26 C
Baku
Sunday, June 16, 2024

Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Tədbirdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2023-cü il ölkə tarixində əldə edilən tarixi uğurlarla yadda qalıb. Qeyd edilib ki, qazanılan qələbələrin təmin olunmasında iqtisadi və maliyyə çevikliyi müstəsna rola malikdir.

T.Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 123 milyard manat təşkil edib. Adambaşına ÜDM real ifadədə 0.5 faiz artaraq 12.1 min manat olub. Qeyri-neft-qaz sektoru üzrə real artım tempi 3.7 faiz, neft-qaz sektoru üzrə real artım tempi 1.7 faiz müşahidə olunub. Neftin qiyməti 2023-cü ilin büdcə zərfində 60 dollardan götürülsə də, “Azerilight” neftinin bir barelinin orta illik qiyməti 86.1 dollar olub. Əhalinin nominal gəlirləri 12.8 faiz artaraq 78.1 milyard manat təşkil edib. Hesabat ilində ixrac 27.6 milyard dollar, idxal 17.3 milyard dollar, müsbət saldo 10.3 milyard dollar olub. Məcmu valyuta ehtiyatları 17.1 faiz artaraq 68.5 milyard dollara çatıb.

Komitə sədri qeyd edib ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4 faiz çox, dövlət büdcəsinin xərcləri 36 milyard 457,9 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1 milyard 221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olub. Hesablama Palatası tərəfindən dövlət büdcəsi gəlirlərnin 97.8 faizini, xərclərinin isə 85.5 faizini əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla üzləşməsi aparılıb. İşğaldan azad edilmiş ərazilər üçün ayrılan 4.8 milyard manat vəsait tam icra edilib.

Sonra maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatı təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat 2023-cü ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin habelə dövlət proqramlarının, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icra göstəriciləri, il ərzində dövlət borclanmasına və borclara xidmətə dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.

S.Şərifov vurğulayıb ki, 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımlar inflyasiyanın birrəqəmli səviyyəyə enməsini şərtləndirib. 2023-cü il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft/qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Ötən il ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri olan işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, Böyük qayıdışın təşkili istiqamətində işlərin sürətlə davam etdirilməsi, dövlətin milli təhlükəsizliyinin və müdafiəsinin möhkəmləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman, infrastruktur layihələrinin reallaşması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcuna xidmət edilməsi, beynəlxalq təşkilatlara üzvlük haqqının ödənillməsi və digər zəruri dövlət vəzifələrinin icrası üçün tələb olunan məbləğdə maliyyə təminatı yaradılaraq bu tədbirlərin həyata keçirilməsi təmin edilib.

Bildirilib ki, hesabat dövründə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsinə yönələn büdcə vəsaitlərinin işarələnməsi istiqamətində də işlər görülüb. Belə ki, ölkə üzrə qəbul olunan dövlət proqramları və strategiyaları DİM-lərə uyğunlaşdırılıb, habelə bu istiqamətdə xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə uyğun olaraq Prezident tərəfindən təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edilib.

2023-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 338,9 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 30,5 faizi həcmində və ya 11 milyard 124,2 milyon manat məbləğində vəsait sərf olunub ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 499 milyon manat və ya 15,6 faiz çoxdur.

Diqqətə çatdırılıb ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 1 milyard 392,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2023-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 19,9 faizi həcmində və ya 7 milyard 246,9 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 560,5 milyon manat və ya 27,4 faiz çoxdur.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5 milyard 581,6 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 4 milyard 800 milyon manatı və ya 86 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 138,9 milyon manatı və ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.

Bildirilib ki, 2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 734,3 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1 milyard 221,5 milyon manat təşkil edib (proqnoza nisbətən 1512,8 milyon manat və ya 55,3 faiz az). Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd azdır.

Nazir, həmçinin 2023-cü il icmal büdcəsinin gəlir və xərclərinin əsas istiqamətləri üzrə icrası barədə də məlumat verib. Qeyd olunub ki, ötən il icmal büdcənin gəlirləri 43 milyard 60,1 milyon manat proqnoza qarşı 6 milyard 988,9 milyon manat və ya 16,2 faiz çox icra edilməklə, 50 milyard 49 milyon manat təşkil edib. İcmal büdcənin xərcləri 41 milyard 269,8 milyon manat proqnoza qarşı 921,7 milyon manat və ya 2,2 faiz az icra edilsə də, 2022-ci illə müqayisədə isə 5 milyard 274,5 milyon manat və ya 15 faiz çoxdur.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyini təqdim edib.

Palata sədri dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühitin təhlili, büdcə hesabatlılığının hüquqi aktlara və strateji sənədlərə uyğunluğu, büdcə vəsaitlərinin idarə edilməsinin qiymətləndirilməsindən söhbət açıb. Bununla yanaşı, Vüqar Gülməmmədov dövlət büdcəsi gəlirlərinin əsas mənbələr və sektorlar üzrə icra vəziyyəti, inzibatçılığın qiymətləndirilməsi, gəlirlərin tədiyələr üzrə icra vəziyyətinin təhlili barədə, habelə 2023-cü il ərzində dövlət büdcəsinin xərclərinin icrası prosesində həyata keçirilmiş dəyişikliklər, funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərin icra vəziyyəti, ehtiyat fondlarının icrası, məqsədli büdcə fondlarının icrası, dövlət əsaslı vəsait qoyuluşu icrası, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin icrası, iqtisadi təsnifat üzrə xərclərin icra vəziyyəti, dövlət büdcəsi xərclərinin ayrı-ayrı qurumlar tərəfindən icrası vəziyyəti, dövlət proqramlarının icrasının təhlili ilə əlaqədar məlumatları, bəzi tövsiyələrini diqqətə çatdırıb.

Məsələ ətrafında aparılan müzakirələrdə ötən ilin dövlət büdcəsinin icrası məqbul hesab edilib, Hesablama Palatasının rəyi müsbət qiymətləndirilib. Deputatlar qeydlərini və suallarını da səsləndiriblər.

Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev qaldırılan məsələlərə münasibət bildiriblər.

İclasın sonunda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər