8 C
Baku
Thursday, March 28, 2024

Ölkənin 10 Bankı bağlanacaq

Son günlər mətbuatda müxtəlif banklarla bağlı məlumatlar yer almaqdadır. Xüsusilə ilin sonunda “Bank of Azerbaijan”nın timsalında bir neçəsinin bağlanacağı da bildirilir.

Bu və digər istiqamətdə suallarını iqtisadçı-ekspert Samir Əliyev cavablandırıb.

Bank sektorunda nə baş verir?

Əvvəla, bankların sayı çoxdur. Bununla belə, bazarda faktiki 20-25 bank işləyir. Həmin bankların bazar payı 90 faiz təşkil edir. Yerdə qalan bankların bazar payı 10 faizdən də aşağıdır. Bankların sayının çoxluğu bazarda rəqabət mühiti yaratmalıdır. Amma Azərbaycanda əksinədir. 2014-cü il bank sektoru üçün çətin olacaq. Rəsmi məlumata görə, 6 bank faktiki bağlanmaq prosesindədir. Bağlanması ehtimal olunan bankların sayı 10-na çata bilər. Bunlar daha çox avtomobil krediti və istehlak krediti üzrə ixtisaslaşan, eləcə də nə işlə məşğul olduqları sirr kimi qalan kiçik banklar ola bilər.

Mərkəzi Bank kommersiya banklarının vəziyyəti ilə bağlı şərhlərində daha çox birləşmədən danışır. Hazırda isə bankların birləşməsi deyil, müflis olması prosesi müşahidə edilir.

Mərkəzi Bankın birləşmə ilə bağlı təklifi müsbət qarşılanmadı. Heç bir addım atılmadı. O səbəbdən də bank inzibati rıçaqlardan istifadə etməyə başladı. Bunlardan biri məcmu kapitalın artırılması ilə bağlı idi. 2012-ci ilin ortasında məcmu kapitalla bağlı tələb 10 milyon manatdan 50 milyon manata qaldırıldı. Bu çox radikal addım idi. Hələ o zaman deyirdik ki, verilən müddət – 1 il yarım azdır. Baxmayaraq, MB bunun əksini iddia edirdi. Amma sonradan bizimlə eyni fikrə gəldi və müddəti uzatdı. Mərkəzi Bank məcmu kapitalla bağlı tələbin müddətini uzatmasaydı, bağlanan bankların sayı 18 bank olacaqdı.

Həmin say azalıb indi?

Xeyr,15 bank hələ də Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinə cavab vermir. Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinin arxasında bank sektorunun gücləndirilməsi ilə yanaşı, bankların sayının azaldılması dayanır.Digər tərəfdən, ilin əvvəlində Mərkəzi Bank istehlak kreditlərinin şərtlərini ağırlaşdıraraq məhdudiyyət qoydu. Avtomobil kreditlərinin verilişini dayandırdı. İki ay avtomobil krediti verilmədi. Bütün bunlar bank sektorunda öz təsirini göstərməli idi. Statistika da göstərir ki, 2013-cü ilin yekununda 5 bank zərərlə işləyirdisə, Mərkəzi Bankın son addımından sonra zərərlə işləyən bankların sayı doqquza yüksəlib.

Son prosesləri Mərkəzi Bankın konsolidasiya tədbirləri adlandırmaq olar ?

Bazar kiçik olduğundan müştəri kontingenti məhduddur. Bu səbəbdən də xidmətlərin dəyəri baha başa gəlir.Hazırda müştəri üzrəində bir növ rəqabət gedir. Bunun da çıxış yolu bəzi bankların sıradan çıxarılması ola bilər.

O halda “Bank of Azerbaijan”da baş verənlər də bu qəbildəndir?

Zərərlə işləyən 9 bankdan biri “Bank of Azerbaijan”dır. Mərkəzi Bankın son addımları “Bank of Azerbaijan”da uzun müddət mövcud olan problemin üzə çıxmasına şərait yaratdı. Yəni xəstə insanın xəstəliyi daha tez üzə çıxdı. “Bank of Azerbaijan” da problem var və bunu özləri də etiraf edirlər. Bu problemlər idarəçilikdən doğan məsələlərdir. Əvvəla, kredit risklərini düzgün qiymətləndirməyiblər. Korporativ idarəetməni düzgün aparmayıblar. Bankın məxsus olduğu şəxslərin şirkəti uğursuzluğa düçar olub. Hansı ki “Bank of Azerbaijan” öz kreditlərini əsasən bu şirkətlərin maliyyələşdirməsinə yönəldirdi. Bank qanunvericiliyində də bildirilir ki, banklar riskdən qaçmaq üçün kredit verdiyi müştərilərin diversifikasiya aparmalıdır. Böyük həcmdə krediti eyni qrupa yönəltmək olmaz. Şirkət müflis olacağı təqdirdə bank sektoruna təsir göstərir. “Bank of Azerbaijan”nın düşdüyü situasiya məhz eynidir. Bankın xilası üçün üç yol var. Birincisi, borcları qaytarıb, yoluna davam etmək üçün pul tapmalıdır. Bu da nəzəri cəhətdən mümkün olsa belə, reallıqda az inandırıcıdır. Digəri bağlanma, üçüncü birləşmədir.

“Bank of Azerbaijan” hansısa banka birləşdirilə bilər?

Hansı bank razı olar ki, problemli bankın öhdəliklərini üzərinə götürsün? Bir də bu, bankdakı problemin dərinliyindən asılıdır. Problem dərindirsə, çıxış yolu ya bağlanmaq, ya da borc almaqdır. Borcu da tapmaq təsisçilərin öhdəliyidir. Bankın bağlanmasının zərbəsi ümumilikdə əmanətçilərə və sektora dəyəcək.

Ölkədə 2 ay avtomobil krediti verilmədi. Demək olarmı ki, ilin sonuna zərərlə çıxan banklar arasında avtomobil krediti üzrə ixtisaslaşanlar daha çox olacaq?

Bu mümkündür. Sirr deyil ki, bəzi banklar avtomobil krediti üzrə ixtisaslaşıblar. Kreditlərin 2 ay müddətinə dayandırılması həmin şirkətlərə çox böyük zərbə vurub. Xüsusilə nəzərə alsaq ki, həmin banklar tərəfdaş olduqları avtomobil şirkəti ilə eyni holdinqə tabedirlər. Yəni həmin şirkətlər bir tərəfdən avtomobil satır, digər tərəfdən kredit verib qazanırdılar. Avtomobil kreditləri dayandırıldığı zaman onlar bunun ikisindən də məhrum oldular.

Hazırda avtomobil kreditləri 50 faiz ilkin ödənişlə həyata keçirilir.

Kreditlər bərpa olunsa da, şərtlər ağırlaşdırılıb. Köhnə avtomobillərin kreditlə satışı əhəmiyyətini itirib. Təzə avtomobillərə gəlincə, 40-50 faizdir. Nəzərə alsaq ki, qiymətlər bahadır 40-50 faizə insanların maddi gücü çatmır. Bir sözlə ağırlaşdırılmış yeni şərtlərin nəticəsində əvvəlki şatışı bərpa edə bilmədilər.

Əvvəldə nə işlə məşğul olduqları bilinməyən kiçik banklardan bəhs etdiniz. İpoteka Fondunun statistik məlumatlarına nəzər yetirəndə diqqəti çəkən bazar payı kiçik olan bankların daha çox kreditləşmə həyata keçirmələridir.

İpoteka Fondu müvəkkil bankları seçir. Həmin banklar vasitəsilə kreditləşməni həyata keçirir. İri banklar bu prosesdə iştiraka ona görə çox meyil etmirlər ki, ipoteka kreditləri üzrə gəlirlik səviyyəsi aşağıdır. Düzdür, hazır ucuz resursdur. Lakin böyük gəlirlər haqqında düşünən iri banklara bu sərf etmir. Nəzərə alsaq ki, kiçik bankların resurs tapması çətindir, yəni xaricdən resurs cəlb edə, Mərkəzi Bankdan kredit götürə bilmirlər. Onların mənbəyinin 70 faizini əmanətlər, 30 faizini kapitallarındakı pul təşkil edir. Belə banklar aşağı faizlə də olsa, hazır resursu götürüb kredit verməyə meyillidirlər.

Publika.az

Son xəbərlər
Digər xəbərlər