Ölkədə işdən qovulan işçilərin hüquqlarını kim qorumalıdır?

Dünən böyük marketlərdən birinin kassası qarşısında qışqıran əsəbi bir qadının səsi hər kəsin diqqətini çəkirdi. Kassa qarşısında böyük növbənin olmasına baxmayaraq yalnız bir kassir işləyirdi, digər iki kassanın işçilərinin çay içdiyi bildirilirdi. Təbii ki, işdən çıxıb alış- veriş edərək evinə getmək istəyən yorğun insanları bu hal özündən çıxartmaya bilməz. Amma, məsələyə bir də market işçilərinin tərəfindən baxanda onlara da haqq verməmək olmur. Çünki marketlərdə iş saatı səhər 8-dən axşam 12 -yə qədər davam edir.

Çox az maaş müqabilində uzun iş saatına qatlaşmalı olan market işçisinin də verilən 5 dəqiqəlik fasilələri dəyərləndirməsi normaldır. Görünən odur ki, Azərbaycanda özəl sektorda insanların əmək hüquqları pozulur. Haqqını tələb edən işçinin isə müdiriyyətindən aldığı cavab budur.”Bəyənmirsən gedə bilərsən?”. Çünki Azərbaycanda işsizlik səviyyəsi yüksək olduğu üçün işəgötürən ucuz işçi qüvvəsi tapacağına əmindir.

Azərbaycanda əmək hüquqlarına əsasən işdən çıxarılmalı olan, ixtisar edilən işçiyə ən az bir ay öncədən xəbərdarlıq edilir. İki aylıq əmək haqqı miqdarında da kompensasiya ödənilir. Əgər təbii ki işçiylə əmək haqqı müqaviləsi bağlanılıbsa.

 

“Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının fikrinə görə, Azərbaycanda əmək müqavilələrinin bağlanmaması insanların çətin şərtlər altında işlədilməsinin ilk səbəbidir:” Əmək müqaviləsi işə götürəni işçi qarşısında məsuliyyətli edir. Qanunvericiliyə əsasən gündəlik iş saatı 8 saatdır, həftədə 40 saatdan çox olmamalıdır. Şənbə, bazar günləri, əlavə iş saatlarına görə, bayram günləri işləməyə görə əlavə ödəniş edilməlidir. Bu qanun Azərbaycan ərazisində fəaliyyət göstərən bütün yerli və xarici şirkətlərə şamil edilir. Əmək qanunvericiliyinin pozulması faktları əvvəllər həmkarlar təşkilatları tərəfindən tənzimlənirdi, indi isə həmkarlar demək olar ki, ölüb. Bu məsələ Əmək Müfətişşliyi tərəfindən tənzimlənməlidir. Əgər vətəndaş hüqularının müdafiəsi üçün Əmək Müfətişşliyinə müraciət etsə, müfəttişlik də işə götürəni sıxışdırsa bu hamıya görk olardı, cərimələr tətbiq edilən sahibkar və ya işə götürən işçinin hüquqlarının qorunmasına diqqət göstərərdi.Təəssüflər olsun ki, ölkəmizdə bu məsələyə nəzarətlə məşğul olan QHT-lər lazımi səviyyədə fəaliyyət göstərmirlər”.

Əmək Müfəttişliyindən verilən məlumata görə, “Artıq əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi 2014-cü il iyulun 1-dən istifadəyə verilib. Yəni bundan sonra bağlanan hər bir əmək müqaviləsi, əmək müqaviləsinə edilən dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyatdan keçməsindən və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minib.

Artıq işəgötürənlər tərəfindən EİS-ə əmək müqaviləsi bildirişlərinin daxil edilməkdə olur, bu proses daim nəzarətdə saxlanacaq və əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə biganə yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlər görüləcək.

İlhamə Rəsulova