25 C
Baku
Friday, April 19, 2024

“Saudi Aramco”nun Azərbaycanda nümayəndəliyi fəaliyyətə başlayacaq

Səudiyyə Ərəbistanına səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini bu ölkənin kralı Salman bin Əbdüləziz əl Səud qəbul edib.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata görə, söhbət zamanı hər iki ölkənin əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirilib.

P.Şahbazov S.Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz əl Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı S.Ərəbistanı Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib. Qeyd olunub ki, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində belə bir işçi qrupunun fəaliyyəti mühüm rol oynayacaq. Xalid əl Falih enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək daha bir yenilik barəsində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.

Görüşdə həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və Azərbaycanın öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir.

Son xəbərlər
Digər xəbərlər