Opel yeni dizayn üslubunu təqdim edib

Opel və Vauxhall markalarının yeni modellərinin seçilən üslub elementlərindən biri Vizor adlanan element olacaqdır. Vizor özündə radiator barmaqlığını və fənərləri bir blokda birləşdirəcəkdir. Bu element növbəti nəsil Corsa hetçbekində debüt edəcəkdir.

Yeni üslub elementi Rüsselshaymda yerləşən Opel dizayn mərkəzinin əməkdaşları tərəfindən hazırlanıbdır. Bu element Opel markasının PSA Peugeot Citroen qrupunun tərkibinə daxil olmasının simvoluna çevrilməlidir. Fransız qrupu gələcək modellərində “saflıq və səlislik“ konsepsiyasını tətbiq edəcəyini bildirib.

Vizor konsepsiyası ilə birlikdə Opel mütəxəssisləri Pure Panel adlandırılan və tamamilə şüşədən hazırlanmış yeni cihazlar panelini də yaradıblar. Alman markasının şef-dizayneri Mark Adamsın sözlərinə görə, onun komandasının qarşısında mürəkkəb üslub elementlərindən yaxa qurtarmaq və “saflığı” ön plana çıxarmaq vəzifəsi dayanırdı.

(Autograph.az)