26 C
Baku
Friday, April 19, 2024

Pul haqqında bu 12 ifadəni uşaqlara demək lazım deyil

“Maliyyə Sağlamlığı” layihəsinin eksperti və Rusiya Maliyyə Nazirliyinin maliyyə savadlılığı layihəsi üzrə məsləhətçisi Mariya Maslennikova uşaqlarına uğur əldə etməyə mane olan valideynlərin maliyyəyə dair qoyduğu qaydaları sadalayır.

Valideyn olduqda uşaqlarımıza təsirimizin nə qədər böyük olduğunu başa düşürük.  

Lakin məlumatsızlıq, stress və yorğunluqla bağlı, biz uşaqlıqda və ya həyatımız boyunca əldə etdiyimiz səhv düşüncələri və qaydaları şüursuz olaraq sevimli uşaqlarımıza ötürürük. Maliyyəyə dair nəsildən-nəslə keçən mənfi qayda və vərdişlər xüsusilə dramatik təsir göstərir. Bəs valideynlərin hansı qaydaları uşaqların pula qarşı münasibətini korlaya bilər?

1. “Uşağı uşaqlığından məhrum etməyin!”

Belə bir fikir mövcuddur ki, uşaqları yetkinliyə çatana qədər pul kimi mövzulardan uzaq tutmaq lazımdır. Bununla da valideynlər uşağın oyunlar vasitəsilə, ciddi səhvlərlə üzləşmək riskinin minimum olduğu zaman, təcrübə əldə edə biləcəyi və rasional maliyyə davranışı vərdişini qazanacağı zamanı ötürürlər.

2. “Pul hər şeyi həll edir!”

Yetkin insanların maddi dəyərləri həddindən artıq qiymətləndirməsi, pulun məqsədə, həyatda emosional baxımdan əhəmiyyətli dəyərə çevrilməsi, sevinc və özünüifadənin zəruri şərti olmasına səbəb olur. Puldan ifrat, səmərəsiz, göstərişli istifadə, ticarət mərkəzləri və supermarketlərdə saatlarla vaxt keçirmək bütün ailənin vərdişinə çevrilir. Digər tərəfi isə həyat keyfiyyətinin zərərinə olaraq qənaətə meyillilikdən ibarətdir. Axı pul sadəcə özünüinkişaf prosesinin sürətləndirilməsi üçün bir alətdir.

3. “Bizim bunu almağa imkanımız yoxdur!”

Uzun müddət yaşamaq uğrunda mübarizə və qənaət rejimində olmaq, uşaqda ailənin maliyyə sabitliyi üçün qorxu hissləri yaradır və dünyanın hətta böyüklərin öhdəsindən gələ bilmədiyi son dərəcə təhlükəli yer olduğunu göstərir. Yaşamaq uğrunda mübarizə özünürealizə ilə əsla uyğun deyil.

4. “Nankor olma!”

“Biz sənin üçün hər şey edirik, səni hər şey ilə təmin edirik, sən isə nankorsan!”, “Səni təmin etmək üçün, mən üç işdə işləyirəm”. Belə ifadələr ailədə isti münasibət yarada bilməz. Biz uşaqlarda günah, utanc, lazımsızlıq, ümidsizlik hisslərinə vasitəçi oluruq. Belə ailələrdə uşaqlar adətən çox erkən müstəqil olur və valideynlərlə əlaqəni itirirlər. Və ya əksinə, təslim olur, özlərinə inamı itirir, ömür boyu valideynlərdən asılı olurlar.

5. “Mənim uşağımda hər şeyin ən yaxşısı olacaq!”

Sərhədlərin yoxluğu ərköyünlük, maliyyə israfçılığı, arzu və istəklərini başa düşməməyə gətirib çıxardır. Valideynlər uşağa seçim imkanı verməyərək həyatını planlaşdırdıqda, onun üçün nəyin yaxşı, nəyin pis olduğuna özləri qərar verdikdə, nəticə yaxşı olmur.  

6. “Pul göydən düşmür, alın təri ilə qazanılır!”

