Pensiyalar orta hesabla 146 manat artırılıb, nazir Səlim Müslümov deyir

“Əmək bazarındakı müsbət meyillər 2017-ci ildə məcburi dövlət sosial sığorta haqlarının artmasına imkan yaradıb”.

“Qafqazinfo”nun məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının məbləği 2016-cı illə müqayisədə 10,8% və ya 130 mln. manat artaraq 1 mlrd. 338 mln. manat olub və büdcə proqnozu 103% icra edilib.

Nazir bildirib ki, daxilolmaların səviyyəsi 3,4 milyard manatlıq pensiya və müavinət xərclərini vaxtında maliyyələşdirməyə imkan verib.

“Ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib. Altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir”, – deyə S.Müslümov vurğulayıb.

📝 RƏY BİLDİR