8 C
Baku
Thursday, March 28, 2024

OPEC+ ölkələrinin nümayəndələri bu gün Vyanada toplaşacaq

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsi sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada iclas keçirəcək.

Toplantıda Liviya və Nigeriyanın da iştirakı nəzərdə tutulur. OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri neft bazarının yenidən balanslaşdırılmasının təmin olunması üçün bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını nəzərdən keçirəcəklər. İclasda istehsal kvotasının daha bir faiz azaldılması məsələsinin müzakirə edilməsi də planlaşdırılır.

Rusiyanın energetika naziri Aleksandr Novak isə deyib ki, kotirovkalarda 1 faiz azalma üçün heç bir rəsmi tələb və ya müraciət yoxdur. Lakin Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ gündəmə gələrsə müzakirə edilə bilər.

Qeyd edək ki, avqustda OPEC-in neft istehsalının azaldılması üzrə sazişə əməletmə səviyyəsi 82 faizə çatıb. Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Cari ilin avqust ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 734,8 min barrel olub. Bunun 704 min barrelini xam neft, 30,8 min barrelini kondensat təşkil edib. Gündəlik 617,6 min barrel xam neft, 30,8 min barrel kondensat, 6,6 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib. Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda isə 796,7 min barrel olub.

Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Sazişə daha bir ölkə qoşula bilər

Nigeriya Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələr ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişə gələn il mart ayının sonunadək qoşula bilər.

AZƏRTAC Bloomberg.com-a istinadla xəbər verir ki, bu barədə Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu deyib.

E.İ.Kaçikvunun sözlərinə görə, Nigeriya neft istehsalı gündəlik 1,8 milyon barrel – stabil həddə çatdıqdan sonra OPEC-in sazişinə qoşula bilər. Nazir qeyd edib ki, ölkədə neft istehsalının həcmi dəyişkəndir.

OPEC-in hesabatına görə, Nigeriya avqustda gündəlik neft hasilatını 138 min barrel artıraraq 1,86 milyon barrelə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər