Postsovet ölkələrində sığortanın inkişaf problemləri

Məqaləyə başlamamışdan öncə qeyd etmək istərdim ki, bu yazı “Sığorta və risklərin edilməsi” üzrə magistr dərəcəsinin əldə edilməsi məqsədi ilə yazılmış “The development of the insurance industry in former Soviet countries” adlı dissertasiya işinin yazılması ilə əlaqədar müəllifin gəldiyi nəticələrin xülasəsini özündə əks etdirir.

Sovet İttifaqının dağılmasından sonrakı 25 il ərzində postsovet ölkələrində sığorta bazarının vəziyyətinin təhlili göstərir ki, bu sahə hələ də tam inkişaf etməyib və xüsusi ilə də Orta Asiya ölkələrində (ələlxüsus, Tacikistan və Qırğızıstanda) sığortanın inkişafı ən aşağı həddədir. Şərqi Avropa ölkələri ilə müqayisədə isə Baltikyanı ölkələrdə vəziyyət daha yaxşıdır – Latviya, Litva və Estoniya keçmiş sovet ölkələri arasında sığortanın ən çox inkişaf etdiyi ölkələr sayıla bilər.

Sovet İttifaqı zamanı mövcud olan mərkəzləşmiş planlı iqtisadiyyat dövründə, daha sonra SSRİ-nin dağılmasından sonrakı keçid dövründə və nəhayət müasir dövrdə sığorta sektorunun təhlili sığorta biznesinin inkişafına mane olan bir sıra amilləri ortaya çıxarır. Beləliklə, postsovet ölkələrində sığortanın inkişafına mane olan aşağıdakı amilləri ümumiləşdirmək olar:

Sığorta mədəniyyəti – Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, postsovet ölkələrində yaşayan insanların əksər hissəsi sığortaya riskin ötürülməsi və ya bölüşdürülməsi mexanizmi kimi yox, daha çox məcburiyyət qarşısında ödənilməli olan bir xərc, əlavə məsrəf kimi baxırlar. Sirr deyil ki, bu ölkələrdə sığorta daha çox icbari sığortaların tətbiqi və bank sektorunda kreditləşmənin inkişafı ilə yayılmağa başlamışdır. İstər nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, istər sərnişinlərin və ya işçilərin icbari sığortası, istərsə də digər icbari sığorta növləri öz riskini dərk edən və onu idarə etməyə çalışan sığortalının könüllü olaraq sığorta məhsulu alması yox, dövlətin qoyduğu məcburi tələbləri yerinə yetirmək və müəyyən olunmuş cərimələrdən qaçmaq üçün məcburi olaraq atılan addımdır. Eyni sözləri bankdan kredit götürən şəxslər haqqında da söyləmək olar. Bu halda, öz riskini dərk edən tərəf bankdır və kredit verdiyi şəxsin avtomobilini, əmlakını və ya həyatını sığortalamaq bankın marağında olduğu üçün krediti götürmək istəyən şəxsin həyatını və ya girov predmeti olan əmlakını bir növ icbari qaydada sığortalanmalı olduğunu

tələb edir. Belə olan halda da müvafiq sığorta məhsulu alan şəxs sığortaya riskin ötürülmə mexanizmi kimi yox, məhz bankdan kredit götürmək üçün çəkilməli olan xərc kimi baxır. Məhz sığorta mədəniyyətinin bu səviyyədə olması postsovet ölkələrində sığortanın inkişafına mane olan əsas problem kimi xarakterizə edilə bilər.

Sığorta biliklərinin azlığı – Sığorta mədəniyyətinin formalaşmaması həmçinin özünü əhalidə sığorta biliklərinin azlığı və sığorta barədə məlumatsızlığı ilə göstərir. Ən sadə misal olaraq icbari nəqliyyat sığortasını göstərmək olar. Bəzi postsovet ölkələrində, xüsusi ilə də paytaxtdan kənarda, regionlarda yaşayan insanların sığorta bilikləri o qədər aşağıdır ki, onlar icbari sığorta şəhadətnaməsinə yoxlama zamanı Dövlət Yol Polisinin tələb etdiyi sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi kimi sənəd hesab edirlər və hadisə zamanı, ümumiyyətlə, bu sığorta şəhadətnaməsi ilə sığorta ödənişi ala biləcəkləri barədə məlumatsızdırlar. Sığorta biliklərinin aşağı olması və məlumatsızlıq sığortanın əsl mahiyyətini qavramağa və sığortanın faydalarından yararlanmağa mane olur.

