Nazirlikdən “Azercell”in səhmlərinin alınmasına dair rəsmi açıqlama

Payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır. “Azertel” Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.

“Fintur Holdings B.V.” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB” açıq səhmdar cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell İletişim Hizmetleri A.Ş” səhmdar cəmiyyətidir. “Fintur Holdings B.V.” şirkətinin əsas səhmdarı olan “Telia Company AB” özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən həmin proses “Telia Company AB” şirkətinin Azərbaycan bazarından çıxmağını şərtləndirir. Azərbaycan telekommunikasiya bazarında “Azercell” tərəfindən keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın, sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC Telia Company AB” və “Turkcell İletişim Hizmetleri A.Ş” şirkətləri ilə müzakirələr aparılmış və “Fintur Holdings B.V.” şirkətinin “Azertel” şirkətində paylarının “AzInTelecom” MMC tərəfindən satınalınması barədə razılıq əldə edilmişdir. Beləliklə, sözügedən müqavilənin imzalanması ilə “AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə etmişdir.

“AzInTelecom” MMC tərəfindən alınmış səhmlər üçün ödənilmiş qiymət “Azercell Telecom” MMC-nin qiymətləndirilməsi üçün cəlb edilmiş  “Ernst & Young” şirkətinin müəyyən etdiyi qiymət çərçivəsinə uyğundur.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada “AzİnTelecom”un “Azercell”də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, “AzİnTelecom” “Azercell”in iştirakçısı qalacaq və “Azercell Telecom” MMC-də korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni nəsil texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətini daha da artırmaq niyyətindədir. Bu da, şübhəsiz, “Azercell Telecom” MMC-nin müştərilərinin və işgüzar tərəfdaşlarının şirkətə inamının artırılmasına xidmət edəcəkdir.

“AzInTelecom” MMC “Azercell”  səhmlərinin nəzarət zərfini alır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın telekommunikasiya operatoru “Azercell Telecom”un səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı bu gün müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “AzInTelecom” MMC ümumi dəyəri 221,687,392.12 AVRO olan “Azercell” səhmlərin 51.3%-ni əldə edir.

“AzInTelecom” “Azercell” səhmlərinin nəzarət zərfini əldə etməklə mobil rabitə xidmətlərinin keyfiyyətini yüksəldəcək və yeni nəsil şəbəkə xidmətlərini tətbiq edəcəkdir.

Səhmlərin nəzarət zərfinin alınması Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətyönümlü inkişafını prioritet hədəf kimi müəyyən edən dövlət siyasətinə uyğun həyata keçirilir.

📝 RƏY BİLDİR