12 C
Baku
Thursday, March 28, 2024

Pullarla davranışda yol verdiyimiz səhvlər

Pul məsələlərinə qarşı adi və düzgün olmayan vərdişdən imtina etmək asan deyil, axı çox zaman bu davranışın əsas səbəbi şəxsi maliyyə sahəsində kifayət qədər biliyə sahib olmamaqdır. Hətta əvvəlcədən yaxşı şəkildə düşünülmüş maliyyə planına sahib olsanız belə pullara qarşı səhv davranış şəkliniz pul məsələlərində uğur qazanmağa əngəl törədəcək.

Məsələn, tez bir zamanda borclarınızdan xilas olmaq istəyirsiniz, lakin eyni zamanda dostlarınızdan geri qalmamaq üçün bahalı məkanlara gedərək pul xərcləyirsiniz. Bununla çətin ki, qarşıya qoyduğunuz məqsədlərə çatasınız.

İnsanlar adətən şəxsi maliyyə məsələlərində hansı səhvlərə yol verir və bu səhvlərdən necə qaçmaq olar?

Emosional xərclər:

Alış-veriş etmək bir çox insan üçün əhval-ruhiyyəni yüksəltmək və kefini açmaq üçün bir vasitədir. Lakin emosional, yaxud da impulsiv xərclər nadir hallarda kömək edir və əksinə, vəziyyəti çətinləşdirir. Alış-veriş etdikdən dərhal sonra yaranan hislər müvəqqətidir.

İmpulsiv alış-verişdən xilas olmaq üçün özünüz üçün bir neçə sadə qayda təyin edin. Məsələn, alış-verişə yollanmadan öncə özünüz üçün bir siyahı tərtib edin və bu siyahı çərçivəsindən kənara çıxmayın. Yaxud hər hansı planlaşdırılmamış əşyanı almadan əvvəl özünüzü 24 saat ərzində gözləməyə məcbur edin.

Borca pul vermək:

Dostlara və yaxud qohumlara müəyyən miqdarda borca pul verərək əl uzatmaq sözsüz ki, xeyirxah bir addımdır. Lakin bununla eyni zamanda öz büdcənizə və yaxın insanlarla münasibətinizə zərər vurursunuz. Zamanla pulsuz və dostlarsız qala bilərsiniz.

Dostunuzun problemini ona borc pul verməyərək başqa üsullarla həll etməyə çalışın. Yox əgər ona məhz pulla kömək etmək istəyirsiniz ki, bunu hədiyyə olaraq qəbul edin. Beləliklə, o sizin borcunuzu qaytarmadıqda özünüzü incimiş hiss etməyəcəksiniz… Yox əgər ona öz şəxsi büdcənizdən belə bir hədiyyə etmək iqtidarında deyilsinizsə, ən yaxşısı borca pul verməyin.

Başqalarının hesabını ödəmək:

Elə insanlar var ki, nahar etdikdən sonra və yaxud alış-veriş zamanı öz dostlarının hesabını ödəməklə qürur duyur. Əgər başqalarının hesabını ödəməklə artıq borca düşmüsünüzsə naahat olmaq zamanı çatıb.

Mütəmadi olaraq yaxınlarının və yaxud dostlarının hesabını ödəyən insanlar tez bir zamanda həmin insanların belə davranış şəklinə vərdiş etdiklərini müşahidə edirlər və onlar daim sizdən bunu etməyinizi gözləyəcəklər. Bunu etmədikdə isə münasibətlər təbii olaraq korlanır.

Maaşdan maaşa yaşamaq:

Hər ay aylıq xərcləri ödəməyib və ilkin zəruri əşyaları alırsınız, geri qalan məbləği isə istədiyiniz şəkildə sərf edirsiniz. Bütün əmək haqqınızı xərcləyir, qənaət olaraq müəyyən məbləğ ayırmır və öz gələcəyinizə yatırım etmirsiniz. Bu o deməkdir ki, sizin “qara gün” üçün vəsaitləriniz olmayacaq, “fövqəladə” vəziyyət yarandıqda və karyera bitdikdə sizin rahat təqaüd dövrünüz olmayacaq.

Bu vəziyyət ilə üzləşməmək üçün yuxarıda qeyd edilən bütün cəhətlər nəzərə alınmaqla şəxsi büdcəni planlaşdırmaq mütləqdir. Bu məqsəd üçün belə bir qaydadan istifadə edə bilərsiniz: qara gün üçün nəzərdə tutduğunuz fond qənaət rejimində 6 ay ərzində yaşayış üçün sərf etdiyiniz xərclərə bərabər olmalıdır. Təqaüdə çıxdıqdan sonra istifadə etmək üçün ayırdığınız məbləğ isə gəlirinizin 10%-ni təşkil etməlidir.

Reallıqdan kənar olmaq:

Öz kredit kartınızdakı və bankdakı hesabınızı yoxlamaqdan qaçırsınızsa, demək olar ki, pul komasında yaşayırsınız. Problemi görməzdən gələrək onun özü-özünə həll olunacağını gözləmək axmaqlıqdır.

Bu səhvə yol verməməyin yeganə üsulu – problemi diqqətlə öyrənmək və onun həlli üçün plan tərtib etməkdir. Artıq baş vermiş hadisələrə reaksiya vermək əvəzinə, daha diqqətli olmaq lazımdır. Kredit tarixçənizi, borclarınızı, xərclərinizi daim nəzarətdə saxlayın.

 

Son xəbərlər
Digər xəbərlər