16 C
Baku
Thursday, April 25, 2024

Rubl və lirənin “yuxusuz gecələri”: Azərbaycan iqtisadiyyatı üçün gözləntilər

Son həftələrdə dünya siyasətində baş verən proseslər, xüsusilə Qərbin Rusiya və Türkiyə ilə münasibətlərində gərginliklər regionumuz üçün xeyli narahatlıqlarla müşahidə edilir. Şübhəsiz ki, bizim iqtisadi təhlilçilərə baş verənlərin Azərbaycan üçün iqtisadi tərəfləri maraqlıdır: Rusiya və Türkiyə milli valyutalarının dəyər itirməsi, xüsusilə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların Azərbaycana mümkün təsirləri nələr ola bilər, bu təsirlər ölkə iqtisadiyyatında özünü necə göstərəcək, milli iqtisadiyyatın hazırkı imkanları və mövcud siyasi şərtlər həmin təsirləri zərərsizləşdirmək üçün yetərlidirmi?

Rusiya və Türkiyə iqtisadiyyatında baş verən proseslərə Azərbaycanın yüksək həssaslığı təkcə bu 2 ölkə ilə eyni regionu paylaşmamızla bağlı deyil. Bu həm də Azərbaycan iqtisadiyyatının hər 2 ölkədən yüksək asılılığından irəli gəlir. Mümkün təsirləri obyektiv və hərtərəfli qiymətləndirmək üçün mövcud asılılıq kanallarına (bunlara təsir kanalları da demək olar) diqqətlə baxmaq lazımdır.

Bu kanalların sayı bəlk də daha çoxdur, lakin bu kiçik yazıda daha fəal olan 3 kanal və onların hər birindən gələ biləcək risklərdən söhbət gedir. Adətən qarşılıqlı iqtisadi ölkələrin bir-birinə təsir kanallarının sayı nə qədər çox, bu kanalların miqyası nə qədər böyük olursa, həmin ölkələrdə baş verən proseslərin bir-birinə təsirləri də o qədər yüksək olur.
Şübhəsiz ki, əsas kanallardan biri əmtəə və xidmət ticarətidi. 2017-ci ilin nəticələrinə görə, Azərbaycanın ümumi ixracının 16%-i, idxalının isə 30%-i Rusiya və Türkiyənin payına düşüb. Göründüyü kimi, idxaldan asılılıq xeyli yüksək olsa da, ümumi ixracda pay elə də yüksək deyil. Məsələn, Gürcüstanın ixrac baxımından Rusiya və Türkiyədən asılılığı Azərbaycanla müqayisədə daha yüksəkdir və 23% təşkil edir. Lakin Azərbaycan üçün qeyri-neft ixracının coğrafi şaxələnmə əmsalının yüksək olması daha önəmlidir. Bu sektorun isə Rusiya və Türkiyədən asılılıq əmsalı həddən artıq yüksəkdir və 2017-ci ildə təxminən 1.5 mlrd. dollarlıq qeyri-neft ixracının 53%-i (810 mln. dollar) məhz 2 qonşu ölkənin payına düşüb. Əgər neft amilini saymasaq, Azərbaycan ixracının regionun 2 böyük ölkəsindən asılılığı Gürcüstanla müqayisədə təxminən 2.5 dəfə yüksəkdir.

Təəssüf ki, xidmət idxal-ixacının dəyər ifadəsində coğrafi strukturu barədə açıqlama olmadığından Azərbaycanın adıçəkilən 2 ölkə ilə əlaqələrinin səviyyəsi barədə nəsə demək çətindir. Lakin ən azından turizm statistikasına görə, Azərbaycana turist axınının az qala yarısının Rusiyanın payına düşdüyünü nəzərə alısaq, deməli Azərbaycanın turizm xidmətlərinin ixracının da xeyli hissəsi təkcə Rusiyanın hesabına təmin edilir. Amma turizm ixracından gəlirlər Azərbaycanın xidmət ixracı üzrə daxilolmaların cəmi 40%-ni təşkil edir. Yerda qalan gəlirlər əsasən neft sektoru ilə bağlı nəql və tikinti sektoru ilə bağlıdır ki, bu xidmətlər isə əsasən Rusiyadan kənarda baş verir.

