13 C
Baku
Friday, April 19, 2024

Səudiyyə Ərəbistanının nəzarətə alınan şahzadələri xəzinəyə 100 milyard dollar qaytardılar

Vəliəhd Məhəmməd ibn Salman məlumat verib ki, Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə kampaniyası nəzarətə alınan şahzadələrin xəzinəyə 100 milyard dollar geri qaytarması ilə nəticələndi. Kralın nəzarətdə saxlanılan bütün yaxınları nəhayət sərbəst buraxıldılar.

Səudiyyə Ərəbistanının nəzarətə alınmış şahzadələri dövlət xəzinəsinə 100 milyard dollardan çox məbləğ qaytarıblar. Bu haqda Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salman CBSnews-a verdiyi müsahibəsində bildirib.

“Lakin əsl məqsəd bu və ya digər məbləğdə deyildi. Əsas məqsəd pulları geri qaytarmaq deyil, korrupsioner [dövlət qulluqçuları və biznesmenləri] cəzalandırmaq idi”, – deyə o qeyd edir.

Onun sözlərinə görə, korrupsiyaya qarşı kampaniya “son dərəcə vacib” idi. O əlavə edir ki, “bütün kampaniya mövcud qanunlara uyğun şəkildə həyata keçirilib”.  

Səudiyyə Ərəbistanı Qiymətli Kağızlar Bazarına Nəzarət Təşkilatının rəhbəri Məhəmməd ibn əl-Şeyx CBS-ə bildirib ki, Səudiyyə Ərəbistanı hər il dövlət xərclərinin 5-10%-ni korrupsiyaya görə itirir. Onun sözlərinə görə, pul baxımından bu itgi hər il təxminən 10-20 milyard dollar edir. “Hətta bəlkə daha çox”, – o əlavə edir.

Noyabr ayında Ər-Riyad şəhərinin Ritz Carlton mehmanxanasında keçirilən görüşə Məhəmməd ibn Salman tərəfindən dəvət olunan yüzlərlə keçmiş və cari nazir, biznesmen və kral ailəsinin üzvlərindən korrupsiyada şübhəli bilinən ən azı 11 şahzadə həbs olunmuşdu. Nəzarətə alınanlar azad edilmədi, onlar elə oteldə saxlanılırdılar. Ritz Carlton mehmanxanası o vaxtdan adi müştərilərə xidmət etməyi dayandırmışdı.

Nəzarətdə saxlanılan bütün şahzadələr bu il fevral ayının əvvəlində azad edildi və Ritz Carlton mehmanxanası adi rejimdə işinə davam etdi. Ümumilikdə saxlanılmış 350 nəfər arasında keçmiş nazirlər, hərbçi və sahibkarlar da var idi. Reuters agentliyinin verdiyi məlumata görə, onlar da sərbəst buraxılıb.

Saxlanılanlardan ən varlısı kralın qohumu Əl-Valid ibn Talal əl Saud idi, onun varidatı 18.8 milyard dollar dəyərində qiymətləndirilir. The Wall Street Journal yazır ki, azad olunması üçün hökumət ondan 6 milyard dollar tələb edib.  

Son xəbərlər
Digər xəbərlər