24 C
Baku
Friday, April 26, 2024

Neft təlatümü Norveçi də bürüdü: maaşlar azaldı, işçilər tətilə hazırlaşır

Neftin qiymətinin ucuzlaşması ilə başlayan iqtisadi təlatüm indiyədək dünyanın ən uğurlu neft ölkəsi hesab edilən Norveçi də bürüyüb.

Bu ölkədə hasilatçı şirkətlər işçilərin əmək haqlarını azaltmağa hazırlaşır, neftçilər isə buna cavab olaraq tətillə hədələyir.

Norveçdə hasilatla məşğul olan şirkətlər uzun illərdən bəri mövcud olan ənənəni ilk dəfə pozublar və elan ediblər ki, bu il əmək haqlarının indeksasiyası aparılmayacaq. Üstəlik şirkətlər xəbərdarlıq ediblər ki, əmək haqlarının 22 faizə qədər azaldılması planlaşdırılır. Hasilatçı şirkətlər bunu neftin qiymətinin ucuzlaşması ilə bağlı üzləşdikləri maliyyə çətinlikləri ilə əsaslandırıb.

Norveçdə neft gəlirləri ÜDM-in 25 faizini təşkil edir və gəlirlərin azalmasına görə bu ölkə 20 ildə ilk dəfə ehtiyat fonddan istifadə etməyə başlayıb. Yerli siyasətçilər Norveç iqtisadiyyatında “tammiqyaslı böhranın başladığı” haqda danışırlar. Əgər neft-qaz sektorunun işçilərinin kütləvi tətili başlasa bu böhran daha da dərinləşəcək.

Mayın 30-da neft-qaz sənayesi işçilərinin həmkarlar təşkilatlarının nümayəndələri ilə hasilatçı şirkətlər arasında əmək haqlarına dair danışıqlar olmalıydı. Lakin danışıqlara iki gün vaxt nəzərdə tutulsa da görüş başlayandan cəmi 1 dəqiqə sonra kəsilib. “Bloomberg” agentliyinin məlumatına görə buna səbəb tərəflərin mövqeləri arasında kəskin ziddiyət olub.

“Müzakirələr başlamadan dalana dirəndi. Yanaşmalardakı fərq həddən artıq aydındır. Dərhal dövlət tərəfdən vasitəçi ilə görüş təşkil etmək lazım idi”-Norveçin neft sənayesinin 7.5 min işçisindən 4 minini birləşdirən həmkarlar təşkilatı “İndustry Energi”nin lideri Leyf Sande bildirib. Bundan əvvəl mayın əvvəllərində qazma qurğularında və sahil terminallarında işləyən neftçilərin şirkətlərlə danışıqları da baş tutmamışdı.

144748 src

Leyf Sande deyir ki, şirkətlər bazarda mövcud olan mürəkkəb situasiyadan istifadə edərək işçilərin əmək haqlarının indeksasiyası ənənəsini pozurlar.

Norveç mətbuatının yazdığına görə ötən il şirkətlər əmək haqlarını razılaşdırıldığı kimi 3.3 faiz deyil, cəmi 2.5 faiz artırıblar. Bu il isə şirkətlərdən heç biri əmək haqlarını artırmağa hazır deyil. “Statoil”, BP, ConocoPhillips kimi iri şirkətlərin nümayəndələri isə deyiblər ki, onların əmək haqlarını artırmaq imkanı yoxdur. Çünki xərclərin ixtisarı hələ neftin ucuzlaşmasından əvvəl planlaşdırılmışdı.

Həmkarlar xəbərdarlıq edirlər ki, əgər şirkətlər onların tələblərini yerinə yetirməsə işçilər qismən tətilə başlayacaq. 2012-ci ildə Norveçdə neft sənayesi işçilərinin tətili ölkədə neft hasilatının 13 faiz azalmasına səbəb olmuşdu.

Xəbərlərə görə Norveçdə əmək haqlarından təkcə neft-qaz sənayesinin işçiləri narazı deyil. Dövlət təşkilatlarında və özəl sektorda işləyənlər də gözlədikləri maaş artımını ala bilməyiblər.

Analitiklər hesab edir ki, əgər Norveçdə neft sənayesi işçilərinin tətili başlasa bu, əslində hasilatçı şirkətlərə sərfəli ola bilər. Çünki tətil xəbərlərinin təsiri altında birjalarda neftin qiyməti artacaq. Onsuz da neftin qiymətində son vaxtlar yavaş templə də olsa artım baş verir. İlin əvvəlinə nisbətən “Brent” markalı neft az qala iki dəfə baha satılır. Hərçənd ki, indiki qiymət də hasilatçı şirkətlər və neft ölkələri üçün aşağı hesab edilir.

VirtualAz

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər