26 C
Baku
Friday, April 19, 2024

Ödəmə zamanı pullar terminalda “itkin” düşərsə…

Cəlilabaddan Seyidov Ceyhun Ağalı oğlu mətbuata müraciət edərək bildirib ki, onun rayonda MilliÖn terminalında ödəmə zaman terminala daxil etdiyi 260 manat pulu göyə sovrulub:

 “Noyabrın 17-də Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən “Real Market”dəki MilliÖn ödəmə terminalından istifadə etdim. Saat təqribən 13.00-13.30 radələrində. Bank xidmətləri bölməsində “Respublika Bankı” üzrə ödəniş 260 manat ödəniş etdikdən sonra elektrik enerjisinin verilişi kəsildi. 2-3 dəqiqə sonra enerji verilişi bərpa edilsə də, mənim ödəmə terminalına daxil etdiyim 260 (iki yüz altmış) manat məbləğində pul hec bir yerə köçürülmədi, aparatdan heç bir qəbz də çıxmadı. Qeyd olunan *0010 nomrəsinə isə gün ərzində dəfələrlə zəng etsəm də, faydası yoxdur, nömrə işlək deyil. Xahiş edirəm, mənə kömək edin. Mən kredit ödəməliyəm. Pul isə MilliÖn-ün ödəmə terminalında qalıb”.
Məsələ ilə bağlı “MilliÖn” terminalları şəbəkəsinin operatoru – “Komtec” MMC-nin Kommersiya Departamentinin korporativ ünsiyyət vasitələri və ictimaiyyətlə əlaqələr üzrə qrup rəhbəri Ülviyyə Əfəndiyeva Milli.Az-a bildirib ki, bu məsələ mütləq araşdırılacaq və 2-3 iş günündə, xüsusi araşdırılma tələb edilərsə, maksimum 5-6 günə həllini tapacaq:
“Biz müştəri ilə əlaqə saxlayacaq və bu şəxsin həqiqətən də ödəniş edib-etməməsini sistem üzrə yoxlayacağıq. Müştərilər bilsinlər ki, terminala pul daxil edilibsə, əməliyyatın tamamlanmamasından, qəbzin çıxmamasından asılı olmayaraq, mütləq sistemdə qeydiyyata düşür və heç zaman itmir.
İndiki halda da, əgər müştəri ödəniş edibsə, bu, bizim sistemdə qeydiyyata düşməlidir. Ödəniş olubsa və əməliyyat tamamlanmayıbsa, adətən bununla bağlı texniki şöbə araşdırma aparır və problemi həll edir. Əgər araşdırmada ciddi problem yoxdursa, belə məsələlər adətən 2-3 iş günü ərzində, əgər daha ciddi araşdırma tələb olunursa, ən uzağı, 5-6 günə öz həllini tapır”.
Qrup rəhbəri şirkətin telefon nömrələrinin işləməməsinə də ayınlıq gətirib: “Həm *0010 nomrəsi, həm də ofis nömrələrində problem ola bilər. Bu, 2 gün əvvəl “Delta Telekom”da baş vermiş yanğın, nəticədə yaranmış problemlə əlaqəlidir. Əgər əlaqə problemi varsa, bu halda müştərilər bizim e-mail və ya facebook ünvanlarımıza yazıb rastlaşdıqları problem barədə məlumat verə bilərlər”.
Son xəbərlər
Digər xəbərlər