15 C
Baku
Friday, March 29, 2024

Prezidentin 2018-ci ildə mükafatlandırdığı gənclər

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2 fevral Gənclər Günü ilə əlaqədar mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gəncə 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Mükafatçıları oxucularımıza daha yaxından təqdim edirik.


“Fəaliyyətimi yüksək dəyərləndirdiyinə görə Prezidentimizə təşəkkür edirəm”03 09 02 18 1Xaqani FƏRƏCOV,
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru

9 fevral 1988-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub. 2005-ci ildə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyi bitirib və elə həmin ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika kompüter texnikası” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr pilləsinə qəbul olub, Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib. 2009-2014-cü illərdə keçirilmiş bələdiyyə seçkilərində Lənkəran rayonu Şağlaküçə kənd bələdiyyəsinin üzvü, 2009-cu ildə “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzində Beynəlxalq əlaqələr üzrə koordinatoru, 2012-ci ildə Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri seçilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən 2007-ci ildə “Yaxşıların yaxşısı” mükafatına layiq görülüb. 2009-cu ildə Azərbaycanın bütün regionlarını və 50 min nəfəri əhatə edən “İT Akademiya” layihəsinin koordinatoru olaraq 30-a yaxın rayonda əhalinin maarifləndirilməsində iştirak edib. 2010-2011-ci illərdə MDB PAA DİMBİ Bakı filialında məsləhətçi vəzifəsində çalışıb. 2010-cu ildə Belarusda prezident, 2011-ci ildə Rusiyada parlament, 2012-ci ildə prezident seçkilərini beynəlxalq müşahidəçi qismində müşahidə edib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin İdman könüllüləri şöbəsində menecer olaraq fəaliyyət göstərib, 20 idman növü üzrə könüllülərin hazırlanmasında iştirak edib. Hazırda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışır.- İlk olaraq ölkə başçısı cənab İlham Əliyevə biz gənclərə göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkürümü bildirmək istərdim. Məhz ölkə başçısının həyata keçirdiyi gənclər siyasəti, biz gənclər üçün yaratdığı imkanlar hər bir Azərbaycan gəncinin təhsil, mədəniyyət, idman və ictimai fəaliyyətdə öz bacarığını nümayiş etdirməsinə səbəb olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən gənclər siyasəti öz unikallığı və şaxəliliyi ilə digər dövlətlər tərəfindən öyrənilir və nümunə göstərilir. Azərbaycan bəlkə də yeganə ölkədir ki, gənclərlə bağlı müxtəlif əmr, fərman və sərəncamlar imzalanır, müxtəlif sahələri əhatə edən ardıcıl Dövlət Proqramları həyata keçirilir. Fəaliyyətimi yüksək səviyyədə dəyərləndirdiyinə görə cənab Prezidentimizə təşəkkür edir və bütün gəncləri ölkə başçısı cənab İlham Əliyevin ətrafında birləşərək Azərbaycanın gələcəyi üçün çalışmağa çağırıram.


“Bu mükafat mənim üçün böyük etimaddır”03 09 02 18 2Aysun ZEYNALOVA,
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini

14 sentyabr 1994-cü ildə Gəncə şəhərində anadan olub. Şəhər 29 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2012-ci illərdə ABŞ Dövlət Departamentinin mübadilə proqramı olan “Gənc Liderlərin Mübadilə Proqramı” (FLEX) çərçivəsində Amerikada təhsil alarkən könüllülük təşkilatlarına qoşulub. Azərbaycana qayıtdıqdan sonra “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində beynəlxalq əlaqələr koordinatoru kimi bir il könüllü kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. 2013-cü ilin yanvarında Gəncənın “Avropa Gənclər Paytaxtı 2016” seçilməsi məqsədilə yaradılmış komitənin sədri seçilib. Bir il ərzində aparılmış işlər sayəsində Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtı elan olunub.2015-ci ilin fevralında BMT-nin Sosial və İqtisadi Şurasının hər il Nyu-Yorkdakı Baş Qərargahında təşkil etdiyi Gənclər Forumunda Azərbaycanı təmsil edib, çıxışında 17 Dayanıqlı İnkişaf Məqsədlərinin gələcəkdə icra olunması ilə bağlı təkliflərini səsləndirib.2016-cı ilin mayında Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini seçilib. Milli Şuranı BMT-nin və Avropa Şurasının tədbirlərində, Dünya Demokratiya Forumunda, Avropa Gənclər Forumunun Baş Assambleyasında təmsil edib.Hazırda işlədiyi əsas qurumlardan biri Avropa Şurasıdır. Avropa Şurasının “Nifrət Nitqinə Yox” hərəkatının Azərbaycan üzrə koordinatoru kimi 2 il ərzində kampaniyanın Azərbaycanda keçirilməsini, layihələrin reallaşdırılmasını təmin edib. 2016-cı ilin noyabrında Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun üzvlük komissiyasının 4 üzvündən biri seçilib və beləliklə, Şərqi Avropanı və Qafqazı təmsil edən tək nümayəndə kimi fəaliyyətə başlayıb. Hazırda Şərqi Avropanın və ölkəmizin maraqlarının Avropa Gənclər Forumunda qorunması üçün çalışır. 2017-ci ildə Kolumbiyada təşkil olunan “Həmrəy Gənc Dünya Sammiti 2017”-də iştirak edən dünya ölkələrinin liderləri, aparıcı şirkət rəhbərləri ilə iş əlaqələri qurub. “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin və ABŞ-da təhsil almış Məzunlar Şəbəkəsinin üzvüdür. İctimai fəaliyyəti ərzində müxtəlif mövzuları əhatə edən 8 beynəlxalq və 14 yerli layihə hazırlayıb və icra edib.- Artıq 6 ildir ki, gənclər sahəsində fəaliyyət göstərirəm. Əsasən beynəlxalq əlaqələr üzrə çalışıram və müxtəlif ölkələrin gənclərlə işləyən qurumları ilə əlaqələr qururam. Təcrübəmə əsasən, çalışdığım bir çox ölkələrdə gənclər sahəsi üzrə işləyən gənclərin fəaliyyəti könüllü olur və gənclərlə iş üçün adətən heç bir mükafat alınmır. Bu səbəbdən bu mükafatın təqdim edilməsi mənim üçün böyük etimad göstəricisi oldu. Bu il Prezident mükafatına layiq görülmək mənim üçün gözlənilməz idi. İnanıram ki, Prezident mükafatı yalnız indiyə qədər həyata keçirdiyim təşəbbüslərin qiymətləndirilməsi deyil, bundan sonra da fəaliyyətim üçün bir təkan olacaqdır. Mənə göstərilən bu etimad və qiymətləndirmə üçün dərin təşəkkürümü bildirirəm!


“Hər zaman Azərbaycanın adını dünyaya tanıdacağam”

03 09 02 18 3Reyhan CAMALOVA,
Gənclik “İstək” liseyinin 9-cu sinif şagirdi

2002-ci il noyabrın 17-də Quba şəhərində ziyalı ailəsində anadan olub. VI sinfə kimi Quba şəhər A.Məmmədov adına 2 nömrəli təbiət-təmayüllü məktəbdə təhsil alıb, daha sonra 2015-ci ildə “İstək” liseylərinə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək 100% təqaüdlə liseydə təhsil almaq hüququ qazanıb.Hazırda Gənclik “İstək” liseyinin IX sinif şagirdidir. Təhsil aldığı liseydə yüksək nəticələrlə fərqlənir, liseyin ictimai-mədəni həyatında və ədəbi-bədii tədbirlərdə fəal iştirak edir. İctimai aktivliyi yüksəkdir. Liderlik keyfiyyətlərinə və təşəbbüs göstərmək qabiliyyətinə malikdir. Ən çox sevdiyi dərslər riyaziyyat, fizika, kimya və ingilis dilidir.2015-ci ildə Azərbaycanda keçirilən riyaziyyat müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülüb. Hazırda dünya riyaziyyat olimpiada dərslərində iştirak edir. Reyhan I “İstək Model UN” və II “Milli Model UN” konfranslarında aktiv iştirak edib və fərqləndirici sertifikatlarla təltif olunub. 2017-ci ilin aprel-avqust ayları çərçivəsində “Social İnnovation Lab”in rəsmi təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startup akselerator proqramında öz layihəsi “Rainergy” ilə iştirak edib, komanda və mentorları (Cəsur Həsənov, Leyla Tağızadə, Asif İbrahimov) ilə layihənin üzərində işləyib. Daha sonra Avropanın ən böyük yaşıl biznes ideya müsabiqəsi olan “Climatelaunchpad”in avqust ayının 5-də keçirilən Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startupı” mükafatını qazanıb.Ən böyük uğurlarından biri Qlobal Sahibkarlıq Sammitində olub. ABŞ hökumətinin hər il keçirdiyi Qlobal Sahibkarlıq Sammitinin bütün seçim mərhələlərini uğurla keçərək Hindistanda baş tutan Qlobal Sahibkarlıq Sammitində iştirak etmək üçün təqaüdə layiq görülüb və həmin sammitdə Azərbaycanı uğurla təmsil edib. Reyhan və onun layihəsi Qlobal Sahibkarlıq Sammitində ABŞ prezidentinin baş müşaviri və qızı İvanka Trampın da diqqətini cəlb edib və o, azərbaycanlı gəncin uğurlarını yüksək qiymətləndirib.- Yüksək mükafata layiq görülməyim münasibətilə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün mən ən gözəl günlərimdən birini yaşadım. Həmçinin bütün bu uğurları qazanmaqda dəstəyini, köməyini əsirgəməyən hər kəsə, başda ailəm olmaqla, “İstək” liseyinə və bütün müəllimələrimə, çox dəyərli mentorlarım Cəsur Həsənov, Leyla Tağızadə və Asif İbrahimova təşəkkür edirəm. Ən önəmlisi mənə inanan, güvənən, dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm və hər zaman çalışacağam ki, sizlərin etimadını doğruldum. Harada olursam-olum, heç vaxt bir azərbaycanlı olduğumu unutmayacaq və hər zaman Azərbaycanın adını dünyaya tanıdacağam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!


