş.

O, həm də çadranı ilk atanlardan biri idi

Tarixçi-alim Firdovsiyyə Əhmədova İsa Aşurbəylinin tam əksini düşünür: “Nəriman Nərimanov çox gec ailə həyatı qurub. Bunun da səbəbi vəfat edən qardaşı Salmanın ailəsini saxlayıb onları böyütmək idi. Sonradan həmin uşaqları da özü evləndirib. Salman bəyin sonuncu qızı ailə həyatı qurandan sonra Nəriman Nərimanov şəxsi həyatı ilə məşğul olmağa başlayıb. Əslən Şamaxıdan olan bir seyid ailəsinin qızı Gülsüm xanımla evlənib. Abdulla Şaiq Nərimanovla Gülsüm xanımın nişanlanması ilə bağlı şeir də yazıb. Həmin şeir sonradan “Bakı” qəzetində çap olunub. Onların ailə münasibətlərini səciyyələndirsək görərik ki, bu, təkcə ər-arvad münasibəti ilə yekunlaşmır. Gülsüm xanım həm də Nərimanova bir dayaq olub. Onun əqidə yoldaşı, silahdaşı kimi hərəkət edib. Düzdür, xüsusi təhsili olmasa da, Nərimanovun ideyasını öz həyat məramına çevirmişdi. 1916-cı ildə çadranı ilk atanlardan biri o qadın olub. Sovet hökuməti qurulandan sonra da gözəl dolanışığı olmayıb. Gülsüm xanım Nərimanovun ağır məşəqqətli həyatını onunla birgə yaşayırdı”.

Nərimanovun gərgin iş qrafiki, iş yerinin tez-tez dəyişdirilməsi, rəhbərlər arasında barışıq və ixtilaflar onun ailəsinə də mənfi təsir göstərirdi. Nərimanov dövlət işlərinin icrası səbəbindən Həştərxan, Bakı və daha sonra da Moskvada yaşamalı olub. Ailənin yeganə övladı Nəcəf də 1919-cu ilin dekabrında Moskvanın qarlı-şaxtalı bir günündə dünyaya gəlib. Nəcəf hələ 5 yaşında olanda Nərimanov ona məktub yazıb etirafda bulunmuşdu.

Gülsüm xanım övlad sahibi olandan sonra bütün diqqətini oğlunun tərbiyəsinə yönəldib. Çox keçmir ki, Nəriman Nərimanov vəfat edir. Cəmi 6 yaşlı övladı ilə qalan Gülsüm xanımın ailə faciəsi başlayır.

nerimanov_ve_ailesi

Nərimanovun ölümdən sonrakı həyat

Nərimanovun müəmmalı ölümündən sonra Gülsüm xanım həyatının ağır mərhələsinə qədəm qoyub. Moskvanın Mala Xrintonyevski küçəsində başsız qalan ailə heç kəsin yadına düşmür. Nərimanovun  sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailəsi sonradan bu imtiyazdan da məhrum olur.  Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək, Petrovski adına fəhlə  fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyir.

Bu dialoq Gülsüm xanımın bir qadın, ana və insan kimi xarakterini özündə çox gözəl əks edir. Dialoq psixoterapevtlə ard-arda gələn acılar üzündən bütün əsəbləri korlanmış Gülsüm xanım arasında baş tutub:
– Sizin əsəbləriniz korlanmışdır. Müalicə olunmalısınız, amma hər şeydən əvvəl, özünüzü ələ almağı bacarmalısınız.
– Nəriman da yoxdur, Nəcəfi bu amansız dünyada tək qoyub gedə bilmərəm – (Akif Aşırlı, “Nərimanovun Kremldə qətli”).

Oxuduqlarını praktikada həyata keçirmək üçün Gülsüm xanım uzaq Sibirə getməyə razı olur. Fikri qonşularının ümidinə buraxdığı Nəcəfin yanında qalsa da, öz inadından dönmür. Lakin çox keçmir ki, yenidən nevrozdan əziyyət çəkir və ömrünün sonunadək bu xəstəlik onu amansız düşmən kimi təqib edir.

