13 C
Baku
Friday, April 19, 2024

Qeyri- səlist məntiq nədir və ya Lütfi Zadə dünyaya nəyi bəxş etmişdir?

Müəllif: Samir Mastaliyev, Baş redaktor

Lütfi Zadə, bəlkə də dünya miqyasında bu səviyyədə tanınan və hörmət edilən yeganə şəxslərdəndir ki, hər bir Azərbaycanlı onunla fəxr edir. Lütfi Zadənin elmi işlərinin faydası haqqında çox eşidirik, bəzilərimiz isə hətta görürük. Amma onun qeyri-səlist məntiq nəzəriyyəsinin mahiyyəti nədən ibarət olduğu haqqında çoxumuzun sadə də olsa təsəvvürü yoxdur. Yadımdadır, universitetində oxuyan zaman tədris proqramının bir bölməsi də məhz bu nəzəriyyəyə ayrılmışdır – lakin, müəllimin bir gözəl misalından savayı bu elm haqqında əlavə nə isə öyrənə bilməmişdik. Misal isə bundan ibarət idi “ Şorabanın içində 2 tük təsəvvür edin. İndi isə insan başında tükləri təsəvvür edin. Birinci halda şorabanın içindəki 2 tük çox gəlirdisə, insan başında 2 tük olduqca kiçik bir göstəricidir”.

Əslinə qaldıqda , bəlkə də müəllimin qeyd etdiyi misal, qeyri-səlist məntiqi müəyyən mənada izah edir. Amma o, bu nəzəriyyənin praktiki əhəmiyyəti haqqında, bu nəzəriyyənin hansı sahələrə tətbiq edilməsi ilə hansı faydaların əldə edilməsi haqqında heç bir məlumat vermir.

İlk olaraq qeyd edim ki, qeyri-səlist məntiq qərarların qəbul edilməsində istifadə olunur. O vaxtlar, müxtəlif alətlərin olmasına baxmayaraq, intellektual qərar qəbul etmək qabiliyyəti demək olar ki, yalnız insana məxsus idi. Qeyri-səlist məntiq nəzəriyyəsinin gözəlliyi isə onun özündə riyazi həllər çoxluğundan ibarət olmasında və müxtəlif situasiyaya uyğun olaraq cavab variantının təqdim edilməsindən ibarətdir. Müxtəlif sahələrdə qərarlar fərqli olduğundan, bu nəzəriyyənin tətbiq sahəsi də çox genişdir.  Qeyri-səlist məntiqin qərar qəbulunda necə istifadə olunduğuna sadə misal üzərində baxaq:

Fərz edək ki, biz yumurtanı bərk formada bişirməliyik. Məlum məsələdir ki , yumurta suda bir neçə dəqiqə qaynadılmalıdır. Amma bu dəqiqələr yumurtanın ölçüsündən asılı olaraq dəyişir.  İndi isə fərz edək ki, biz yumurta qaynatmağı bacaran robota “ başa salmalıyıq” ki, bir yumurtanı nə boyda olmasından asılı olaraq neçə dəqiqə qaynadmalıdır. Adətən bu prosesdə orta bir yumurta ölçüsü götürülür və ondan hər kiçik olan yumurta proporsional olaraq az, hər böyük yumurta isə proporsional olaraq çox qaynadılmalıdır.

Təbii ki, bu primitiv misal olmasına baxmayaraq , bu sistemin daha mürəkkəb sistemlərdə tətbiqi zamanı əldə olunan nəticələr robot və kompüterlərin daha intellektual qərar qəbul etməsinə əvəzsiz köməklik göstərir.

Yeri gəlmişkən, ayda və ya digər kosmik cismlər üzərində hərəkət edə bilən robot maşınlarda məhz Lütfi Zadənin nəzəriyyəsi əsasında işləyirlər. Bu maşınlar insanın təsiri olmadan qərar qəbul edərək hansı istiqamətə hərəkət etmək imkanına malikdirlər.

Maliyyə və bankçılıq sahəsindədə müxtəlif “ağıllı” sistemlərin tətbiqi zamanı qeyri- səlist məntiq nəzəriyyəsindən geniş istifadə olunur. Bu ilk növbədə scoring modellərin tərtibində əvəzsiz rol oynayan metodlardan hesab olunur. Fərz edin , bir müştərinin 500-dən çox göstəricilərini təhlil edərək onun hansı məbləğli kreditə uyğun olduğunu müəyyən etmək heç də asan bir məsələ deyildir və bunu adi bir adamın vərəq üzərində hesablaması olduqca çox bir vaxt aparar. Lakin, qeyri- səlist məntiqlə alqoritmi qurulmuş bir proqram bu prosesi bir neçə saniyənin içində həll etmək gücünə malikdir.

Qeyri -səlist məntiqin tam aydın olması üçün bir neçə əlavə misala da baxaq:

Fərz edək, bizim qarşımızda qum topası vardır. Həmin topadan bir qum dənəsi götürülərsə, qup topası yenədə qum topası olaraq qalacaq. Amma qum dənəcikləri davamlı olaraq götürülərsə , artıq hansısa müddətdən sonra qup topası artıq qup topası olmayacaq. Məhz, bu nöqtənin müəyyən edilməsi qeyri- səlist məntiqin predmətlərindən biridir. Yəni , bu nəzəriyyədə qeyri -müəyyən kateqoriyaların, müəyyən edilməsi ən vacib nüansdır.

Və ya bir restoranın dolu olması, az dolu olması və ya çox dolu olması məvhumları arasında fərq aydın deyil .  Bu 3 məvhumun bir-birindən fərqi nədir? Az dolu olmaq dedikdə restoranda neçə nəfərin olması nəzərdə tutulur və s.

Qeyd etdiyimiz məqalə Lütfi Zadənin yaratdığı nəzəriyyə haqqında yalnız ilkin informasiyanı verir. Növbəti yazılarımızda bu nəzəriyyənin maliyyə və bankçılıq sahəsində tətbiqlərinə dair praktiki məsələlərə baxacağıq.

Son xəbərlər
Digər xəbərlər