12 C
Baku
Friday, March 29, 2024

Palatadan xəbərdarlıq – Lisenziyalar ləğv ediləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fiziki və hüquqi şəxs olan sığorta vasitəçilərinə ayrı-ayrılıqda müraciət edib. Müraciətlər MBNP-nın baş icraçı direktoru İbrahim Alışovun və qurumun Sığorta bazarına nəzarət departamentinin direktoru Fuad Sadıqovun adından edilib.

Müraciətlərdə bildirilir ki, Palata sığorta bazarını təhlil edərkən sığorta müqavilələrinin rəsmiləşdirilməsi ilə bağlı istehlakçıların hüquqlarının və qanunvericiliyin tələblərinin kobul şəkildə pozulması halları aşkar edib. Bunlar həm fiziki, həm də hüquqi şəxs olan sığorta vasitəçilərinin yol verdiyi icbari sığorta müqavilələri üzrə endirimlərin və hədiyyələrin verilməsi, icbari sığorta haqlarının hissə-hissə ödənilməsi, hesabatlılığın təmin olunmaması kimi nöqsanlardır. Ayrıca olaraq hüquqi şəxslər isə əmək müqaviləsi ilə çalışan və attestasiyadan keçmiş işçilər barədə məlumatları MBNP-ya təqdim etmirlər, “Sığorta fəaliyyəti haqqında” qanunun 94-cü maddəsinin tələbinə zidd olaraq digər fəaliyyət növləri ilə məşğul olurlar.

MBNP bəyan edib ki bu cür hallara yol verən sığorta vasitəçilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş təqdimat və sanksiyalar tətbiq ediləcək. Nöqsanlar təkrarlanacağı halda vasitəçilərin lisenziyalarının qüvvəsi dayandırılacaq və yaxud ləğv ediləcək.

Bəzi nöqsanlara görə isə sığorta vasitəçiləri təkcə lisenziyadan məhrum edilməyəcək, onlar həm də İnzibati Xətalar və Cinayət Məcəllələrinə əsasən, cinayət məsuliyyəti daşıyacaqlar. Söhbət icbari sığorta şəhadətnaməsinin istehlakçılara daha ucuz satılması üçün məlumatların qəsdən səhv yazılması, lisenziya olmadan agent fəaliyyəti ilə məşğul olmaq, icbari sığorta şəhadətnaməsinin satılaraq itməsinin elan olunması, icbari sığorta blanklarının saxtalaşdırılması (müştərilərə surətinin təqdim edilməsi) kimi hallardan gedir.

Hüquqi şəxs olan sığorta vasitəçilərinə ünvanlanmış müraciətdə həmçinin qeyd olunur ki, Palata nöqsanlara yol vermiş və lisenziyası ləğv edilmiş şirkətlərin rəhbər işçilərinin gələcəkdə sığorta sahəsində rəhbər vəzifəyə təyin edilməsinə razılıq verməyə bilər.

Report

Son xəbərlər
Digər xəbərlər