Rusiyalı ekspertlər “Bitcoin”in bu il də bahalaşacağını düşünürlər

Rusiyalı ekspertər dünyanın ən məşhur kriptovalyutası – “Bitcoin”in qiymətindəki artımın 2017-ci ilə nisbətən daha yavaş olsa da, 2018-ci ildə də davam edəcəyini proqnozlaşdırırlar. “Bitcoin”in 2017-ci ildə 20 dəfə artaraq 20 min dollar həddini test etdiyini deyən mütəxəssislər 2018-ci ildə 3-4 dəfə artımın mümkün olacağını düşünürlər.

Bu barədə “RİA-Novosti”yə istinadən xəbər verilir.

Qeyd edək ki, bitkoinin qiyməti 2017-ci ilə 926,3 dollar həddindən başlayıb və il ərzində təxminən 47 dəfə artıb.

“2017-ci il bitkoin üçün rekordlar ili olub. Bitkoin qiymətinin 2018-ci ildə də artmağa davam edəcəyini və 50 min dollar səviyyəsinə çatacağını düşünürəm”, – deyə “Prime Capital” investisiya şirkətinin vitse-prezidenti Svetlana İvanova bildirib.

“Brave New Coin”in analitiki və Rusiyadakı “Waves Platform”un mətbuat katibi Coş Olşeviç (Josh Olszewicz) də 50 min dollar proqnozunu verib. Onun sözlərinə görə, 2017-ci ildə müşahidə olunan 20 dəfə artımın 2018-ci ildə təkrarlanması az ehtimal olunur.

Rusiya kriptovalyuta və blokçeyn Assosiasiyasının prezidenti Yuri Pripaçkin də 2018-ci ildə bitkoinin 3-5 dəfə bahalaşacağını proqnozlaşdırır. Onun sözlərinə görə, hətta bitkoin 100 min dollaradək də bahalaşa bilər.

“Bitkoinlə bağlı müxtəlif fikirlər var. Bir sıra iqtisadçılar əmindirlər ki, 2018-ci ildə 60 min dollaradək artacaq, digərləri isə bunun əksini düşünürlər. 2018-ci ildə bitkoin ucuzlaşacaq, 2019-cu ilin əvvəlinə 1 min dollaradək enəcək. Biz əsasən optimist fikri dəstəkləyirik”, – deyə “Alpari” şirkətinin Analitika Departamentinin direktor müavini Natalia Milçakova bildirib.

📝 RƏY BİLDİR