15 C
Baku
Friday, March 29, 2024

Nağd ödənişlərə limit qoyulur

Natiq Cəfərli: “Nağdsız ödəniş edən insanların marağını artırmaq üçün müəyyən praktik addımlar atılmalıdır”

Rəşad Həsənov: “Mümkündür ki, növbəti illərdə 300 manatdan yuxarı birdəfəlik alqı-satqı əməliyyatının nəğdsiz şəkildə icra olunması məcburi tələbə çevrilsin”

Gələn ildən etibarən, müəyyən məhsul və xidmətlərə nağd ödənişlərin məhdudlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, bir sıra ölkələrin nağdsız ödənişə keçməyi stimullaşdırmaq üçün limit praktikası geniş yayılıb. Məsələn, İspaniyada 2500 avrodan artıq alış-verişi nağd pulla aparmaq mümkün deyil. Fransada bu hədd 3 min avrodur.

Azərbaycanda da analoji təcrübənin tətbiqi zəruri sayılır. İqtisadçı-ekspert Natiq Cəfərli bu qənaətdədir ki, ancaq limit qoymaq yolu ilə nağdsız ödənişləri stimullaşdırmaq çətin olacaq. Onun fikrincə, burada ilk öncə çoxsaylı pos-terminallar qurulmalı, təbliğat işi aparılmalıdır: “Nağd ödənişlərin məhdudlaşması və elektron vasitəsilə ödənişlərin həyata keçirilməsi kölgə iqtisadiyyatının azaldılması, dövriyyənin dürüstlüyü, vergidən yayınmağın qarşısını almaq üçün çox önəmlidir. Sadəcə olaraq, Azərbaycanda nağd ödənişə limit qoyulması addımını atmamışdan öncə, ciddi infrastruktur qurulmalıdır.

Avropa ölkələrində hətta köşkdən qəzeti, nəqliyyat xidmətlərini də kartla ödəmək imkanı vardır. Yəni elə bir ticarət nöqtəsi yoxdur ki, orada kartla ödənişi həyata keçirməkdə bir məhdudiyyət olsun. Lakin Azərbaycanda təəssüf ki, böyük mağazalarda pos-terminallar qurulsa da, buna rəğmən, elektron kartla ödəniş vəziyyəti çox aşağı səviyyədədir. Ona görə də adminstrativ yollarla nağd ödənişlərin qarşısını almaqdansa, infrastrukturun qurulması daha məqbul variantdır. Bütün ticarət və iaşə xidmətlərində pos-terminalların qurulması başa çatdırılmalıdır. Bu istiqamətdə regionlarda vəziyyət bərbaddır. İnsanları adminstrativ yolla buna yönləndirmək çətin olacaq. Ona görə də müəyyən təşviq proqramları həyata keçirilməlidir. Mərkəzi Bank, plastik kartlarla bazarda fəaliyyət göstərən kommersiya bankları bunu iki yolla həyata keçirə bilər. İnsanların bilgilənməsi üçün televiziyalarda sosial çarx və reklamların göstərilməli, müzakirələr təşkil edilməlidir.

Nağdsız ödəniş edən insanların marağını artırmaq üçün müəyyən praktik addımlar da atılmalıdır. Məsələn, Gürcüstanda pos-terminallardan aldıqları çeklərdən vətəndaşlar lotereya bileti kimi istifadə edirdilər. Belədə insanlarda nağdsız ödəniş etməklə, çekləri yığmaq və həftə sonu keçiriləcək lotereya oyununda bəxtlərini sınamaq vərdişi formalaşdı.

Bunu Azərbaycanda da təşviq etmək lazımdır. Yalnız bundan sonra hansısa bir məhdudiyyətlərin qoyulmasından söhbət gedə bilər. Ancaq məhdudiyyətin, limitlərin qoyulması yolu ilə isə prosesin inkişafı çətin olacaq”.

Ekspert Rəşad Həsənov nağd ödənişlərə limit qoyulması təcrübəsinin ölkəmizdə də tətbiqini mümkün hesab etdi: “Nağd ödənişlərin həcminin artırılması növbəti 5 il üçün Mərkəzi Bankın qarşısında dayanan vəzifələrdən biridir. Mərkəzi Bank bununla bağlı 5 illik proqram da hazırlayıb. Dünya təcrübəsi də göstərir ki, hazırda inkişaf etmiş ölkələr nağd dövriyyədən kifayət qədər az istifadə edir. Nağdsız dövriyyə vergidən yayınmanın qarşısını almaq yolunda başlıca vasitədir. Belə ki,nağdsız şəkildə həyata keçirilən dövriyyə avtomatik olaraq dövlət qurumları tərəfindən qeydiyyata alınır. Digər tərəfdən, nağdsız ödəmələrin sosial üstünlükləri də var. Vətəndaşlar bu halda üzərlərində nağd vəsait daşımır. Bu da onun təhlükəsizliyinin daha güvənli şəkildə qorunmasına imkan yaradır. Nağd ödənişlərə yuxarı limitin tətbiqi son zamanlar Rusiyaya da istifadə olunur.

Azərbaycanda da mümkündür ki, növbəti illərdə 300 manatdan yuxarı birdəfəlik alqı-satqı əməliyyatlarının nağdsız şəkildə icra olunması məcburi tələbə çevrilsin. Bu addımın atılması nəğdsiz dövriyyənin inkişafına müsbət təsir edə bilər. Amma bununla kifayətlənməməli, bu istiqamətdə stimullaşdırıcı addımlar da atılmalıdır. Maraqlı tərəflərin, xüsusən də istehlakçıların təşviqi istiqamətində işlər görülməlidir. Türkiyədə nağdsız şəkildə həyata keçirilən dövriyyənin çeki yenidən dövlət qurumlarına təqdim edilir. Bu zaman onlara həmin dövriyyənin 15 faizi qədər dövlət tərəfindən kompensasiya ödənilir.

Bu da vətəndaşların vəsaitlərindən daha səmərəli istifadə etmələrinə, eyni zamanda, sanki əlavə gəlir mənbəyi olaraq da onları prosesə təşviq edir. Burada maraqlı üçüncü tərəf sahibkarlardır. Hazırkı şərtlər daxilində nağdsız dövriyyənin vergiyə cəlb edilməsi sahibkarlar üçün əlavə xərclər deməkdir. Hansısa formada bu problem də həll olunmalıdır.

Təklif etmişik ki, vergi ödəyiciləri üçün ikili bəyannamələr tətbiq edilsin və bu nağd və nağdsız dövriyyə şəklində xarakterizə olunsun. Nəğdsız dövriyyəyə daha az vergi qoyulsun, hətt 1-2 il müddətinə vergidən azad edilsin. Vətəndaşlarda nağdsız ödəmə vərdişi formalaşdıqdan sonra, nəhayət həmin dövriyyənin də vergiyə cəlbi mümkündür. Belədə kölgə iqtisadiyyatına da ciddi zərbə vurula bilər”.

Movqe.az

Son xəbərlər
Digər xəbərlər