“Valideynlər işləməli, pul qazanmalıdırlar”

Əmək və işinə qarşı daim mənfi münasibət, işin yalnız ağır və sevilməyən ola biləcəyini proqramlaşdırır. Bu zaman şəxsi nümunənizdə işin və işdə özünü reallaşdırmanın asanlıqla rifah, xoşbəxtlik və sevinc gətirə biləcəyini göstərmək vacibdir. Pul ailənin yaxşı münasibətləri üçün maneə olmamalıdır.

7. “Özünü yaxşı aparsan, sənə oyuncaq alacağam!”

Pul ən yayılmış manipulyasiya vasitəsidir. Qiymət, ev tapşırıqları, xoşagəlməz tapşırıqların yerinə yetirilməsinin ödənilməsi valideynlərə hər hansı problemi tez və asanlıqla həll etmək lazım gəldikdə, adi hala çevrilir. Uşaqlar oyunun şərtlərini qəbul edir və bu davranış modelini təkrarlayırlar.

8. “Dedim pul yoxdur! Vəssalam!”

Uşağa tərbiyə məqsədilə bəzən nə isə almaqda imtina etmək olar, hətta vacibdir.

Lakin bu daim baş verirsə və səbəbi açıqlanmırsa, bu mənfi haldır. Uşaq bunu müxtəlif cür başa düşə bilər: məni sevmirlər, eşitmirlər, mənim hiss və istəklərim önəmli deyil, mən qərar verə bilmirəm, buna layiq deyiləm.  

9. “Soğan olsun, nağd olsun!”

Konservatizm adətən inkişafa mane olur. Uşaqlarda hər şeyə maraq, hərtərəfli dünyagörüşü, tənqidi və sahibkarlıq yönümlü düşüncə tərbiyə edin. Bəzən din və mədəniyyətdə var-dövlətin qınanması üstünlük təşkil edir. Lakin bəzi ölkələrin folklor və klassik əsərləri pula tamamilə fərqli yanaşır.

10. “Sərvət sudur: gəldi və getdi”

Bu günlə yaşayırıq, yoxsa həyatımız boyu rifahımız üçün bir strategiyamız var? Fərdi maliyyə planlaşdırmasının əsas prinsipi həyatımız boyu sabitlik və maliyyə müstəqilliyi üçün ehtiyat, təhlükəsizlik yastığının yaradılmasıdır. Uşaqları kiçik məbləğlərlə şəxsi büdcə sistemini qurmağı öyrədin – bu müstəqil həyat üçün mühüm vərdişdir.

  1. “Ətrafımızda fırıldaqçılar doludur, onsuz da aldanacağıq…”

Keçmişdə maliyyə institutları ilə mənfi təcrübə, maliyyə sisteminin problemləri, gələcək böhran haqqında xəbər və şayiələr müasir maliyyə məhsullarından istifadə zamanı qorxuya səbəb olur. Maliyyə savadlılığının aşağı olması, gəlir əldə etməyə, ehtiyatları artırmağa və xəyalları gerçəkləşdirməyə mane olur. Uşaqlar da müasir maliyyə texnologiyaları ilə əlaqədən uzaq olmağa çalışırlar.

12. “Ot kökü üstündə bitər!”

Siz həqiqətən inanırsınız ki, uşaqlar valideynlərindən yaxşı ola bilməz?! Hər kəsin öz fərdi yolu var. Özünə inam, valideynlərin dəstəyi çox vacibdir! Uşaqları vəziyyətin qurbanı olmağa və ya əksinə, öz həyatının yaradıcıları olmağa öyrətmək olar.

Uşaqların maliyyə təhsilində çox şey valideynlərin təcrübə, bilik, məlumatlılıq, intizamından, həmçinin uşaqlarını hiss etmələri və aktual mövzulardan vaxtında danışmalarından asılıdır. Ailənin maliyyə gəlirinin istənilən səviyyəsində uşaqları pul ilə bağlı mənfi emosiya və qaydalardan qorumaq, öz qərarlarını verməyə, bacarıqlarını düzgün qiymətləndirməyə və həyat yollarını axtarmağa imkan vermək vacibdir.

Son xəbərlər
Digər xəbərlər