Rusiyaya qarşı sanksiyalar azərbaycanlılara da problemlər yarada bilər

Bakının mərkəzi küçələrindən biri

“Oliqarxlar sanksiyalardan gördüyü zərərin müəyyən hissəsini Rusiya iqtisadiyyatından, o cümlədən də Rusiya hökumətindən hansısa formada dəstək almaqla kompensasiya etməyə çalışacaqlar”

ABŞ-ın Maliyyə Nazirliyi yanvarın 29-da Konqresə Rusiya əleyhinə geniş sanksiyalar paketi təqdim edib. “Kreml hesabatı” adlanan paketdəki siyahıda Rusiyanın 114 nəfər yüksək vəzifəli məmurunun, dövlət şirkəti sahiblərinin və 96 nəfər tanınmış biznesmenin adı qeyd olunub. Siyahıda Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenko, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Moskva meri Sergey Sobyanin, Kremlin sözçüsü Dmitri Peskov və digər məşhur şəxslərin adları var.

Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında bu sanksiyanın digər sanksiyalardan xeyli fərqləndiyini deyib: “Bu, artıq ünvanlı sanksiyalardır və konkret şəxslərin adları hallanıb. Düzdür, bu, o demək deyil ki, həmin şəxslərə qarşı indi hansısa sanksiya tətbiq olunacaq. Amma həmin adamların siyahıya salınması belə, gələcəkdə müəyyən sanksiyaların onlara qarşı tətbiq olunacağını istisna etmir”.

“Bu, ABŞ-ın Rusiyaya psixoloji təzyiq vasitəsinə də bənzəyir. Yəni faktiki o şəxslərin ABŞ-da iş aparması, maliyyə vəsaitlərini orada, hətta Avropada saxlaması problemlər yarada bilər. Çünki sanksiyalar Avropanı da əhatə edə bilər. Hansısa Avropa bankı və ya şirkəti həmin şəxslərlə əməkdaşlıq etsə, ABŞ onlara da müəyyən cəzalar tətbiq edə, əlaqələri kəsə bilər. Bu da Avropa şirkətlərini qorxuda bilər” — Şahinoğlu bildirib.

Poliqoloqun sözlərinə görə, bu, Rusiyada prezident seçkisi öncəsi psixoloji təzyiq vasitəsidir: “Çünki siyahıya adı salınmayanlar da var. Onlar Rusiya hakimiyyəti tərəfindən şübhə altına düşür ki, niyə bunlar siyahıya salınmayıb. Yəni Rusiya hakimiyyəti içərisində də müəyyən şübhələr yaratmağa çalışırlar. Üstəlik, Rusiyadakı oliqarxların Rusiya hakimiyyəti ilə münasibətlərinin pozulmasını istəyirlər”.

“Bu sanksiyaların Azərbaycana təsiri ola bilərmi?” sualına cavabında E.Şahinoğlu deyib ki, bunun ölkəmizə elə də böyük təsirinin olacağını düşünmür: “Düzdür, o siyahıda Azərbaycan mənşəli rusiyalı oliqarxlar da var. Amma onlar Rusiya vətəndaşlarıdır. Onların da müəyyən problemləri yarana bilər”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə açıqlamasında deyib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyəcək: “Çünki sanksiyalar daha iri biznes subyektlərinə yönəlib. Hansı ki, onlar bu gün hakimiyyətə yaxındırlar, eyni zamanda milli iqtisadiyyatda əhəmiyyətli pay sahibidirlər. Sanksiyalarda ABŞ-da fəaliyyət göstərən və qeydiyyatdan keçmiş biznes subyektlərinə, maliyyə qurumlarına və eyni zamanda hökumətə adı siyahıda olan subyektlərlə hər hansı bir formada iqtisadi əməkdaşlığın edilməsi məhdudlaşdırılır”.

Ekspertin fikrincə, oliqarxlar sanksiyalardan gördüyü zərərin müəyyən hissəsini Rusiya iqtisadiyyatından, o cümlədən də Rusiya hökumətindən hansısa formada dəstək almaqla kompensasiya etməyə çalışacaqlar.

Sanksiyaların Azərbaycana necə təsir edəcəyinə gəlincə isə, ekspert deyib ki, azərbaycanlıların, əsasən, miqrasiya etdikləri ölkələrdən biri də Rusiyadır: “Ölkədə məşğulluq probleminin həllində Rusiya mühüm ölkələrdən biridir. Siyahıda, hətta azərbaycanlıların da olması son nəticədə orada fəaliyyət göstərən həmyerlilərimizin iqtisadi vəziyyətinin, gəlirlərinin aşağı düşməsinə səbəb olacaq. Bu da özünü ölkəyə göndərilən vəsaitlərdə göstərə bilər”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin hazırladığı “Kreml siyahısı” sanksiyalar paketinə yumorla yanaşıb. Putin sözügedən siyahıya münasibəti barədə suala zarafatla belə cavab verib: “Bu siyahıya adımın salınmamasına görə incimişəm”.

Dövlət başçısı Vaşinqtonun hərəkətlərində məna görmədiyini deyib. “Amma bu, sözsüz ki, onsuz da gərgin olan iki ölkənin münasibətlərini ağırlaşdıran qeyri-dost aktıdır”, – deyə Rusiya lideri bildirib.

Bununla belə, Putin qeyd edib ki, Moskva cavab tədbirlərinin hazır olmasına baxmayaraq, hələlik onları tətbiq etməkdən çəkinir. Putin dolayı şəkildə sanksiyalar siyahısını hazırlayanları itlə müqayisə edib: “Rusiya öz daxili məsələləri ilə məşğul olmalıdır. Bizi öz iqtisadiyyatımız, kənd təsərrüfatımız, səhiyyəmiz, təhsilimiz, müdafiə gücümüz maraqlandırmalıdır. Onda hansısa siyahı ilə, təhdidlə qorxutmağın mənasız olduğunu başa düşəcəklər. İt hürər, karvan keçər”.

Putin Rusiya ilə ABŞ-ın əlaqələrini inkişaf etdirmək istədiklərini və onların kəsilməsində maraqlı olmadığını da əlavə edib: “Dünya iki böyük nüvə dövlətinin bir-birinə hörmətlə yanaşdığını, müasir şəkildə əlaqələrini qurduğunu görsə, rahat nəfəs alar”.

Azərbaycan əsilli oliqarxlar Araz Ağalarov (“Crocus Group” şirkətinin sahibi və prezidenti), Fərhad Əhmədov (“Aznar” şirkətinin Direktorlar Şurasının sədri), Vahid Ələkbərov (“Lukoil” şirkətinin prezidenti) və Qod Nisanov (“Kiyevskaya Ploşad” holdinqin İdarə Heyətinin sədri) da ABŞ-ın sanksiyalar siyahısında yer alıb.