14 C
Baku
Saturday, April 27, 2024

Qızılın qiymətinin düşməsi bankların fəaliyyətinə ciddi təsir edir

Dünya iqtisadiyyatında yenidən böhran meyllərinin müşahidə olunması, paralel olaraq, qiymətli metalların da dəyərdən düşməsi ilə müşayiət olunmaqdadır. Bu hal banklarda da özünü göstərir. Məsələ burasındadır ki, son aylar neftin ucuzlaşması ilə bərabər bank metallarının da dəyərdən düşməsi müşahidə edilir. Qeyd edək ki, bank metalları dedikdə qızıl, palladium, platin və gümüş nəzərdə tutulur. 

Əsas bank metalı olan qızılın bir Troya unsiyasının dəyəri iyulun 12-də 1340 dollar olduqdan sonra enməkdə davam edir. Hazırda xalis qızıl 1238 dollara satılır. Son 2 ayda qızıl 7,6 faiz ucuzlaşıb. Digər bank metalı olan palladiumda ucuzlaşma avqustun sonundan müşahidə olunur. Avqustun 29-da troyan unsiyası 908 dollara satılan palladium hazırda 830 dollaradır. Ötən qısa müddətdə palladium 8,6 faiz dəyər itirib. Platində qiymət enməsi qızılla eyni xətti izləyir. İyulun ortasında 1516 dollara satılan platinə indi 1361 dollar təklif edilir. Ötən dövrdə platin 10,22 faiz ucuzlaşıb.

Gümüş də qızıl və platindən fərqlənməyib. Gümüşün dəyəri iyuldan bəri 13,25 faiz enib.

İyulda 21,5 dollara satılan gümüşü indi 18,5 dollara alırlar.

Qeyd edək ki, hazirda qizilin qiymeti 1 unsiya uchun 1230 dollardır.

Bütün bunlar Azərbaycanın da bank sektorunda özünü qabarıq formada göstərir. Xatırladaq ki, qiymətli metallardan Azərbaycan banklarında daha çox qızıldan istifadə olunur. Qızıl isə enməkdə davam edir. Mərkəzi Bankın açıqladığı məlumata əsasən, bir unsiya (31 qram) qızılın qiyməti 967,9 manat və ya 1 qram üçün 31,2 manat təşkil edir. Bu, 10 yanvar 2014-cü il tarixindən sonra qeydə alınan ən aşağı göstərici hesab olunur. Son üç gün ərzində qızılın qiyməti 1,2% aşağı düşüb. Sentyabr ayının 11-də 1 unsiya qızılın qiyməti 979,27 manat olduğu halda, son məlumata görə, artıq 967 manata düşüb. Ümumiyyətlə, sentyabr ayının əvvəlindən qızılın qiyməti 4% ucuzlaşıb. Məlumat üçün bildirək ki, qızıl 2013-cü il ərzində 18,3% ucuzlaşıb. Qeyd olunduğu kimi, belə vəziyyət bank sektorunda da özünü göstərir. Hazırda banklar qızıl külçələrin satışı və depozitinə böyük maraq göstərir. Qızıl külçələrin qiyməti dünya bazarında qızılın qiymətindən, eləcə də Mərkəzi Bankın valyuta məzənnələrindən asılıdır. Banklarda satılan qızılın əyarı yüksək olduğu üçün mağazalarla müqayisədə satış qiyməti bir qədər bahadır. Ölkəmizdə artıq bir sıra banklar əhaliyə həm qızıl külçə alışını, həm də onları saxlamaq üçün xidmətlərini təklif edir. Satışda ən yüksək 999,9 əyarlı 5, 10, 20, 50, 100, 250 və 500 qram çəkidə olan qızıl külçələr mövcuddur. Qızıl külçələrin istehsalçı zavod tərəfindən verilən xüsusi keyfiyyət sertifikatı var. Hər bir külçənin üzərində seriya nömrəsi və istehsalçının adı qeyd olunub. Ümumiyyətlə, indi əksər banklar qızıl külçənin satışı ilə yanaşı, onların alışını da həyata keçirir. Bu, müştərilərə imkan verir ki, alınmış qızıl külçəni operativ qaydada bankda nağd pula çevirsinlər və qızılın qiyməti artdığı halda əlavə gəlir əldə etsinlər. Müştəri aldığı qızıl külçəni onun maksimal təhlükəsizliyi üçün seçdiyi bankda bank seyfini icarəyə götürərək burada saxlaya bilər. İndiyə qədər banklar belə əməliyyatlardan böyük həcmdə gəlir götürürdü. Lakin hazırda qızılın qiymətinin azalması bu sahədə çətinliklər yaradıb. Eyni zamanda vətəndaşlar da qızılla maliyyə əməliyyatlarına ehtiyatla yanaşır. Lakin banklar vətəndaşları bu məsələdə fəal olmağa çağırır. Bank ekspertləri bildirir ki, beynəlxalq valyuta növlərinə o qədər də inam qalmayıb. Dollar və ya avro hər zaman nüfuzunu itirə bilər. Ona görə indi vətəndaşlar da qızıl külçələr alıb banklarda, evlərində saxlamaqda maraqlı olmalıdır.

Qızıl depoziti pul formasında da həyata keçirilə bilər. Yəni vətəndaş qızılın qiymətinə uyğun olaraq banka pul qoyur. Bank əməliyyatları məhz dünya bazarında qızılın qiymətinin qalxıb-enməsinə uyğun olaraq tənzimlənir. Burada depozitorun iki xeyri var. Dünya bazarında qızılın qiyməti qalxarsa, vətəndaşın depozitinin üstünə pul gəlir. Bir də bütün hallarda vətəndaşın depozitinin aylıq faizi hesablanır. Qızılın qiyməti aşağı düşəndə isə faiz gəlir, amma birinci qazancdan məhrum olur. Bununla belə, banklar qızılla maliyyə əmanətlərini daha səmərəli sayır.

BakıXəbər

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər