12 C
Baku
Thursday, March 28, 2024

Bakının Baş Planınına yenidən baxılır

“2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı (Baş plan) layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.

Bununla belə, Bakı şəhərinin Baş planı üzərində iş tam başa çatdırılmayıb, onun Azərbaycan Respublikasının Hökuməti tərəfindən təsdiq olunması təmin edilməyib”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər.

Rəsmi məlumata görə, hazırkı mərhələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı (Baş plan)” layihəsinin qiymətləndirilməsinin və son illərdə reallaşdırılmış şəhərsalma layihələri ilə əlaqədar aktuallaşdırılmasının təşkili nəzərdə tutulur: “Növbəti müddət ərzində sənədin yenilənməsi və müvafiq təşkilatlarla əlavə razılaşdırılması işi aparılacaq. Bu prosesə yerli mütəxəssislərlə yanaşı, nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır”.

Bildirilib ki, “Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb.

Qeyd edək ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Yeni Baş Plan – “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.

Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu iradlardan sonra Komitə layihəyə yenidən baxılacağını bildirmişdi.

Qeyd edək ki, bu ilin aprelində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Samir Rafiq oğlu Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib. S.Nuriyev bu təyinatadək Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb. 2018-ci ilin fevralında sədr Abbas Ələsgərov vəfat etdiyindən Komitə rəhbərsiz qalmışdı.

Son xəbərlər
Digər xəbərlər