Cədvəl 1: 2010-2015-ci illər üzrə postsovet ölkələrində sığorta haqlarının həcmi

 

Ölkə Brutto sığorta haqları (mln Avro)
2010 2011 2012 2013 2014 2015
1 Rusiya 13,814 15,926 20,112 20,122 14,453 12,846
2 Ukrayna 2,183 2,204 2,041 2,596 1,392 1,134
3 Qazaxıstan 786 1,035 1,191 1,322 1,199 776
4 Litva 450 492 518 563 601 645
5 Latviya 327 396 447 471 517 531
6 Belarus 338 219 383 508 509 401
7 Estoniya 296 282 297 317 341 361
8 Azərbaycan 147 209 330 376 451 260
9 Özbəkistan 81 95 109 112 150 182
10 Gürcüstan 154 148 236 197 134 137
11 Türkmənistan 40 46 53 61 76 65
12 Moldova 56 62 70 72 65 59
13 Ermənistan 17 45 67 62 52 59
14 Tacikistan 18 21 25 27 31 28
15 Qırğızıstan 9 12 13 14 14 13

Mənbə: XPRIMM Insurance Reports

Sığortaya inamın aşağı səviyyədə olması – Əslində sığorta mədəniyyətinin aşağı olması və sığorta biliklərinin azlığı həm də sığorta biznesinin etibarlığına zərbə vuran amillərdir. Məhsul barədə məlumatsız olan, azadolma məbləğinin nə olduğunu başa düşməyən, müqavilənin şərtləri ilə istisna olunan risklər nəticəsində baş vermiş hadisəyə görə imtina alan müştəri öz əsassız narazılığını bütün ətrafına danışır və bu ümumiyətlə ictimaiyyət arasında “Sığorta şirkətləri ödəniş etmir!” fikirinin yaranmasına səbəb olu . Əslində isə aldığı sığorta məhsulu barədə tam məlumatlı olan, müqavilə ilə hansı hadisələr üzrə təminatın olduğunu və ya nəyin istisna olunduğunu və müqavilə şərtlərini anlaya bilən müştəri əsla sığorta şirkətlərini ödəniş etməməkdə günahlandırmaz.

Burada bütün yükü müştərilərin üzərinə də atmaq olmaz. Əhalinin məlumatsız olmasında, sığortaya inam göstərməməsində sığorta şirkətlərinin də günahı az deyil. Çünki, müqavilə imzlandığı

zaman müştəriyə şərtləri izah etməli olan tərəf məhz sığorta şirkətləri olmalıdır. Fərdi sığorta məhsullarının isə əksər hallarda sığorta agentləri və ya banklar tərəfindən satıldığını nəzərə alaraq bir çox hallarda şərtlər izah edilmir və hadisə zamanı məlumatsız olan müştəri nəticədə sığorta şirkətini ödəniş etməməkdə günahlandırır. Bəzən isə bu narazılıqlar haqlı da ola bilir. Belə ki, müştərilərin sığorta biliklərinin zəifliyindən və məlumatsızlığından istifadə edən sığorta şirkətləri həqiqətən də ödəniş etməli olduğu halda min bir bəhanə ilə ödənişdən imtina edir və ya ödəniş məbləğini real zərər məbləğindən dəfələrlə az edirlər. Belə sığorta şirkətlərinin bu cür fəaliyyətləri isə sığorta bazarında dürüst münasibətlər qurmağa çalışan sığorta şirkətlərinin də normal işləməsinə mane olur və insanlarda ümumiyyətlə sığorta sisteminə qarşı etibarsızlığı formalaşdırır.

Cədvəl 2: 2010-2015-ci illər üzrə postsovet ölkələrində sığortanın nüfusetmə faizi (insurance penetration rate)*

Ölkə Sığortanın nüfuzetmə faizi (ÜDM-də %-i)
2010 2011 2012 2013 2014 2015
1 Latviya 1.83% 1.95% 2.05% 2.07% 2.19% 2.18%
2 Estoniya 2.01% 1.69% 1.65% 1.67% 1.71% 1.77%
3 Litva 1.60% 1.57% 1.55% 1.61% 1.65% 1.73%
4 Ukrayna 2.14% 1.75% 1.53% 1.96% 1.69% 1.50%
5 Rusiya 1.13% 1.11% 1.21% 1.27% 1.27% 1.27%
6 Gürcüstan 1.74% 1.32% 1.97% 1.75% 1.04% 1.13%
7 Moldova 1.27% 1.22% 1.23% 1.19% 1.07% 1.02%
8 Belarus 0.82% 0.80% 0.82% 1.02% 0.93% 0.94%
9 Azərbaycan 0.37% 0.42% 0.63% 0.70% 0.73% 0.81%
10 Qazaxıstan 0.70% 0.72% 0.78% 0.79% 0.68% 0.75%
11 Ermənistan 0.24% 0.59% 0.83% 0.76% 0.62% 0.62%
12 Tacikistan 0.44% 0.44% 0.44% 0.44% 0.44% 0.44%
13 Özbəkistan 0.28% 0.28% 0.30% 0.28% 0.30% 0.32%
14 Qırğızıstan 0.24% 0.25% 0.27% 0.27% 0.25% 0.25%
15 Türkmənistan 0.24% 0.20% 0.20% 0.20% 0.20% 0.20%

Mənbə: XPRIMM Insurance Reports

Müqayisə üçün qeyd etmək olar ki, 2015-ci il üzrə Ümumi Daxili Məhsulda sığortanın payı İsveçrədə 9,20%, Böyük Britaniyada 10,00%, Almaniyada isə 6,40% təşkil etmişdir (Mənbə: http://www.insuranceeurope.eu/).

 

Cədvəl 3: 2010-2015-ci illər üzrə postsovet ölkələrində sığorta sıxlığı (insurance density)**

Ölkə Adambaşına düşən orta sığorta haqqı (Avro)
2010 2011 2012 2013 2014 2015
1 Estoniya 222 212 224 240 259 275
2 Latviya 154 191 219 233 259 267
3 Litva 145 163 173 190 205 222
4 Rusiya 97 111 140 140 99 88
5 Qazaxıstan 48 62 70 77 69 44
6 Belarus 36 23 40 54 53 42
7 Gürcüstan 39 38 62 52 36 37
8 Azərbaycan 16 23 36 41 48 28
9 Ukrayna 48 48 45 61 31 25
10 Ermənistan 6 15 22 21 17 20
11 Moldova 16 17 20 20 18 17
12 Türkmənistan 8 9 10 12 14 12
13 Özbəkistan 3 3 4 4 5 6
14 Tacikistan 2 3 3 3 4 3
15 Qırğızıstan 2 2 2 2 2 2

Mənbə: XPRIMM Insurance Reports

Müqayisə üçün qeyd etmək olar ki, bu rəqəm 2015-ci il üzrə İsveçrədə 6606 Avro, Böyük Britaniyada 3921 Avro, Almaniyada isə 2387 Avro təşkil etmişdir. (Mənbə: http://www.insuranceeurope.eu/).

Qeyri-sağlam rəqabət – Hamıya məlumdur ki, sağlam rəqabət biznesin inkişafına təkan verən amildir. Bir çox postsovet ölkəsində isə sığorta sekorunda rəqabət qeyri-sağlam formada aparılır. Bura misal olaraq bəzi şirkətlərin dempinq siyasətini, heç bir iqtisadi əsas olmadan inzibati təzyiqlər və ya şəxsi münasibətlər hesabına müştərini sığortalanmağa məcbur etməyi, rəqib şirkəti nüfuzdan salmaq üçün qara PR-ın aparılması, müştərini qazanmaq üçün müqavilənin bəzi əlverişsiz şərtlərinin gizlədilməsini, ağlasığmaz endirimlərin və komissiyaların verilməsini və sair düzgün olmayan addımları göstərmək olar. Bütün bu sadalananlar sığorta şirkətləri arasında olan qeyri-sağlam rəqabətın göstəricisi olsa da, əslində əhali arasında ümumi sığorta sektoruna olan inamsızlığa və etibarsızlığa gətirib çıxarır və sığortanın ümumi sivil inkişafına mane olur.

İnhisarçılıq – Sovet dövründə mövcud olan inhisarçı dövlət sığorta şirkəti (Gosstrakh) uzun illər boyu sığorta xidmətləri təklif edən yeganə sığorta şirkəti və bütün dövlət obyektlərinin sığortaçısı

olmuşdur. Sovetin bu monopolist düşüncəsi illər keçsə də bəzi postsovet ölkələrində hələ də davam etməkdədir. Herfindahl indeksini postsovet ölkələrində tətbiq etsək açıq-aydın görünür ki, bu ölkələrdə sığorta bazarları bir dövlət sığorta şirkətinin və ya iki-üç “dövlətə yaxın” sığorta şirkətlərinin əlində cəmləşib. Buna Rusiyada “Rosgosstrakh” və “Sogaz”, Qazaxıstanda “Avrasiya”, Belarusiyada “Belgosstrakh” və s. misal göstərmək olar. Bu bazarlarda rəqabətin aşağı səviyyədə olması və inhisarçılığın mövcudluğu sığortanın da inkişafının qarşısını alır.

 

Statistik məlumatların qıtlığı – Sığorta tariflərinin ehtimallar əsasında hesablandığını nəzərə alaraq sığortanın inkişafı üçün statistik məlumatların

 

nə qədər vacib olması yəqin ki, başa düşüləndir. Postsovet ölkələrində isə sığorta üçün lazım olan statistik məlumatların mövcudluğu ən böyük problemlərdən biridir və hətta məlumatların mövcud olması halında belə, onların nə dərəcədə etibarlı olması böyük sual altındadır. Bu isə risklərin düzgün anderraytinqinə və eləcə də təkrarsığorta təminatı almağa mane olur və sığorta şirkətləri üçün sığorta təminatı verməkdə və tarifi hesablamaqda çətinliklər yaradır.

Regiondakı siyasi vəziyyət – Sığortanın inkişafını sürətləndirən əsas amillərdən biri də qərb təcrübəsinin regiona gəlməsi və inkişaf etmiş ölkələrin sığorta şirkətlərinin sığorta sisteminə qoyduqları investisiyalar ola bilər. Lakin postsovet ölkələrinin biznes mühiti, qeyri-sağlam rəqabət, inhisarçılıq, Rusiyanın siyasi hegemonluğu, son dövrlərdə pisləşən Rusiya-Gürcüstan, Rusiya-Ukrayna münasibətləri, sanksiyaların tətbiqi və s. amillər qeyri-stabil siyasi mühiti formalaşdırır ki, investorlar da bütün bu riskləri nəzərə alıb regiona sərmayə yatırmağa ehtiyat edirlər.

Sonda qeyd etmək lazımdır ki, sadalanan problemlər hər bir postsovet ölkəsində özünü fərqli formada büruzə verir. Bəzi ölkələrdə inhisarçılıq ən böyük problem sayılsa da, digərində qeyri-sağlam rəqabət və ya sığorta biliklərinin aşağı səviyyədə olması və ya digər başqa amillər sığortanın inkişafına mane olan amil sayıla bilər. İnkişaf üçün isə ən əsası sağlam biznes mühitinin formalaşması, inhisarçılığın qarşısının alınması, sığortaya inamın bərpa olunması və sığorta mədəniyyətinin artırılması yönündə ciddi tədbirlər görülməlidir.

  • “Sığortanın nüfusetmə faizi” (insurance penetration rate) ölkə üzrə yığılmış ümumi sığorta haqlarını həmin ölkə üzrə Ümumi Daxili Məhsula (GDP) bölməklə hesablanır. Bu göstərici sığorta fəaliyyətinin ümumi ölkə iqtisadiyyatındakı əhəmiyyətini əks etdirir.
  • “Sığorta sıxlığı” (insurance density) ölkə üzrə yığılmış ümumi sığorta haqlarını həmin ölkənin əhalisinin sayına bölməklə hesablanır.

MÜƏLLİF:Uğur İbrahimli, ACII
“Meqa Sığorta” ASC İdarə Heyətinin Sədr müavini

2006-cı ildən sığorta sektorunda çalışır. Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr və İngiltərənin “Cass Business School” biznes məktəbində “Sığorta və risklərin idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıb. Chartered Insurance Institute tərəfindən ACII diplomuna və “Chartered Insurer” statusuna sahibdir.

Bakı Mühəndislik Universitetində (Qafqaz Universiteti) sığorta fənni üzrə mühazirəçi,

American Institute for CPCU, Institute of Risk Management, Chartered Insurance Institute və Cass Insurance and Risk Management cəmiyyətlərinin üzvüdür.


İstifadə olunan ədəbiyyat

  • Baur, E. and Hess, T. (eds) (1995) ‘The Insurance Industry in Eastern Europe: Recovery has Begun’, Sigma, No 5. Zurich: Swiss Re.
  • Curak, M., Loncar, S. and Poposki, K. (2009) ‘Insurance Sector Development and Economic Growth in Transition Countries’, International Research Journal of Finance and Economics, No 34, Seychelles: EuroJournals Publishing
  • Faulkner, J. (2002) ‘Culture and Corruption-the Development of Insurance in Post-Communist Countries’, UK Insurance Economists Conference, Nottingham: Nottingham University Business School.
  • Kozarevic, S., Peressin L. and Valentinuz G. (2013) ‘Efficiency of the transition of insurance markets in South-Eastern European post-communist countries’, South-Eastern Europe Journal of Economics, 11 (2), 139-164
  • Pye, R. B. K. (2005) ‘The Evolution of Financial Services in Transition Economies: An Overview of the Insurance Sector’, Post-Communist Economies, 17 (2), 205-223.