 

“Bizim gənclər sözün həqiqi mənasında çox xoşbəxtdir”

03 09 02 18 4Zümrüd SƏFƏROVA,
Naxçıvan Dövlət Universitetinin “İnformatika” kafedrasının müəllimi

1992-ci il martın 8-də Naxçıvan MR Babək rayonu Kərimbəyli kəndində anadan olub. 1998-ci ilin sentyabrında Kərimbəyli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 1999-2006-cı illərdə Babək rayon Uşaq musiqi məktəbində “Fortepiano” ixtisası üzrə musiqi təhsili də alıb. 2009-cu ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il qəbul imtahanlarında 660 bal toplayaraq NDU-nun “Fizika-riyaziyyat” fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub. Universitetin ilk Prezident təqaüdçüsü, 2012-ci ildə isə “Azercell”in “Tələbə təqaüdü proqramı”nın qaliblərindən olub. 2013-cü ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə 117 bal toplayaraq NDU-nun magistratura şöbəsinin “İnformatika” ixtisasına qəbul olub. 2015-ci ildə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2009-2015-ci illərdə informatika fənni üzrə keçirilən həm ölkədaxili, həm də beynəlxalq olimpiadalarda uğurla iştirak edib. 2015-ci ilin sentyabrından NDU-nun “İnformatika” kafedrasında müəllim vəzifəsində çalışır. 2016-cı ildən NDU-da “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorantura təhsili alır. 5 elmi məqalə, 1 tezisin müəllifidir. 2017-ci ilin oktyabrından NDU Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edir.- İndiyə qədər müxtəlif səviyyəli mükafatlarım olub. Amma ən böyük mükafatım möhtərəm Prezidentimizdən olub. Qeyd edim ki, artıq bu, ikinci dəfədir. Bu məni çox sevindirir, qürurlandırır və ən əsası mənə böyük stimul verir. Çox az-az ölkələr tapılar ki, dövlət tərəfindən gəncliyə bu qədər qayğı, diqqət göstərilsin. Bizim gənclər sözün həqiqi mənasında çox xoşbəxtdir. Bütün Azərbaycan gəncləri adından möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevə dərin minnətdarlığımı bildirirəm. Prezidentimizə cansağlığı, atdığı bütün addımlarda uğurlar arzulayıram.Mən isə öz növbəmdə həm elmi, həm də ictimai fəaliyyətimi bütünlüklə ölkəmə həsr edirəm və edəcəyəm. Son nəfəsimə qədər etdiyim hər işin başında canım Azərbaycanım, onun çiçəklənməsi, inkişaf etməsi duracaq.