Bu statistik məlumatları əsas götürsək, Türkiyə və Rusiya iqtisadiyyatında qeyri-sabitliyin davam edəcəyi, rubl və lirənin davamlı olaraq dəyər itirəcəyi halda Azərbaycan üçün hansı təsirləri gözləmək olar? Əvvəla, qeyri-neft ixrac gəlirləri azala bilər. Çünki neft ticarətindən fərqli olaraq qeyri-neft ticarətində idxal-ixrac müqavilələri üzrə hesablaşmalar xarici valyuta ilə həyata keçirilsə də, ixrac məhsulları daxili bazarda yerli valyuta ilə realizə olunur. Nəzərə alaq ki, əmtəə və xidmətlərin qiyməti heç də həmişə məzənnə dəyişikliyinə uyğun tempdə baş vermir, əksər hallarda yerli valyutaların dönərli valyuta qarşısında dəyərdən düşmə səviyyəsi qiymət artımına nisbətdə daha yüksək olur. Bunun nəticəsində yerli valyuta ilə satılan, dəyəri xarici valyuta ilə ödənilən məhsulların ixracatçıları üçün gəlir itkisi qaçılmaz olur. İlk baxışdan belə görünə bilər ki, Qərblə münasibətlərin pisləşməsi fonunda bu ölkələrdən Rusiyaya gələn kənd təsərrfatı məhsullarının azalması Azərbaycanın Rusiya bazarlarında payını artıra bilər. Lakin son 3 ilin təcrübəsi göstərdi ki, əvvəla Azərbaycanın ərzaq istehsalı potensialı zəifdir, daha çox daxili tələbatı ödəməyə yönəlir. Digər tərəfdən isə bu boşluğu daha çox Latın Amerikası və Asiya ölkələri doldurur, çünki həmin ölkələrin kənd təsərrüfatı potensialı böyük, ucuz məhsul təklif etmək imkanı genişdir.
Lakin idxaldan vəziyyət fərqlidir – yerli valyutaları dəyər itirən ölkələrdə xarici tərəfdaşlarla müqayisədə real effektiv məzənnə daha sürətlə ucuclaşdığı üçün onlardan idxal da ucuzlaşır. Məsələn, 1 ay əvvələ nisbətən indiki məzənnə ilə Rusiya və Türkiyədən idxal Azərbaycan üçün daha sərfəlidir. Bu şəraitin təhlükəli tərəfi odur ki, bir sıra məhsulların (xüsusilə qida və geyim) idxal nümunələri daha ucuz başa gəldiyi üçün həmin məhsulların yerli anoloqlarını əldə etmək daha sərfəsiz olur. Bu isə 2015-ci ildən sonra idxalı əvəzləmə siyasətini prioritetlərdən biri kimi önə çəkən Azərbaycan üçün xeyli problemdir. Nəzərə alaq ki, Rusiyadan Azərbaycana idxalın ən azı üçdə biri, Türkiyədən idxalın isə 20%-ə qədəri qida sənayesi və kənd təsərrüfatı ilə bağlıdır. Nəzərə alaq ki, bu bu sahələr Azərbaycan prioritet inkişaf sahələri sırasında öndə gedir.

İkinici təsir kanalı ilkin və təkrar gəlirlər formasında əldə olunan gəlirlərdir. Bura Türkiyə və Rusiyada işləyən Azərbaycan vətəndaşlarının əmək haqqı və sahibkarlıq gəlirləri formasında əldə etdikləri gəlirlərdən burada yaşayan ailə üzvlərinə və yaxınlarına göndərdikləri pul baratları (remiatanslar), Azərbaycanın biznes sektoru və ev təsərrüfatları, həmçinin hökuməti vasitəsilə qoyulan birbaşa və portfel investisiyalara, bank depozitlərinə görə dividendlər, fazilər və digər sərmayə gəlirləri, repatriasiya olunan mənfəət və s. daxilidir.
Öncədən qeyd edim ki, Azərbaycana daxil olan bütün remitansların ən azı 80%-i Rusiyanın payına düşür. Bu informasiya Azərbaycan və Rusiya mərkəzi banklarının pul baratları ilə bağlı məlumatlarının tutuşdurulması əsasında ortaya çıxır. Şübhəsiz ki, orda çalıçan həmvətənlərimiz əsasən yerli valyuta ilə gəlir əldə edir və rublun dəyər itirməsi hazırkə şəraitdə dollar və ya manat ekvivalntində ölkəyə daha az remitans göndərməsinə səbəb olur. Qeyri-rəsmi məlumata görə isə Rusiyadan göndərilən pula baratlarının həcmi rəsmi göstəricidən azı 50% çoxdur.

Azərbaycanın biznes sektoru və ev təsərrüfatlarınını istər Türkiyə, istərsə də Rusiyaya qoyduğu sərmayələr (həm əsaslı kapital və daşınmaz əmlak, həm də maliyyə investiyası formasında) barədə məlumat çox qıtdır. Amma xüsusilə də Türkiyədə azərbaycanlılara məxsus fond birjası vasitəsilə İPO həyata keçirmiş xeyli sayda şirkət var, Azərbaycan sərmayəsinin fond bazarından kənar kanallarla Türkiyəyə daxil olması ilə bağlı zaman-zaman müəyyən faktlar səsləndirilir, soydaşlarımızın Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında ön sırada olmasına dair Türkiyə mediasında dəfələrlə məlumatlar gedib. Nəzər alaq ki, həmin şirkətlərin qazanclarından, daşınmaz əmlakın icarəsindən əldə olunan gəirlərin müəyyən bir hissəsi ölkəyə repatriasiya olunur. Şübhəsiz ki, lirənin dəyər itirməsi yerli valyuta ilə əsasən yerli bazar üçün məhsul və xidmət istehsalı ilə məşğul olan biznes üçün itkilər gətirir.

