Qlobal kriptovalyuta bazarında satış kəskinləşib

Qlobal kriptovalyuta bazarında yanvarın 7-də başlayan kütləvi satış bu gün daha da kəskinləşib. Yanvarın 7-də 836 mlrd. dollar – rekord həddə qədər yüksələn kriptovbalyuta bazarının kapitallaşması hazırda maksimal həddən 164 mlrd. və ya 19,6% aşağıdır.

Qeyd edək ki, bu gün bitkoinin qiyməti 10%-ə yaxın azalma ilə 14 000 dollar səviyyəsindən aşağı düşüb. Sərt satışlar bir neçə gündür “ripple”da da davam edir. “Ripple” son 6 gün ərzində 3,79 dollardan 1,75 dollara qədər geriləyib. Həmçinin, “Ripple” bazarda kapitallaşmasına görə 3-cü sıraya enib. Hazırda onun kapitallaşması 68 mlrd. dollara yaxındır və ikinci sırada qırarlaşan “Ethereum”dan 59 mlrd. və ya 46% azdır.

Kriptovalyuta bazarında kapitallaşmasına görə ilk 10-luqda yer alan valyutalardan bu gün ən çox qiyməti azalan “Ripple” (28%), “Stellar” (23%) və “Ccardano”dur (22%). Qiyməti artan yeganə valyuta isə “Ethereum” (+5,5%) olub.

Xatırladaq ki, “Bitcoin” 34% bazar payı ilə bazarda ən yüksək kapitallaşmaya sahib olan valyutadır. “Ethereum”un məcmu kapitallaşmada payı 18,7%, “Ripple”ın isə 10% təşkil edir.