Rusiya Mərkəzi Bankı yeni banknotları təqdim edib

Rusiya Bankı (Mərkəzi Bank) bu gün yeni 200 və 2 000 rubl nominallı əsginasları təqdim edib.

“Vesti.ru” saytına istinadə, yeni əsginasların dizaynı ümumrusiya müsabiqəsində seçilib. Müsabiqədə Uzaq Şərq və Sevastopolun təsvirləri qalib gəlib. 2 000 rubl nominallı əsginasda “Russkiy” adasında olan körpü və “Vostoçnıy” kosmodromu, 200 rubl nominallı əsginasda isə “Xersones Tavriçeskiy” və batan gəmilərin xatirəsi əks ediləcək.

Əsginaslar bu il tədavülə buraxılacaq. “Interfax” agentliyinin verdiyi məlumata görə, əsginasların istehsalında yeni texnologiyalardan istifadə olunub. Onların tədavül müddətini uzatmaq üçün xüsusi polimerdən istifadə edilib.