Yaxud Azərbaycan hökuməti Neft Fondu vasitəsilə VTB-nin aktivlərinin 500 mln. dollarını rubl aktivi formasında Rusiyaya yatırıb və bu sərmayəyə görə dividendlər də rublla əldə olunur. Rusiya valyutası dəyər itirdikcə Neft Fondunun da divididendləri xarici valyuta ekvivalentində azalır. Eyni qaydada SOCAR Türkiyənin neft emalı və kimya sektoruna nəhəng sərmayə yatırıb (ilkin məlumata görə 5 mlrd. dollara yaxın). Son zamanlar səslənən mlumatlara görə, SOCAR-ın Türkiyənin neft emalı və kimya sektorundan əldə etdiyi qazancların 75-80%-i daxili bazarda formalaşacaq. Bu baxımdan lirənin daha sabit olduğu illərdə (2010-2015-ci illər) potensial sərmayə gəlirlərilə bağlı aparılan hesablamalara görünür yenidən baxmaq lazım gələcək.

Daha bir təsir kanalı qarşılıqlı kapital axınlarıdır. Bu axınlara birbaşa və portfel investisiyalar, digər maliyyə axınları (məsələn, əmanət qoyuluşları) daxildir. Türkiyədə “Star” kompleksinə və Rusiyada VTB-yə dövlət sektoru vasitəsilə qoyulan birbaşa və portfel investisiyaları nəzərə almasaq, Azərbaycandan bu 2 ölkəyə qoyulan sərmayələrin həcmi barədə demək olar ki, informasiya yoxdur. Yaxud da əksinə – Türkiyə və Rusiyadan Azərbaycana yönəldilən sərmayə (xüsusilə porfel investisiyalar) və depozit qoyuluşlarının, daşınmaz əlmaka yatırılan vəsaitlərin miqyası barədə açıq mənbələrdə məlumatlar yox səviyyədədi. Məhz belə informasiyaların olması kapital axınlarının miqyasını qiymətləndirməyə imkan yaradır. Bu məsələdə Rusiya ilə bağlı çox spesifik məqam var: bir tərəfdən orda yaşayan və bizneslə məşğul olan Azərbaycanlılar Rusiyada iqtisadi imkanlar daraldığı hallarda vəziyyətdən çıxmaq üçün Azərbaycanda olan əmlaklarını və ailələri vasitəsilə saxladıqları digər sərvətləri Rusiyaya aparmağa məcbur qalırlar və bu ölkədən kapital axınına səbəb olur. Digər bir məqam odur ki, Azərbaycanda böyük sərvətə malik oliqarxiyanın müəyyən hissəsi Türkiyə və Rusiyaya ilə sıx bağlıdır və hər 2 ölkədə, yekunda isə bütövlükdə regionda uzunmüddətli konfliktili şəraitin yaranması həmin qruplara məxsus kapitalın regiondan daha təhlükəsiz coğrafiyaya qaçmasına təkan verə bilər. Bu baxımdan bütün hallarda yaxın zamanlarda Azərbaynda iqtisadi sabitlik, o cümlədən milli valyutanın sabitliyi üçün həlledici şərt capital axınının miqyası olacaq. Əgər geosiyasi faktorlar ölkədən kapital qaçışına təkan verməsə, ölkənin cari hesablar balansının irihəcmli profisiti manatın xilaskarı rolunu qoruyub saxlaya biləcək.

Sonda 2 vacib məqamı qeyd etməyi lazım bilirəm: Türkiyədə uzunmüddətli iqtisadi qeyri-sabitikdən iqtisadi baxımdan ən böyük zərər SOCAR-a dəyə bilər. Çünki SOCAR bu ölkəyə böyük həcmdə xarici valyutada borc hesabına sərmayə qoyub. Həmin borcları qaytarmaq üçün daha sabit lirə lazmdır ki, xarici borcların qaytarlımasında böyük ziyanla üzləşməsin, bütövlükdə isə sərmayələrin daha tez özünü ödəməsi və mənfəətə çıxması planlaşdırılan zmanda baş versin.

İkinci məqam odur ki, Mərkəzi Bank manatın real effekiv məzənnəsi üzrə məlumatları neft və qeyri-neft sektoru üzrə ümumi göstərici formasında deyil, əsas ticarət tərəfdaşlarının valyutalarına (lirə, lari, rubl, dollar, avro) nisbətdə ayrı-ayrılıqda hər ay açıqlamalıdır. Bu məlumat Azərbaycanın əsas qeyri-neft ixrac bazarlarında ticarət imkanlarımızın müstəqil analitiklər və institutlar tərəfindən izlənməsi baxımından çox önəmlidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər