15 C
Baku
Friday, March 29, 2024

Problemli borcun qaytarılmasına çəkilən xərclərin ən azı 50% azaldılması üsulu!

Müəllif: Qorxmaz Ağayev ,  “AtaHolding”  ASC  Hüquq  Departamentinin direktoru

Problemli borcların məcburi qaydada ödətdirilməsinin 2 əsas üsulu tətbiq olunmaqdadır – iddia icraatı və əmr icraatı. Ötən məqaləmizdə bu iki icraatın təcrübədə tətbiqi xüsusiyyətləri və onlar arasında əsas fərqləri, xüsusilə də əmr icraatının problemli borcun yığılmasına çəkilən xərcləri xeyli azaltdığını və bu prosesi asanlaşdırdığı vurğulamışdıq (https://banker.az/problemli-borcu-m%C9%99hk%C9%99m%C9%99y%C9%99-getm%C9%99d%C9%99n-m%C9%99cburi-qaydada-nec%C9%99-od%C9%99tdirm%C9%99k-olar/ ).

Qanunvericilikdə problemli borcların hüquqi qaydada təqib edilməsində əmr icraatı qədər və hətta ondan daha üstün ola bilən İCRA QEYDİ üsulu vardır. “Notariat haqqında” qanunun 76-cı maddəsinə görə, icra qeydi – borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün notarius tərəfindən borcu müəyyən edən sənədlərdə (müqavilədə) borcun məcburi qaydada icra edilməli olması barədə qeydin edilməsidir. Notariusun icra qeydi məhkəmə qərarına (qətnamə, əmr) bərabər hüquqi qüvvəyə malikdir. O cümlədən “İcra haqqında” qanunun 6-cı maddəsinə əsasən icra sənədi statusuna malikdir. Başqa sözlə, icra məmurları notariusun icra qeydini məhkəmə qərarı kimi məcburi icrasını təmin etməlidirlər. Bunun üçün icra qeydi, tələbkar və ya borclu fiziki şəxsdirsə, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər.

İcra qeydinin qanuni cəhətdən tətbiq edilməsini mümkün edən əsas şərtlər bunlardır:

  • İcra qeydi üçün təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etməlidir. Kredit müqaviləsi və digər bank sənədləri bu şərti ödəmək üçün yetərlidir.
  • Təqdim olunan sənədlər üzrə borcu tələb etmək hüququnun yarandığı gündən üç ildən çox, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməməlidir. Bu qayda iddia müddətinə bənzər qayadadır.
  • İcra qeydini yalnız borclunun olduğu yer üzrə notarius verə bilər. Yəni borclu hansı inzibati-ərazidə qeydiyyatdadırsa, o rayonda da olan notariusa müraciət olunmalıdır. Burada qeyd etmək istərdim ki, Bakıda yaşayan borclu şəxs ilə bağlı paytaxtın istənilən rayon ərazisinə aid olan notariusa müraciət edilə bilər.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı təsdiq edilmişdir. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur:

  1. a) əsasında borcun alındığı sənədin əsli (yəni müvafiq kredit müqaviləsi);
  2. b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun şəxsi hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış.

Göründüyü kimi, yuxarıda qeyd edilmiş şərtlər və sənədlər bankların problemli borcları üzrə icra qeydini tətbiq etməyə hər hansı maneə yaratmır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli, 148 nömrəli qərarı ilə İcra qeydinin  forması da təsdiq edilmişdir (41 nömrəli forma). İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur.

“Dövlət rüsumu haqqında” Qanuna görə icra qeydinin aparılmasına görə 10 manat dövlət rüsümü nəzərdə tutulmuşdur.

Əfsuslar olsun ki, bu model bu və ya digər səbəbdən bank sektorunda ümumən tətbiq olunmur. İpoteka ilə təmin edilmiş kreditlər üzrə icra qeydindən məhkəmə qaydasında şikayət halları isə (baxmayaraq ki, hətta “İpoteka haqqında” qanunla bununla bağlı xüsusi qaydalar vardır) onun indiki qanunvericilik şərtləri daxilində tətbiq edilməsini ümumən faydasız etmişdir. Belə ki, müştərilər icra qeydi verilmiş bu kateqoriya işlər üzrə icra qeydindən şikayət vermək hüququna malikdirlər və təcrübədə də əksər hallarda bu hüquqdan istifadə edirlər. Nəticədə isə ipotekaya tutma tələbi üzrə icra qeydinə çəkilmiş maddi, fiziki və ən dəyərli olan vaxt resursları əldən çıxmış olur.

Bu modelin tətbiqini təmin etmək üçün yetərli qədər qanunvericilik bazası mövcuddur.

İcra qeydinin istehlak kreditləri üzrə tətbiq edilməsi daha məqsədəuyğundur. Belə ki, bu kateqoriya kreditlər üzrə müştərilərin məhkəmələrə şikayət statistikasının çox az olması və ümumən şikayətə çəkilən maddi və digər resursların mübahisəli məbləğlə müqayisədə az əhəmiyyətli olması bu qənaətə gəlməyə əsas verir.

İcra qeydləri həmçinin nisyə satılmış mallar üzrə problemli borcların yığılmasında da tətbiq oluna bilər.

İcra qeydinin xüsusilə də əmr icraatı ilə müqayisədə aşağıdakı üstünlükləri vardır:

  • Məhkəməyə ərizə və s. sənədlər hazırlamağa ehtiyac yoxdur. Sadəcə müqavilənin əsli və hesabdan çıxarış tələb olunur. Dəftərxana xərcləri maksimum hesabdan çıxarışla məhdudlaşacaq. Müvafiq olaraq, bu halda peşəkar hüquqşünas xidmətlərinə də ehtiyac olmayacaq. Sadəcə kuryer vasitəsilə bu işi görmək olar.
  • MAPS-dan arayışa (cavabdehin rəsmi qeydiyyat yerini təyin etmək üçün) ehtiyac yoxdur. Bu sənəd məhkəmə tərəfindən məcburi qaydada tələb olunur və məhkəməyə müraciət zamanı onun alınması əlavə vaxt, fiziki və bəzən də maddi itkilərə səbəb olur.
  • Sənədləri məhkəməyə göndərmək və poçt xərcinə ehtiyac yoxdur. Belə ki, sənədləri Bakı üzrə ayrı-ayrı rayon məhkəmələrinə rəsmi göndərməyə ehtiyac qalmayacaq. Bakı üzrə hər hansı məsul əməkdaş problemli borcluların toplu sənədlərini 1 notariusa apa bilər.
  • Əmr icraatında məhkəmə baxışı olmasa da, məhkəməyə göndərilmiş sənədlər müvafiq inzibatı prosedurlardan keçir (qeydiyyat, işlərin məhkəmə daxilində bölüşdürülməsi, hakimin işlə tanış olması, əmr çıxarması, əmrin qeydiyyatı və tərəflərə göndərilməsi). İcra qeydi bu prosedurlardan da azaddır. Hazırda təcrübədə bəzi hakimlər əmr icraatı zamanı Əmrin qarşı tərəfə göndərilməsi üçün xərcin cavabdehin üzərinə qoyurlar və bu məqsədlə bank əməkdaşı məhkəməyə gedib-gəlməli olur.
  • Sənədlərin məhkəməyə göndərilməsi və qeyd edilmiş inzibati prosedurlar olmadığından problemli keys bu işə müvəkkil edilmiş şəxsin tam nəzarəti altında hüquqi təqibi keçmiş olacaq. Yəni sənədləri ora-bura göndərmədən və onun vəziyyəti barədə soraqlaşmadan sadəcə üzrərinə notarisun məcburi icra barədə “möhür”ünü vurdurmaqla məhkəməyə bərabər hüquqi təqib başa çatacaq.
  • Məhkəmə əmri barədə ərizəyə 3 gün ərzində baxılırsa, icra qeydi maksimum müraciət edilən gün dərhal həll edilir.
  • Notariusdan icra qeydinin alınma rüsumu, əmr icraatı ilə müqayisədə 10 manat daha ucuzdu. Minlərlə işlərdə bunun nə qədər məsrəf olduğu hər kəsə bəllidir. Əmr icraatı ilə müqayisədə isə bu xərcin 50% azaldılması demək olacaq.
  • Notariat orqanlarının icra qeydləri qəbul edildiyi vaxtdan – 10 gün ərzində icraya yönəlir (Təcrübədə icra qeydi verildikdən dərhal sonra). Əmrlər isə 1 ay ərzində icraya yönəlir (Təcrübədə əmr tərəflərə göndərildiyi tarixdən 10 gün ərzində)

Bir sözlə, ümid edirəm ki, öz problemli borclarına qayğı ilə yanaşan bank və digər təşkilatlar qanunvericiliyin verdiyi imkanlardan daha faydalı şəkildə istifadə edəcəklər.

Son xəbərlər
Digər xəbərlər