Paytaxt daxilində Yeni İli harda qeyd etmək olar? – QİYMƏTLƏR

31 dekabr ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Əlamətdar gündə hər bir azərbaycanlı ailəsi öz büdcəsinə uyğun bayram süfrəsi açıb, yeni ili qarşılamağa çalışır.

Maddi imkanı nisbətən yüksək olanlar isə bayramı daha təmtəraqlı şəkildə keçirməyə can atırlar. Bu məqsədlə onlar restoranlara, əyləncə mərkəzlərinə üz tuturlar.

Restoranlar isə müştəri cəlb etmək üçün bir-biriləri ilə bəhsə girərək müxtəlif kampaniyalar təklif edirlər.

Yeni ili neçəyə qeyd etmək olar?

Banker.az xəbər verir ki, bu barədə, AzVision-ın əməkdaşları tanınmış restoranlarla əlaqə saxlayaraq qiymətlərlə maraqlanıb.

“Ay İşığı” restoranından bildirilib ki, onlarda bayram günü təşkil olunacaq şou-proqrama giriş adambaşı minimum 100 manatdır.

“5 yaşına qədər uşaqlar üçün xidmət pulsuz, 12 yaşına qədər olan uşaqlar üçün isə bir stol yarı qiymətədir. Məclis 21:00-dan səhər saat 05:00-a qədər davam edəcək. Gecənin qonaqları aparıcı Kamran Həsənli, Ədalət Şükurov, Manana, Abbas Bağırov, Talıb Tale, Pərviz Bülbülə, Elnur, Ruhəngiz Allahverdiyeva, İzzət Bağırov və reper Qurd olacaq”- , restorandan deyiblər.

“Gilavar” restoranında bayramı qeyd etmək üçün 60-70 manat pul xərcləməlisiniz: “Şou proqrama Abdul Xalid, Sevinc Musayeva, Elariz Məmmədoğlu, Lamiyə Novruzova, “N-Brothers” və “Cahan” qrupları daxildir. Müxtəlif növ kabablar, isti və soyuq yeməklər qonaqlara təqdim ediləcək”

“Hilton” otelində yerləşən əyləncə mərkəzlərində də paytaxt sakinləri və şəhərimizin qonaqları üçün bayram şənliyi təşkil olunacaq.

“Yeni ilin gəlişi hotelin 25-ci mərtəbəsində yerləşən “360 Bar”da qeyd olunacaq. Şənlik saat 22:00-dan 05:00-a kimi davam edəcək. Gecədə DJ və canlı musiqi olacaq. Qonaqlara içki və çərəzlər təklif ediləcək”, – deyə oteldən bildirilib ki, bütün bunlardan faydalanmaq üçün qonaqlar 250 manat ödəməlidirlər.

“Four Season Hotel Baku”-da yeni il əyləncəsi saat 20:30 başlayacaq, gecə 01:00-dək davam edəcək. Qiymət bir nəfər üçün 250 manatdır. Qiymətə canlı musiqi, müxtəlif çeşidli yeməklər və bir qədəh “proseko” daxildir.

“İmperial” restoranında isə bayram şənliyinin qiymətləri 80-150 manat arasında dəyişir. Gecədə məşhur müğənnilər Səməd Səmədov, Ədalət Şükurov, “Bakı” rəqs qrupu, Niyam Salami, Manana, Rəşad İlyasov və Əkbər çıxış edəcəklər. Şou proqram axşam saat 20:00-dan səhərədək davam edəcək.

“Monte Karlo” restoranında standart qiymət 80 manatdır. Gecədə rəqs qrupları, alov şousu və müğənnilər Nisə Qasımova, İlkin Əhmədov, Elariz Məmmədoğlu, Rüfət Axundov, Sevinc Musayeva və Kərim Abbasov qonaları əyləndirəcəklər.

📝 RƏY BİLDİR