23 C
Baku
Friday, April 19, 2024

Sərfəli depozit növünü neçə seçmək lazımdır?

Pullarımızı harada saxlayaq? Yastıq altında, qarderobun ən qaranlıq bucağında və yaxud faiz qarşılığında bankda? Əgər depozit yatırımı edərkən özünüzə sərf edən yatırım növünü seçməkdə çətinlik çəkirsinizsə, Banker.az bu məsələdə sizə kömək edəcək. Yatırımlar üzrə təkliflər çox olduğundan sizi qane edən variantı seçmək mütləqdir.

1. Əmanət hesabı

Kifayət qədər həcmdə pul toplamısınızsa, miras əldə etmisinizsə, mənzil və yaxud avtomobil satışından külli miqdarda pul qazanmısınızsa, qısası hazırda əlinizdə müəyyən miqdarda pul varsa və yaxın zamanda onları xərcləməyi düşünmürsünüzsə, adi “Əmanət hesabı”-nı seçə bilərsiniz. Onun şərtlərində hesabın doldurulması və qismən çıxarılma yoxdur. Müddət başa çatdlqda pullarınızı əlavə hesablanmış faiz ilə birgə əldə edirsiniz. Bu cür yatırımlar üzrə faizlər digərlərində olduğundan çoxdur.

2. Yığım depoziti

Aylıq gəliriniz müəyyən məbləği gələcək üçün kənara ayırmağa imkan verirsə bu halda, sərfəli ilkin yatırım imkanları olan “Yığım əmanəti”-ni seçin. Bu zaman əlavə yatırımlar üzrə qoyulan məhdudiyyətlərə diqqət edin. Adətən bu məhdudiyyətlər hesabın doldurulması müddəti üzrə və minimal məbləğdə təyin edilir. Əmanət şərtləri faizlərin kapitallaşdırılmasını, yəni əsas yatırım məbləğinin üzərinə gəlməsini də nəzərdə tutubsa, gəlirlilik ikiqat olacaq. Əmanətin müddəti başa çatdıqda sərfəli həcmdə pul vəsaiti toplamış olacaqsınız.

3. Xərc əmanəti

Müddət ərzində pul vəsaitlərinizdən istifadə etməyi planlaşdırırsınızsa, xərc əməliyyatları həyata keçirməyə imkan verən depoziti seçmək məqsədəuyğundur. Burada da həmçinin pul vəsaitlərinin çıxarılmasına məhdudiyyətlərin olub, olmadığını dəqiqləşdirmək lazımdır. Bundan əlavə, daha sonradan problem ilə üzləşməmək və sərfəli faizə nail olmaq üçün hansı müddətdən sonra vəsaitləri xərcləməyə icazə verildiyini, hansı miqdarda xərclənməyən məbləğ hesabda qalmalıdır kimi məsələlərə də aydınlıq gətirilməldir.

4. Faiz üçün yatırım

Bu yatırım üzrə faizlər müəyyən şəkildə dövri olaraq ödənilir, məsələn, aylıq və yaxud rüblük. Əldə etdiyiniz faizləri istədiyiniz kimi istifadə edə bilərsiniz. Bir çox banklar faizləri kapitallaşdırmağı və lazım gəldikdə nağdlaşdırmağı təklif edir.

5. Təqaüdçülər üçün depozitlər

Bu depozit növü pensiya şəhadətnaməsi təqdim edildikdə və yaxud da təqaüd yaşına çatdıqda açılır. “Təqaüd” depozitləri üzrə faizlər yüksəkdir. Bundan əlavə, bir çox təcili yatırımlar üzrə məhz pensiya şəhadətnaməsinin təqdim edilməsi ilə faiz dərəcəsinin artırılması mümkündür.

6. Uşaq əmanəti

18 yaşına qədər olan övladınızın adına “Uşaq əmanəti” aça bilərsiniz. Adətən bu sonradan doldurulan hesablardır. Buna görə də, övladınız universitetə daxil olduğu zaman hesabda əhəmiyyətli miqdarda vəsait toplana bilər.

7. Multivalyuta əmanəti

Multivalyuta əmanətlərində müştərilər eyni bir depozit müqaviləsi çərçivəsində 2 və ya 3 müxtəlif valyutada (AZN, ABŞ dolları, avro və ya digər valyuta) hesab aça bilərlər. Müştərilər həmçinin bu hesablardakı vəsaitlərini məhdudiyyətsiz bir valyutadan digərinə istədikləri kimi çevirə bilərlər. Onlar öz vəsaitlərini istənilən valyutada artıra və vəsaiti istənilən valyutada geri çəkə bilərlər.

Multivalyuta əmanətlərinin üstünlüyü onların universallığında və istifadəsinin rahatlığındadır. Bu əmanət sürətli və sərfəli valyutadəyişmə aləti olmaqla yanaşı, həmçinin əmanətlərin məbləğinin qorunub saxlanması və artırılması vasitəsidir. Multivalyuta əmanətləri müştərilərə yalnız əmanətlərindən faiz şəklində zəmanətli gəlir qazanmaq imkanı deyil, həm də valyuta məzənnələrinin dəyişməsi hesabına əlavə gəlir əldə etmək imkanı verir.

Son xəbərlər
Digər xəbərlər