“Bu gün isə daha çox xoşbəxtəm”

03 09 02 18 5Gülnar ƏLFİDATLI,
“ƏSA” Teatrının aktrisası

26 noyabr 1993-cü il tarixində Sumqayıtda anadan olub. 2001-2010-cu illərdə Bakı şəhəri Suraxanı rayonundakı 275 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə 4 nömrəli Bakı Peşə liseyinin “Mühasib – fərdi kompüter” fakültəsinə daxil olub. Lisey təhsilini başa vurduqdan sonra “1 C” proqramı üzrə kurs bitirib. “Pink accessories”da satış məsləhətçisi və kassir köməkçisi işləyib.“ƏSA” Teatrına müraciətindən sonra onu aktrisa olaraq teatra işləməyə qəbul edib və bu sənətin dərinliyini öyrədiblər. 2017 -ci ilin mart ayından etibarən “ƏSA” Teatrında aktrisa olaraq fəaliyyət göstərir. Teatrın “Yuxum” tamaşasında rol alıb. III qrup anadangəlmə fiziki məhdudiyyətlidir.- “ƏSA” Teatrı ilə ilk dəfə çalışmağa başladığım zaman bu, mənim üçün sadəcə bir zövq idi. Çünki ilk dəfə birgə çalışdığım kollektiv məni qüsurlu olaraq görmür, bu isə mənim üçün böyük xoşbəxtlik idi. Məqsədimiz o idi ki, insanlar bizim də onlardan biri olduğumuzu, məhdudiyyətlərimizin bizi onlardan əskik etmədiyini, bizim də arzularımızın, istəklərimizin olduğunu görmələridir. Buna görə də “ƏSA” Teatrını ərsəyə gətirən şəxslərə təşəkkür edirəm. “ƏSA” Teatrı bizə yeni həyat bəxş etdi. Bu gün isə daha da çox xoşbəxtəm. Möhtərəm Prezidentimizin gənclər günü ilə bağlı mükafatlandırdığı namizədlərin arasında olmaq mənə çox böyük qürur və ümid hissləri yaşatdı. Artıq inanıram ki, məhdudiyyətlərimiz deyil, bizim də əməyimiz, səylərimiz göz önündədir. Bu sevinci bizə, bizim timsalımızda gənclərə bəxş edən, öz qayğısını üzərimizdən əskik etməyən cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.


“Mükafat məni ölkəmizi dünya səhnələrində layiqincə təmsil etməyə ruhlandırır”

03 09 02 18 6Ağarəhim QULİYEV,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi

25 sentyabr 2000-ci il tarixində Bakı şəhərində musiqiçi ailəsində anadan olub. 9 yaşından L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi Məktəbinə professor M.Ağamalızadənin sinfinə qəbul olunaraq fleyta ifaçılığı ilə məşğul olmağa başlayıb. 2012-ci ildə islam dövlətləri musiqiçilərinin I Beynəlxalq müsabiqəsində “Qran-pri” mükafatı alıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildə Rusiyada Yuri Başmet adına Uşaq Musiqi Akademiyasına göndərilmiş və Avropa fleytaçılarının prezidenti Salvatore Lombarti ilə qala-konsertdə çıxış etmək kimi ali mükafata, 2013-cü ildə Estoniyada keçirilən “Baltika ulduzları” Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2013-cü ilin iyun ayında Kremlin Georgiyevsk sarayında orkestrlə birlikdə Rusiya prezidenti V.Putinin qarşısında böyük uğurla Demersmanın fleyta və orkestr üçün yazılmış konsertini ifa etmiş ilk azərbaycanlı musiqiçi olub. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülməklə adı gənc istedadların “Qızıl kitabı”na salınıb. 2016-cı ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkil etdiyi “Söz” poeziya gecəsində böyük uğurla solo ifa edib. 2017-ci ildə Parisdə Nəsiminin 600 illik yubileyində iştirak edib. A.Quliyev 11 illik musiqi məktəbini və 43 nömrəli liseyi fərqlənmə ilə başa vurub və hazırda Ü.Hacıbəyli adına BMA-nın “İfaçılıq” fakültəsinin orkestr alətləri şöbəsində təhsil alır.- Mən yüksək mükafata layiq görülməyim münasibətilə ilk növbədə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya biz gənclərə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Dünyanın bir sıra ölkələrində ölkəmizi, mədəniyyətimizi, incəsənətimizi təmsil etmək üçün bizə yaradılan şərait və imkana görə təşəkkürlərimi çatdırmaq istəyirəm. Mən əminəm ki, Azərbaycanın gənc istedadları əllərindən gələni edəcəklər ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin. Gənclər üçün Prezident mükafatına layiq görülməyim məni ölkəmizi dünya səhnələrində layiqincə təmsil etməyə ruhlandırır və əlavə stimul verir.

 

“Azərbaycan müəllimi” qəzeti

Son xəbərlər
Digər xəbərlər