20 C
Baku
Wednesday, April 24, 2024

Pavel Durov istifadəçiləri bitcoinlə mükafatlandırmağı planlaşdırır

“Telegram”ın yaradıcısı Pavel Durov messencerin bloklanmasını aşmaq üçün proksi və VPN xidmətlərinin dəstəklənməsinə milyonlarla dollar ayırmağa hazır olduğunu bəyan edib.

Bu barədə o, “VKontakte” sosial şəbəkəsində yazıb.

“Rəqəmli müqavimət çərçivəsində – rəqəmli azadlıqlar və tərəqqinin müdafiəsinə yönəlmiş hərəkatın dəstəklənməsi üçün mən proxy və vpn administratorlarına bitkoin-qrantlar ödəməyə başlamışam. İl ərzində mən bu məqsədlərə milyonlarla dollar şəxsi vəsaitimi sərf etməkdən şad olacağam”, – deyə o, bildirib.

Bir qədər sonra P. Durov öz “Telegram” kanalında deyib ki, bloklanmaya baxmayaraq, messencer istifadəçilərinin sayında ciddi azalma olmayıb: “Rusiya bazarı “Telegram”ın istifadəçi bazasında önəmli yerə sahib olmasa da, o, bizim üçün şəxsi mülahizələr baxımından vacibdir”.

Rusiyalı istifadəçilərin sayı “Telegram”da 7% təşkil edir.

Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə dövlət orqanı – “Roskomnadzor” “Apple” və “Google”a məktub göndərərək “App Store” və “Google Play” virtual mağazalarından “Telegram” messencerinin silinməsini tələb edib.

Hələlik həmin mağazalardan “Telegram”ı yükləmək mümkündür. “Apple” və “Google” hələ ki, məsələyə münasibət bildirməyiblər.

P. Durov dəstək və sədaqətə görə rusiyalı istifadəçilərə, eləcə də siyasi senzurada iştirak etmədikləri üçün “Apple”, “Google”, “Amazon” və “Microsoft”a təşəkkür edib.

Xatırladaq ki, aprelin 13-də Moskva şəhər Taqansk rayon Məhkəməsi “Roskomnadzor”un iddiası əsasında “Telegram”ın ölkə ərazisində bloklanması haqqında qərar qəbul edib. Məhkəmə belə qənaətə gəlib ki, messencer vasitəsilə ötürülən informasiyalar dövlətin və əhalinin təhlükəsizliyinə təhdid yarada bilər. Məhkəmə qərarı o vaxt ləğv oluna bilər ki, “Telegram” bu məsələdə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlığa getsin və istifadəçi məlumatlarının deşifrə olunması üçün müvafiq “açar”ları kəşfiyyata təqdim etsin.

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər