24 C
Baku
Thursday, April 18, 2024

Proqnoz: Lirə və rubl gələn il manata təzyiqi artıracaq

Türkiyə lirəsi və Rusiya rublunda proqnozlaşdırılan ucuzlaşma 2018-ci ildə Azərbaycan manatına təzyiqləri artıracaq.

Banker.az bu barədə “Report”un analitik qrupunu açıqlamasıa istinadən xəbər verir.

Türkiyə lirəsində bu ilin oktyabr ayının sonunda başlayan ucuzlaşma 2018-ci ildə də davam edəcək. Qeyd edək ki, sentyabrın əvvəlində 3,38 TRY/USD olan məzənnə, oktyabrın sonunda 14%-ə yaxın artaraq 3,85 TRY/USD səviyyəsinə çatıb. Buna baxmayaraq, Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi bugünkü çıxışında bildirib ki, oktyabrda Türkiyənin xarici ticarət kəsiri illik müqayisədə 74,6% artaraq 7,36 mlrd. dollar təşkil edib. Həmçinin, neft qiymətlərinin yüksəlməsi və bu səviyyələrdə qalması ehtimalları isə neft idxal edən Türkiyənin xarici ticarət balansı üçün mənfi amil hesab olunur. Analitik qrup hesab edir ki, Türkiyədə dolların məzənnəsində artım davam edəcək və 2018-ci ildə 4,20-4,50 TRY/USD səviyyəsinə yüksələ bilər.

Rubla gəldikdə isə, bir neçə gün öncə ABŞ Dövlət Departamentinin Rusiyanın neft-qaz sektoruna qarşı yanvarın 29-da qüvvəyə minəcək sərt sanksiyaları artıq öz təsirini göstərib. “Türk axını”nın Avropaya qaz ötürəcək 2-ci boru xətti və “Şimal axını-2” layihələrində problemlər barədə xəbərlər gəlməyə başlayıb. Əgər bu boru xətlərinin inşası başa çatmasa, Rusiyanın Avropaya qaz nəqlində xeyli azalma olacaq. Bununla yanaşı, 2018-ci ilin II yarısından etibarən neft qiymətlərində gözlənilən azalma Rusiya rublunun ucuzlaşmasına səbəb olacaq. Analitik qrup 2018-ci ildə Rusiyada dolların məzənnəsinin 63-68 RUB/USD diapazonunda olacağını ehtimal edir.

“Hər iki valyutanın ucuzlşması Azərbaycan manatına təzyiqləri artıracaq. Manatın real effektiv məzənnəsi yüksələrək bu ölkələrdən malların Azərbaycana axınını sürətləndirəcək. Belə bir halla Azərbaycan 2014-cü ilin son rübündən ilk devalvasiyaya (21 fevral 2015-ci il) qədər üzləşib. O zaman real effektiv məzənnə illik orta qiymət olan 130 bənd səviyyəsindən 2015-ci ilin yanvar ayında 153 bəndə yüksəlib. 2017-ci il sentyabrın 1-nə isə manatın real effektiv məzənnəsi 92,2 bənd təşkil edib. Məzənnənin 100 bəndi ötməsi isə manata təzyiqləri artıracaq”, – analitiklər qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər