Pensiyaçıların gözlədiyi gün gəlib çatdı – Nazirlikdən açıqlama

Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

Son iki iş günü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq hesablamalar aparılaraq iş başa çatdırılıb.

Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur:

“Artıq Sərəncamın şamil olunduğu hər bir pensiyaçı üzrə hesablamalar yekunlaşıb. Bundan başqa, Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılır. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2018-ci ilin 1 yanvar tarixinə 3 566 745 nəfər təşkil edir.

Gördüyünüz kimi ümumilikdə çox böyük bir say alınır və bu gərgin iş tələb edir”.

Nazirlik rəsmisi qeyd edib ki, sığorta-pensiya sisteminin elektron infrastruktur üzərində fəaliyyət göstərməsi bu işin 2 gün ərzində başa çatdırılmasına imkan verib:

“Hər iki proses, yəni əmək pensiyalarının və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilmə ilə artımı avtomatlaşdırılmış qaydada həyata keçirilib.

Qeyd etdiyimiz kimi atrıq hesablamalar tam başa çatıb və artıq bu gündən maliyyələşmə işlərinə başlanılıb. Sabah günün sonunda müvafiq vəsaitlər pensiyaçılarımızın hesablarında görünəcək”.

Şöbə müdiri vurğulayıb ki, yanvar ayı üzrə pensiyalara edilmiş artım fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar.