Sığorta ödənişi ala bilməyən sığortalı

Banker.az –ın bu dəfəki  müsahibi sığorta bazarı üzrə ekspert, konsultasiya mərkəzinin rəhbəri Xəyal Məmmədxanlı

Bu gün sığorta bazarındakı vəziyyəti necə qiymətləndirərdiz?

Sığorta şirkətlərinin inkişafı: Bu gün sığorta bazarı ölkə iqtisadiyyatının digər sahələri kimi davamlı və dinamik inkişaf edir və bu inkişaf hər ötən il nəzərə çarpır. Qeyd etmək lazımdır ki, bu inkişaf eyni temp və surətlə gedə bilmir, ancaq cüzi də olsa artan temp sevindirici haldır. Bir nüansı diqqətinizə çatdırım ki, iyul-avqust aylarında sığorta şirkətlərinin yığımı 280 milyon manata yaxınlaşıb bu da sığorta bazarı üçün ciddi bir rəqəmdir. İlin axırına qədər yığımların yarım milyarda çatdırılması proqnozlaşdırılıb. Çox güman ki, ilin axırına qədər sığorta şirkətləri bu rəqəmə (yəni, yarım milyarda)  yaxın bir göstərici əldə edə biləcəklər. Təbii ki, inkişaf tempini qeyd edəndə, sığorta şirkətlərinin yaranma tarixlərini də nəzərə almaq lazımdır. Belə ki, sığorta bazarında təxminən 10 sığorta şirkəti 10 ildir ki fəaliyyət göstərir. Belə olan halda inkişaf tempini yüksək qiymətləndirmək olar.

Problemlər: Sığorta bazarında müştəri, qanunvericilik, xidmətlər baxımından problemlər mövcuddur. Birincisi,  sığorta şirkətləri öz portfellərini bir və ya bir neçə sığorta növü və müştərinin üzərində qurublar. Belə olan halda, sığorta şirkətlərinin bütün portfeli risk altına düşür. Bu sığorta bazarı üçün ən ciddi hesab edilən problemlərdən biridir. Söhbət avtomobil, kasko sığorta növündən gedir. Avtomobil kreditləşməsi dayanan kimi həmin sığorta növü zərərli hesab edilməyə başladı. 7 ayın statistik rəqəmlərinə baxdıqda aydın olur ki, sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları  sığorta haqqının 55% -ni ödəyiblər. Sığorta şirkətlərinin isə 10% gəlir marjası qalır. Bu isə riskli bir sərhəddir. Düşünürəm ki, ilin axırına kimi  bu kreditlərin sığortalanması məsələsi eyni şəkildə qalsa, avtomobil sığortası zərərli sığorta növünə çevriləcək. İkinci problem, könüllü sığorta sahəsində təbliğat ürəkaçan səviyyədə deyil. Sığorta şirkətləri icbari sığorta növləri qəbul olunan zaman o istiqamətdə getməyə başladılar. Sonra  aydın oldu ki, icbari sığorta növləri üzrə ciddi marketinq, reklam xərcləri aparmaq  onlara xeyir gətirməyəcək. Sığorta şirkətləri mövcud situasiyanı  taleyin axışına buraxmalı oldular və müştərilərinə icbari sığortalar yazdırmağa başladılar. Bunun əksinə,sığorta şikətləri könüllü sığorta bazarında ciddi işlər( həm bölgələrdə, həm Bakıda yeni müştərilərə, yeni məhsullarla çıxmaq) aparılmalı idilər.

Sığorta bazarındakı vəziyyəti tənzimləmək üçün alternativ qanunların yaradılmasına ehtiyac varmi?

Azərbaycanın istər sığorta bazarı, vergi, maliyyə sahələri üzrə kifayət qədər formalaşmış qanunvericiliyi var.  Qanunların nə səviyyədə tətbiq olunması isə bu artıq başqa məsələdir. Ona görə də əlavə bir qanunun yaradılmasına ehtiyac görmürəm. Onu da əlavə edim ki, icbari sığortanın qəbul edilib, insanlara əlavə yük kimi yüklənməsinin əleyhinəyəm. Bunun əksinə isə dövlət sahibkar, işəgötürənlər üçün əlavə stimullar yarada bilər. Təbii ki, bu stimul vergi, maliyyə, kreditləşmə yolu ilə ola bilər. İnsanları icbari sığorta növlərinə təhrik etmək onlarda ikrah hissi oyadacaq. Ona görə də, icbari sığorta sahəsi üzrə əlavə qanunların yaradılmasını məqsədəuyğun hesab etmirəm.

Müştəri “Ən yaxşı sığorta şirkətini” hansı meyarlar əsasında seçməlidir?

Siğorta şirkətlərinin iş prinsipləri müştəri ilə qarşılıqlı inam və etibarın üzərində qurulmalıdır. Sığorta şirkətləri müştəriyə müəyyən vəd verir, bu vədin qarşılığında isə vətəndaş onlara pul ödəyir. Sığortalının seçdiyi sığorta şirkətinin yaxşı və ya pis olduğu (vətəndaşlara göstərdiyi xidmət və keyfiyyət) sığorta hadisəsi baş verdiyi zaman ortaya çıxır. Belə ki, məhz sığorta hadisəsi zamanı müştəri ilə sığorta şirkəti ünsiyyətə girir. Vətəndaş bunları etməlidir: Vətəndaş bir baxışdan sığorta şirkətinin yaxşı və ya pis olduğunu dəqiqləşdirə bilməz. Müştəri sığorta şirkəti seçməmişdən qabaq insanlar arasında araşdırma apara , konsultasiya mərkəzlərinə müraciət edə , sığorta şirkətlərinin vergi ödənişi, maliyyə göstəriciləri ilə tanış ola bilər. Məsələn, konsultasiya mərkəzlərinə müraciət imkan verəcək ki, müştəri qiymət və şərtlərlə tanış ola bilsin, sığorta müqaviləsinin incəlikləri barəsində məlumatlı olsunlar.  Sığorta şirkətinin keyfiyyəti  Sığorta hadisəsi zamanı obyektiv, operativ reaksiya, müştərini süründürməmək, müştəriyə pul kisəsi kimi baxmamaq, sığorta ödənişini vaxtında ödədiyi halda ortaya çıxacaq.

İstehlakçılar sığorta müqaviləsi bağlayarkən hansı incəliklərə diqqət etməlidirlər?

Müştəri sığorta müqaviləsi bağladığı zaman franşizanı(sığorta şirkətlərinin azad olduğu, ödəməkdən imtina etdiyi məbləğ) aşağı etməlidir.  Məsələn, müqavilədə yazılıb ki, franşiza 1000 manatdır. Bu o deməkdir ki, sığorta hadisəsi zamanı sizə 5000 manat məbləğində zərər dəysə, sığorta şirkəti  4000 manat məbləğində ödəniş edəcək, 1000 manatı isə tutacaq. Səbəb isə franşizanın müqavilədə yüksək göstərilməsidir. Sığorta müqaviləsində franşiza 1000 manat göstərilib. Sizə sığorta hadisəsi zamanı 999 manat zərər dəyib. 1 manata görə sığorta şirkəti ödəniş etməkdən imtina edəcək. Sığorta hadisəsi zamanı buraxılan bəzi səhvlər(vaxtında məlumat verməmək, avtomobili araşdırmaqdan yayındırmaq, üçüncü tərəfi görməmişəm deyib onları yola salmaq) sığorta şirkətlərinə əsas verir ki, ödənişdən imtina etsinlər. Sığorta müqaviləsində incə məqamlardan biri, səlahiyyətli sürücü məsələsi. Əgər müqavilədə bir nəfərin adı qeyd olunubsa, avtomobili ancaq o idarə edə bilər. Sığorta şirkətləri siyahıda adı olmayan, amma avtomobili idarə edib, sığorta hadisəsi yaradan vətəndaşa görə sığorta ödənişi etməyəcək. Məlumdur ki, etibarnamə əsasında avtomobili sürücü bir başqasına idarə etmə üçün verə bilir. Bu halda, sığorta müqaviləsində həmin şəxsin də adını da əlavə etməlidir. Təbii ki, siyahıya əlavə olunmuş şəxsə görə də əlavə sığorta ödənişi verməli olacaq. Onu da əlavə edim ki, siyahıya əlavə olunmuş hər şəxsə görə əlavə ödənişin verilməsi şirkətdən şirkətə dəyişir. Bəzi sığorta şirkətləri əlavə ödəniş istəməyə də bilər.  Vətəndaşı aldatmaq üsulları, (xırda şriftlərlə müştərinin gözündən yayına biləcək yerlərdə ən mühüm şərtləri əlavə etmək, ən önəmli şərtləri izah etmədən,müqaviləni imzalamağa məcbur etmək və s). Düzdür, sığorta şirkətləri haqlı olaraq vurğulaya bilərlər ki, vətəndaşa müqavilənin incəliklərini izah etməyə məcbur deyilik. Qeyd etdiyim kimi, müqavilədə elə incə məqamlar olur ki, sığorta hadisəsi zamanı vətəndaş çıxılmaz vəziyyətdə qalır, çünki həmin həssas məqamlar qanunvericiliyə əsasən ödənişdən imtinaya əsas verir. Sığorta şirkətləri başa düşməlidirlər ki, müştəri ona etibar edib gəlib və onun biznesini yaxşı bilmir. Ona görə də, müqavilənin incəliklərini, həssas məqamlarını müştəriyə izah etmək onların vətəndaşlıq borcu olmalıdır.

Bəzi sığorta şirkətləri düşünür ki, “ Bank kreditləşməsinin həcminin azalması sığorta şirkətlərinin banklardan asılılığını azaldır? Siz mövcud situasiyanı necə qiymətləndirərdiz?

Əslində düzgün fikirdir. Bir sığorta növü və bir neçə şirkətdən asılı olmaq yaxşı hal deyil.  Ümumiyyətlə, sığorta şirkətləri portfel və gəlirlərini diversifikasiya (müxtəlifləşdirmə) etməlidirlər. Yəni, hər hansı sığorta növü üzrə gəlirlər azaldılanda onlar böhran vəziyyətinə düşməsinlər. Hətta bir ara sığorta şirkətləri bank ovuna çıxmışdılar. Bütün bizneslərini bunun üzərində quran sığorta şirkətlərinin gəlirləri birdən –birə azladı. 10 -dan çox sığorta növü üzrə fəaliyyət göstərən sığorta şirkətlərində isə ciddi bir problem yaşanmadı. Dünya mənzərəsinə baxdıqda, avtomobil sığortanın ən aparıcı növlərindən biri hesab olunur. Ona görə də bank kreditləşməsinin bərpasının tərəfdarıyam. Problemlər yarandı: avtomobil, bank, sığorta sahəsində. Bununla yanaşı avtomobil idxalı, avtosalanların gəlirləri ciddi şəkildə azalıb. Onu da əlavə edim ki, sığorta şirkətlərinin bir biznesdən, banklardan asılı olmasının tərəfdarı deyiləm. Bank sığortaçılığı sadəcə avtomobil kreditləşməsinin üzərində qurulmalı deyil. Dünyada bank sığortaçılığının 10-dan artıq növü var. Təəssüf ki, Azərbaycan bazarında  bu ancaq avtomobil üzərində qurulub. Bu gün banklarla sığorta şirkətləri arasında cross sale(çarpaz satış) sistemi qurulur. Yəni, banklar sığorta şirkətlərinin, sığorta şirkətləri isə bankların xidmətlərini tətbiq edirlər. Bu iki bazar qarşılıqlı əməkdaşlıq içərisində böyüyür. Ölkə bankları isə sığorta şirkətlərinə yuxarıdan aşağıya baxır və  bəzi  şərtlər(hansı sığorta şirkəti daha çox pul versə onlarla əməkdaşlıq edə bilərik) diqtə edirlər.  İndiki situasiyada banklar yaxşı başa düşəcəklər ki biznes necə olur( olmalıdır).

Hazırki mərhələdə avto kreditlərin saxlanması ilə əlaqədar olaraq sığorta şirkətlərinin bazarı nisbətən zəifləyib. Sizin fikrinizcə, sığorta şirkətləri yeni məhsulların yaradılmasında daha çox hansı istiqamətə üz tütmalıdırlar? Dövlət bu vəziyyətdə hansı dəstəyi verə bilər?

Yeni məhsulların yaradılması istiqamətində dövlətin dəstəyinə ehtiyac yoxdur. Dövlət sahibkarları stimullaşdırmaqla(vergiləri azaltmaqla və s) onları sığortaya pul xərcləməyə cəlb edə bilər. Dövlətin dəstəyi qeyd etdiyim kimi olmalıdır, yerdə qalan məsələləri sığorta şirkətləri özləri etməlidirlər. Bu gün sığorta şirkəti əziyyət çəkib müştərisi üçün fərdi məhsul hazırlamır. Bütün müştərilərinə eyni məhsullarını təklif edirlər. Nəzərə almaq lazımdır ki, hər bir müştərinin ehtiyacı fərddidir.  Bir məhsulla başqasının yanına gedə bilərsiz, amma həmin məhsulu mənə də təqdim etməməlisiniz.  Müştərinin ehtiyaclarını təhlil etməli və müəyyənləşdirməlisiz ki vətəndaşın tibbi yoxsa məsulliyyət sığortasına ehtiyacı var. Xatırladım ki,  bir məhsulu yüz dənə şirkətə göndərmək səmərəli effekt verməyəcək. Bu gün sığorta şirkətləri müştəriləri ilə tək tək görüşməli, onların ehtiyaclarını müəyyən etməlidirlər. Ehtiyaclarını müəyyən etdikdən sonra isə onlara öz fərdi məhsulunu təklif edə bilərlər.  Bu çox vaxt aparmaz: Bu gün sığorta şirkətlərində onlarla satış, müştəri təmsilçiləri fəaliyyət göstərir. Onların işi də məhz bu olmalıdır. Müştəri də başa düşməlidir ki, onun  üçün çalışan, onun ehtiyaclarını qarşılamağa hazır olan, öyrənən, dəstək olan, pul kisəsi kimi yox, vətəndaş kimi rəftar edən  Sığorta Şirkətləri var.