13 C
Baku
Friday, April 19, 2024

Ölkədə bankların kredit portfeli limitləşdirilə bilər – MM-in KOMİTƏ SƏDRİ

Azərbaycanda bankların qarşısında regionlara kreditlərin ayrılması ilə bağlı tələblər qoyula bilər. Fins.az-a istinadən bu məlumatı Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, bu addım ölkə iqtisadiyyatının tarazlı inkişafı üçün lazımdır: “Biz tarazlığı iqtisadiyyatda qorumağa çalışırıq. Bank kreditlərinin də strukturu  real sektora xidmət etməlidir. Biz bütün kreditləri istehlaka yönəltsək, real sektor necə inkişaf edə bilər. Real sektora ucuz və güzəştli kreditləri verilməlidir ki, onlar rəqabət qabiliyyətli məhsul istehsal edə bilsin və yeni iş yerləri aça bilsinlər“.

Komitə sədrinin sözlərinə görə bankları real sektora və regionlara kredit qoymağa həvəsləndirmək üçün müəyyən adımlar atılmalıdır: ” Mən təklif edirəm ki, kreditlərdə regionların payı artsın, məsələn bankların qarşısında bununla bağlı limitlər qoyulmalıdır. Gələcəkdə belə limitlər müəyyən müddətə qoyula bilər. Yəni limit qoyulmalıdır ki, kredit portfelinin ən azı müəyyən hissəsi regionların payına düşməlidir“.

Z.Səmədzadə istehlak kreditləri ilə bağlı da müəyyən limitlərin qoyulmasının tərəfdarıdır. Qeyd edək ki, bu sahədə oxşar addımlar Türkiyədə atılıb – bu ölkədə müxtəlif təyinatlı istehlak kreditləri ilə bağlı yeni qaydalar tətbiq edilib. Bu qaydalar kreditlərin həddən artıq uzun müddətə verilməsinin, eləcə də insanların kreditlə həddən artıq yüklənməsinin qarşısını alır. Komitə sədrinin sözlərinə görə, bu təcrübədən Azərbaycan da istifadə edə bilər.

Qeyd edək ki, bir qədər əvvəl ölkədə istehlak kreditlərinin, o cümlədən avtomobillərin alınması üçün kreditlərin həcmi məhdudlaşdırılıb. Bu məhdudiyyət banklar və avtomobil salonları ilə yanaşı sığorta şirkətlərinin də işinə təsir edib.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.