Onu da qeyd edək ki, Sibirdən qayıtdıqdan sonra xəstəxanada qaldığı bir ay müddətində heç kim onu arayıb-axtarmır. Amma qapısı döyülməyən xanımı özündən çox, qonşularının ümidinə buraxdığı oğlu Nəcəf narahat edirdi. Gülsüm xanım taleyin gərdişi ilə döyüşə-döyüşə zamanı ötürə bilir. Bu ötən zamanda Nəcəf tankçı məktəbində oxuyur. Kiyevdən anası ilə mütəmadi olaraq məktublaşır. Məktubların birində maraqlı məqam diqqəti cəlb edir. Belə ki, oğlu Nəcəf evlənməkdən ötrü anasından izn istəyir:

“Subay qalmaq zəhləmi töküb, istəyirəm evlənəm”. Məktubların birində Nəcəf anasına belə yazmışdı. O, alman dilini bilən, pianoda çalmağı bacaran bir rus qızıyla evlənmək istəyirdi. Gülsüm xanım oğlunun bu istəyinə sevinsə də, könlündən bir azərbaycanlı qızın qayınanası olmaq keçdiyindən cavab məktubunu nəsihət üzərində qurur:

“Məncə hələ tezdir, tələsirsən. Evlənməyi asan iş sayma. Bu, həyat məsələsidir. Ürəyin istəyi başqa, ağılla götür-qoy etmək başqa şeydir. Hər şey barədə fikirləş. Amma xahiş edirəm, ağlına gətirmə ki, səni evlənməkdən çəkindirirəm. Mən sənin ailəni görməyi çox istəyirəm. Nəcəf, hər şeyi götür-qoy et, sonra addım at. Sən yaşda olan adamların ürəyindəkilər ağlındakılara  adətən qalib gəlir. Amma elə etmək lazımdır ki, sonra peşman olmayasan. Görünür, hər cürə təsadüflərə tam hazırlıqlı olmaq lazımdır. Necə bir dövrdə yaşadığımızı çox gözəl bilirsən. Qardaş, çox ağır dövrdür. Həmişə, hər şeydə mənimlə məsləhətləş. Axı mən sənin doğma ananam”. (A. Aşırlı, “Nərimanovun Kremldə qətli”).

Amma evlilik Nəcəf Nərimanova qismət olmur. 1943-cü ildə İkinci Dünya müharibəsində tankçı-zabit döyüşlərin birində həlak olur.

Dolanmaq üçün kimlərə müraciət etdi?

Tarixçi-alim Firdovsiyyə Əhmədova da Gülsüm xanımın Nərimanovun vəfatından sonrakı taleyi barədə müfəssəl danışır. Maraqlı məqam odur ki, Gülsüm xanım da həyat yoldaşı kimi 55 yaşında vəfat edir. Obrazlı desək, həyat onların ikisinə də  ən son anda qoşa beş yaza bilib:

“Gülsüm xanım Nərimanovun məişət  ağırlığını çox paylaşmalı olub. 1920-ci ilin sonundan 1922-ci ilin sonuna qədər Bakıda yaşasalar da, işlə əlaqədar yenidən Moskvaya getməli olublar. Onların birgə həyatı çox uzun çəkmir. Bilirsiniz ki, 1925-ci ilin martında Nərimanov vəfat edir. Bundan sonra onların ailə faciələri başlayır. Gülsüm xanım onun ölümündən sonra da Nərimanovun adına layiq bir ictimai fəaliyyətlə məşğul olur. Maraqlı bir məqamı deyim ki, Nərimanov 55 yaşında dünyasını dəyişib, elə Gülsüm xanımın özü də 1953-cü ildə 55 yaşında vəfat etdi.

Oğlunun ölümündən sonra Gülsüm xanım ancaq hamiliklə məşğul oldu. Uşaq evləri, əlil evləri və qocalara hamilik etməyə başladı. Bütün meylini bu işə saldı. İkinci Dünya müharibəsi başlayanda Qızıl Ordu Komitəsinin fəal üzvi kimi əsgərlərə öz ana nəvazişini göstərirdi. O bir növ bütün əsgərləri oğlu Nəcəfin timsalında görürdü. Müharibədə yaralanıb hospitalda yatanların qayğısına qalırdı.

Onun dolanışığı çox çətin idi. Hətta iş o yerə çatmışdı ki, Gülsüm xanım SSRİ Ali Sovetinin sədri Şvernikə məktub yazmışdı. Həmin məktubda məcbur olub ağır dolanışığını etiraf edirdi. Nərimanovun sağlığında onlara Kreml yeməkxanasından yemək verilirdi. Təbii ki, Nərimanov öləndən sonra bu imtiyazdan  da məhrum oldular. Özü etiraf edir ki aldığı məvacib təminatını təmin etmir. Məktubu elə bir məqamda yazmışdı ki, artıq onun ömrünün son illərində idi. Həm də dövr çox dolaşıq idi. Gülsüm xanım vəziyyətini təsvir  edəndə belə, utandığını qeyd edir. İndi görün,  onun vəziyyəti nə həddə çatır ki bu müraciəti etmək məcburiyyətində qalır. Buna baxmayaraq, o yenə də başqaları üçün əlindən gələni edirdi. Hamilər Şurasının sədri kimi qalırdı. Buradakı fəaliyyətinə görə ona gələn təşəkkürlər Nəcəf və Nərimandan sonra Gülsüm xanımı yaşadan yeganə səbəb idi”.

Modern.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.