Qiymətləndirmədiyimiz, lakin karyerada kömək edən bacarıqlar

Özünüzdə lazımi bacarıq və vərdişləri inkişaf etdirsəniz, bu nəinki karyera pilləsində irəliləməyə, həmçinin arzusunda olduğunuz işi əldə etməyə kömək edəcək.

Bu səbəbdən də məhz hansı bacarıqların işinizə yarayacağı barədə düşünmək lazımdır. Burada söhbət yalnızca professional bacarıqlardan deyil, özünüzdə inkişaf etdirməli olduğunuz şəxsi keyfiyyət və bacarıqlardan da gedir.

Banker.az saytı bu yazıda bir qayda olaraq qiymətləndirilməyən, lakin karyera pilləsində irəliləməyə kömək edən bacarıqlardan bəhs edəcək.

1. Diqqəti toplamaq bacarığı

Bütün diqqəti cari olaraq yerinə yetirilən iş üzərində cəmləyə bilmək bacarığının bir sıra üstünlükləri mövcuddur.

Birincisi, maksimum konsentrasiya zamanı məhsuldarlığımız maksimum göstəriciyə çatır. İkincisi, insanların əksəriyyəti asan və çətin tapşırıqlar arasında seçim etdikdə daha asan olanını seçirlər. Buna görə də, bu bacarıq digərlərinin fonunda seçilməyə imkan verəcək.

Üçüncüsü isə, işinizə daha çox əhəmiyyət qazandıracaq bacarıq və vərdişləri maksimum şəkildə artırmağa imkan verəcək.

Sizi daim yayındırdıqlarında işə konsentrasiya olmaq mümkün deyil. Buna görə də, bu bacarığı təcrübədən keçirmək üçün gün ərzində heç kimin sizə toxunmayacağı müəyyən zaman kəsiyi təyin edin və bu zaman ərzində diqqəti həmin işə kökləyərək maksimum iş icra etməyə çalışın.

Başlanğıc üçün bu zamanı kolleqalarınızın sizi söhbətə cəlb etmədiyi, sosial şəbəkələrsiz 2 saat olaraq təyin edə bilərsiniz.

Və mütəmadi olaraq demək olar ki, heç nəyin sizi yayındırmadığı bir mühit yaradın. Bunun üçün telefonunuzu söndürə, sosial şəbəkə səhifələrini bağlaya bilərsiniz. İşiniz üzərində diqqətinizi cəmləyin və nəticələr sizi heyrətləndirəcək.

2. Tənqidlərə və iradlara qarşı təmkinlilik

İşinizə qarşı ünvanlanmış tənqidi dinləmirsinizsə, professional planda heç vaxt arta bilməyəcəksiniz. İnsanlar nəinki sizinlə işləmək istəməyəcək, onlar həmçinin sizin tənqidlərinizi dinləməyəcək və məsləhətlərinizi ciddiyə almayacaq.

Hər dəfə öz ünvanınıza edilmiş tənqid eşitdikdə ilk olaraq qorunma arzusunun peyda olacağını yadda saxlamaq vacibdir. Lakin müsahibin nə dediyini dinləməyi bacarmaq vacibdir.

Haqlı tənqid və iradlardan nəticə çıxarmaqla işinizdəki qüsurları aradan qaldıra və bu işi daha keyfiyyətlə ərsəyə gətirə bilərsiniz. Bu isə o deməkdir ki, professional planda inkişaf edəcəksiniz.

Buna görə də, qorunmaq əvəzinə psixoloqlar başqa bir reaksiya məsləhət görürlər. Müsahibinizdən işinizdə yanlış hesab etdiyi amillər barədə daha ətraflı məlumat verməsini xahiş edin. Məhz bu şəkildə rəhbərlik və kolleqalarınızda digərlərini dinləyən və əməkdaşlığa hazır biri olaraq xoş təəssürat bağışlayacaqsınız.

3. Özünə hesabat vermək vərdişi:

Yeni layihəyə qoşulmağa könüllü olmaq ayrı, layihəni sona çatdırmaq tamamilə ayrı məsələdir. Bəzən insanlar üzərlərinə bacardıqlarından daha çox iş götürür. Öz resurslarınızı düzgün şəkildə qiymətləndirmək və yalnız bundan sonra üzərinizə yeni öhdəliklər götürməlisiniz.

Adətən yeni tapşırıqların icrasına nə qədər zaman və güc tələb olunduğunu bilmədiyimizdən, öz resurslarımızı layiqincə qiymətləndirmirik.

Məhz buna görə ekspertlər hesab edir ki, belə hallar zamanı ən pis vəziyyətə hazır olmaq və planlama lazımdır.

Daha doğrusu, müəyyən tapşırıq üçün nə qədər zaman tələb olunduğunu təqribən hesablayın, daha sonra isə ilkin hesablamaların 25-50%-ni ona əlavə edin.

Daha sonra maksimum müddət nəzərə alınmaqla tapşırığın icrasını vəd edin. Yaxşı halda işi daha əvvəl bitirəcəksiniz. Ən pis halda isə nə isə yalnış getdikdə əlavə zamanınız qalacaq.