Orta aylıq əmək haqqı 10 qəpik artıb – SON AYDA

2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 541,1 manat olub. Məlumat üçün bildirək ki, ötən ay ərzində 541,0 manat həcmində idi.

Bu barədə banker.az Dövlət Statistika Komitəsinə istinadın xıbır verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1546,2 min nəfər olmuş, onlardan 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 21,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.