15 C
Baku
Friday, March 29, 2024

Səyahət zamanı pul və sənədləri necə qorumaq lazımdır?

İsti və yaxud soyuq ölkəyə səfər etməyinizdən asılı olmayaraq, səfər zamanı iki əşya olmadan keçinə bilməzsiniz. Təbii ki, bunlar təxmin etdiyiniz kimi sənəd və puldur. Daha sonradan bütün istirahətinizin heçə çevrilməməsi üçün onların təhlükəsizliyi barədə ilk olaraq düşünmək vacibdir. Bu məqalədə zamanla sınanmış səyahət məsləhətlərini təqdim edirik və bu məsləhətlərdən yararlanaraq xarici ölkəyə səfər edərkən maddiyatınızı və sənədlərinizin təhlükəsizliyini lazımi qaydada təşkil edə biləcəksiniz.

Hər şeyin ehtiyat olaraq surətini çıxarın:

Təəssüf ki, həyatda heç də hər şeyi geri qaytarmaq mümkün deyildir. Məsələn itirilən sənəd… Buna görə də, sizin üçün dəyərli olan bütün sənədlərin surətini çıxarın. Bu surəti kağız formatında etməklə yanaşı, elektron variantını da yaratmaqda fayda var. Belə ki, yaradılan bu elektron variantı Dropbox, Google Drive və s. bu kimi tətbiqetmələrdə saxlayaraq istənilən zaman istifadə edə bilərsiniz. Bu sizə əlavə problemlərdən qaçmağa imkan verəcək.

Vacib olan telefon nömrələrinin siyahısını tərtb edin:

Müasir həyatımızda öz elektron köməkçilərimizə o qədər etibar edirik ki, onlarsız özümüzü tamamilə köməksiz vəziyyətdə hiss edirik. Özünüzü elə bu dəqiqə yoxlayın: Sizin üçün vacib olan telefon nömrələrindən neçəsini əzbər olaraq yadda saxlaya bilmisiniz?

Buna görə də, gəlin öz yaddaşımıza etibar etmək əvəzinə çətin anda köməyimizə gələ biləcək telefon nömrələrinin siyahısını tərtib edək. Bu siyahıya mütləq olaraq səyahət etdiyiniz ölkədə səfirliyin nömrəsi, bankınızın telefon nömrəsi, həmçinin ən yaxın qohum və dostunuzun telefon nömrələri daxil edilməlidir. Yuxarıda qeyd etdiyimiz bənddə olduğu kimi, bu siyahı həm kağız üzərində, həm də elektron versiyada olmalıdır.

Pullarınızı hissə-hissə saxlayın:

Səfərə yollanarkən pulları ən yaxşı şəkildə qorumaq üsulu sahib olduğunuz bütün pulları birlikdə deyil, onları hissə-hissə bölərək saxlamaqdır. Əsas məbləğ daha təhlükəsiz yerdə (seyfdə, oteldə, çemodanda) olmalı, üzərinizdə daşıdığınız məbləğ isə cari xərcləri qarşılayacaq həcmdə olmalıdır.

Bank kartlarından istifadə edin:

Planetin ən ucqar və ekzotik məkanlarını istisna etmək şərtilə hazırda bütün ölkələrdə plastik kart ödəniş etmək və nağd vəsait əldə etmək üçün ən etibarlı üsuldur. Lakin əcnəbi ölkədə pulunuzu nağdlaşdırarkən və kartla ödəniş edərkən əsas qaydalara riayət etmək lazımdır. İnsanların azlıq təşkil etdiyi yerlərdə bankomatlardan istifadə etmək məsləhət görülmür. Xüsusən də bankomatın xarici görünüşü sizə şübhəli təsir bağışlayırsa.

Təhlükəsizlik tədbirlərinə riayət edin:

İçərisində olan pullarınızın aydın şəkildə görünən pulqabınızı insanların çox olduğu məkanlarda göz önündə saxlamayın. Yeni tanışlıqlara ehtiyatla yanaşın, xüsusən də qarşınızdakı şəxsin məqsədli şəkildə sizinlə ünsiyyətə qoşulduğunun fərqindəsinizsə. Bir sözlə gözüaçıq olun və sadəlövhlükdən qaçın.

 

Xarici ölkədə problem ilə üzləşdikdə nə etmək lazımdır?

Görülən bütün tədbirlərə baxmayaraq, sənəd və yaxud pulunuzu itirmisinizsə problemi nisbətən yüngülləşdirmək məqsədilə bir sıra tədbirlər görmək lazımdır. Bəzi hallarda bu vəziyyətin pisə doğru inkişafının qarşısını almağa kömək edir. Beləliklə:

  • Əgər sənədləriniz oğurlanıbsa, dərhal olaraq konsulluğa müraciət edin və atacağınlz növbəti addımlar barədə məsləhət alın. Onlar sizə polisə və yaxud digər dövlət orqanına müraciət edib-etməməli olduğunuzu aydınlaşdıracaqlar. Müvəqqəti sənəd əldə etmək üçün sizə şəxsiyyət vəsiqənizin skan olunmuş versiyası və şəxsiyyətinizi təsdiq edə biləcək insanların ünvanı lazım olacaq.
  • Əgər pulsuz qalmısınızsa və tez bir zamanda pul qazanmaq, borc almaq, lazımi məbləği köçürmək imkanınız yoxdursa ölkənizin diplomatik nümayəndəliyinə müraciət etməyiniz məsləhətdir. Düzdür, bu o demək deyil ki, onlar sizin bütün xərclərinizi ödəyəcək və sizi evə göndərəcək, bunun əvəzində yaxınlarınız ilə əlaqə saxlamağa və kömək istəməyə yardım edəcəklər.
  • Kredit kartınızı itirmisinizsə, maksimum şəkildə dərhal müştərisi olduğunuz bank ilə əlaqə saxlamağınız lazımdır. Növbəti təlimatlar ilə bağlı isə bank sizi məlumatlandıracaq.

 

Səyahət zamanı maliyyə və şəxsi təhlükəsizliyin təmin edilməsi mövzusu çoxşaxəli olduğundan bu haqda bir məqalədə geniş məlumat vermək təbii ki, mümkün deyildir. Çox güman ki, sizlərdən bəziləri özünün fərdi təhlükəsizlik tədbirlərinə sahibdir.

 

Son xəbərlər
Digər xəbərlər