Qadağa və məhdudiyyətlər: Müxtəlif ölkələrdə Bitcoin necə tənzimlənir

Bəzi ölkələrdə hazırda dünyanın ən populyar rəqəmsal valyutası Bitcoin əsas valyutaya bərabərləşdirilib, kriptovalyuta, qeyri-maddi vahid, virtual məhsul və s. kimi tanınıb. Bəzi ölkələr isə əksinə, kriptovalyuta ilə bütün əməliyyatları məhdudlaşdırır və yaxud tamamilə qadağan edir.

Banker.az dünyada kriptovalyutaların tənzimlənməsi məsələsinə ümumilikdə necə yanaşıldığını ətraflı şəkildə nəzərdən keçirməyə dəvət edir.

Kriptovalyutalara “düşmən” olan hökumətlər

Çin son zamanlar öz tənzimləyici tədbirləri ilə gündəmə gəlib. Belə ki, 2017-ci ilin sentyabr ayında ölkədə ICO keçirilməsi və kriptovalyuta birjalarının fəaliyyəti rəsmi şəkildə qadağan edildi. Bu yaxınlarda rəqəmsal valyutalar ilə ticarət və mübadilə ilə təmin edən yerli və xarici alternativ platformalar da qadağaya məruz qaldı. Hazırda tənzimləyicilər ölkədə kriptovalyuta əldə edilməsi ilə bağlı əməliyyatların da dayandırılmasına təkid edirlər. Çində elektrik enerjisinin dəyərinin aşağı olması ölkəni çoxdan kriptovalyuta əldə edilməsi üzrə əsas mərkəzə çevirib. Belə ki, Bitcoin mayninqinin təqribən dörddə bir hissəsi Çinin payına düşür. Ölkə rəhbərliyinin bu cür planlarının kriptobazarı silkələməsi heç də təəccüb doğurmur.

Kriptovalyutalar ilə əməliyyatlara qadağalar Qırğızıstan, Vyetnam, İndoneziya, Banqladeş, Nepal, Mərakeş, Əlcəzair, Boliviya, Ekvador da daxil olmaqla bir neçə kiçik ölkələrdə də mövcuddur. Bu yaxınlarda Misir müftisi Şeyx  Şavki Allam kriptovalyuta ilə ticarəti qadağan edən fətva verdi. Bundan əlavə, o, Bitcoin valyutasının İslam dininin qaydalarına zidd olduğunu düşünür.

Maraqlıdır ki, bəzi hökumətlər rəqəmsal valyutalara qarşı qəzəblərini azaldıblar. Məsələn, əvvəllər rəqəmsal valyutalara qarşı əks mövqeyə sahib Malayziya və Tailand hökuməti hazırda kriptovalyutaların tənzimlənməsi ilə bağlı qanun layihələrini müzakirə edir.

Nigeriya da isə ötən ilin yanvar ayında ölkənin Mərkəzi bankı kriptovalyuta əməliyyatlarının həyata keçirilməsini qadağan etmişdi. Lakin tənzimləyici ilk ərzində öz mövqeyini yumşaldıb.

ABŞ-da kriptovalyutalar əmlak olaraq qəbul edilir və buna uyğun olaraq vergiyə cəlb olunur. Bundan əlavə, ICO təşkilatçıları ABŞ-da tənzimləyicinin tələblərini yerinə yetirməyə məcburdurlar.

Avropa İttifaqında isə hələ ki, kriptovalyutalar haqqında ümumi tənzimləyici sənədin yaradılmasına nail olmayıblar. Lakin, başda Almaniya və Fransa olmaqla, üzv ölkələr fəal olaraq bununla bağlı çağırışlar edirlər. Buna baxmayaraq, 2015-ci ilin oktyabr ayında Avropa məhkəməsinin vergitutma ilə bağlı qərarı dünya təcrübəsi üçün nümunə olaraq kifayətdir. Hakimlər belə təyin edib ki, Bitcoin ödəniş vasitəsi olaraq qəbul edilməlidir, bu isə o deməkdir ki, ona vergi tətbiq etmək olmaz. Avropa Mərkəzi Bankı isə Bitcoin valyutasını konvertasiya edilə bilən desentralizə olunmuş virtual valyuta olaraq təsnif edir.

Qarışıqlıq və fikir ayrılığı əsas bazarlardan biri olan Cənubi Koreyada da yaşanır. Uzun müddət ölkənin tənzimləməni sərtləşdirəcəyi və kriptobirjaların bağlanacağı ilə bağlı şayiələr dolaşırdı. Koreyalılar fəallıq nümayiş etdirdi və sayılı günlər ərzində kriptovalyuta ilə ticarətə qadağa qoyulmasına qarşı petisiyada 250 mindən çox imza topladılar. Ölkə rəhbərliyi tərəfindən hələ ki, rəsmi cavab verilməyib. Yalnız o məlumdur ki, bu ayın sonundan etibarən, koreyalı treyderlər üçün kriptovalyuta hesabı açarkən əsl adlarından istifadə etmələrini mütləq edən qayda qüvvəyə minir. Treydinqin qadağası isə aktual deyil.

 

Eyni zamanda, Cənubi Koreya Milli Müdafiə Nazirliyi hərbi bazalarda kriptovalyuta birjalarına girişi blok etməyə başlayır. Bu qərarın fərdi, yaxud kütləvi xarakter alacağı hələ ki, məlum deyil.

Maraqlı vəziyyət Hindistanda da yaşanır. Ölkədə Bitcoin ilə əməliyyatlar rəsmi şəkildə qadağan edilməsə də, yerli tənzimləyicilər və nəhəng maliyyə institutları onu qanuni ödəniş vasitəsi olaraq tanımırlar. Tənzimləmənin olmaması məmurlara kriptobirjaların işinə qarışmağa və onu məhdulaşdırmağa çalışmalarına mane olmur. Məsələn, məşhur hindli kriptobirja Koinex banklar tərəfindən tranzaksiyaların həyata keçirilməsinə mane törətdiklərindən rupi çıxarılmasını məhdudlaşdırmağa məcbur olduğunu elan etmişdi. Bunun Mərkəzi bankın qeyri-rəsmi təzyiqi səbəbindən baş verdiyi deyilir.

Bununla yanaşı, bir çox ölkələr hələ ki, kriptovalyutalar ilə bağlı mövqeyini elan etməyib.