12 C
Baku
Friday, March 29, 2024

Sığorta şirkətinin nümayəndəsi: “Vətəndaş üçün icbari sığorta yalnız polisə göstərmək üçün lazımdır”

Vüsal Hüseynov yenicə aldığı avtomobil ilə qəzaya düşür. Maşının bütün sənədlərinin qaydasında olduğunu, üstəlik könüllü sığortası olduğunu deyən qəhramanımız zəng edir sığorta şirkətinə. Ona dəyən ziyanın qarşılanacağını düşünən Vüsal sonda bunun belə olmadığını deyir. O bildirir ki, sığorta şirkəti 2 min manatlıq ödəniş yerinə 300 manat pul ödəyə biləcəyini deyir. Bir neçə bəhanə gətirərək ödənişdən yayınmağa çalışan şirkət Vüsalı çox çətin vəziyyətə qoyur. Bunu görən Vüsalın atası Aftandil kişi isə sığorta şirkəti ilə mübahisəyə başlayır. Sığorta əməkdaşı ilə dalaşan Vüsalın atası çıxış yolunu bir sillə çəkməkdə tapır və gözünü polis bölməsində açır. Nəticə etibarı ilə avtomobilini sığorta edərək irəli düşdüyünü zənn edən Vüsal qarşılaşdığı hadisə səbəbi ilə biraz da geri düşür. Azərbaycanda Vüsal kimi şəxslərin sayı isə təəssüfki az deyil. Hüquqşünas Ələsgər Məmmədli qeyd edir ki, ölkədəki sığorta şirkətləri insanlardan kütləvi şəkildə ödənişlər yığsada geri ödəniş zamanı problemlər yaranır. Mütəxəssisin fikrincə buna ilk səbəb isə şirkətlərin ödənişə marağlarının olmaması və yerli şirkətlərin standartlara cavab verəcək formada fəaliyyət göstərməməsidir:

“Avtomobillərin məcburi sığortası ölkədəki 1 milyondan çox maşına şamil olunur. Bu isə bir milyonluq sığorta bazarının mövcudluğundan xəbər verir. Vətəndaşların bəziləri maşınlarını sığorta etsə də hər hansısa hadisədən sonra ödənişi ala bilmirlər. Bu ciddi problemdir. Problemin yaranmasında əsas səbəb isə bazarın manapoliya olması ilə bağlıdır. Sığorta bazarında dayanıqlı rəqabət mümkün olsaydı bu cür nöqsanlar yaranmazdı. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsinin 16 ildir ki, öz həllini tapmaması da sığorta sahəsində sözünü deyir. Məsələnin ən asan yolu dünyaya inteqrasiyadan keçir. Beynəlxalq sığorta şirkətləri ölkəmizdə fəaliyyət göstərməlidirlər. Yerli sığorta şirkətləri mənim fikrimcə standartlara cavab verəcək formada fəaliyyət göstərmirlər”.

Sığorta şirkətinin nümayəndəsi Orxan Hüseynov isə Ələsgər Məmmədlinin əksinə yerli şirkətlərin yox, məhz vətəndaşların məlumatsızlığı səbəbindən problemlər yarandığını iddia edir. Şirkət nümayəndəsinin fikrincə müştəri hər zaman haqlı olmur: “Heç vaxt demirlər ki, sürücülük vəsiqəm olmadığı üçün vəya sərxoş olduğum üçün mənə sığorta şirkəti ödəniş etməyib. Müqavilə bağlanarkən müştəri şərtlərlə maraqlanmır, bəzi hallarda isə onun üçün maraqlı olmur. Sığorta şirkətlərinin qarşılaşdığı əsas problemlər banklardan alınan avtomobillərdə üzə çıxır. Çünki bank girovu sığortalayır deyə ümumi bir sığorta edir və müştəriyə təslim edir. Sonradan baş verən hansısa qəza zamanı isə ciddi problemlər meydana gəlir. Bu problemlərin əsas səbəbi bankların ötəri sığorta etməsi və müştərinin məlumatsızlığıdır”.

Orxan Həsənov qeyd edir ki, vətəndaş sığortanın ən ucuz yolunu axtarır və onun üçün icbari sığorta yalnız polisə göstərmək üçün lazımdır: “Məsələn adam 10 minlik avtomobil alıb, bankda onu 5 minini sığortalayır. Sığorta şirkətidə avtomobilin 50 %-ini sığorta edir. Biz deyəndəki müştəriyə gəl tam sığortalıyaq deyir ki, xərcim çox çıxacaq, lazım deyil. Sonradan qəza olanda isə müştərini başa salmaq mümkün olmur. Müştərilər müqavilə imzalayarkən şərtlərlə yaxından tanış olmalıdırlar. Əslində kredit təşkilatları maraqlıdır ki, müştəridən sığorta haqqını daha yüksək məbləğdə alsın. Çünki kredit təşkilatı ilə sığorta şirkəti arasında müqavilə imzalanır və bu alınan pullardan da % tutulur. Ona görədə kredit təşkilatı da maraqlıdır vətəndaşdan çox vəsait almağa. Vətəndaş isə əksinə sığortanın ən ucuz yolunu axtarır və əlavə hansısa xərc ödəyərək əmlakı tam sığorta etmək istəmirlər. Ən ucuzda vətəndaşın ödədiyi miqdar civarında olur. Bu isə 50% də ola bilər 20 % də. Sığorta şirkəti də hadisə vaxtı gəlib 10 minlik hadisəyə görə 2 min ödəyəndə vətəndaş deyirki məni aldadırsız. Bəziləri acığ edir, deyir ki, mənim o pula ehtiyacım yoxdur. Avtomobil sığortası edən şəxslərin əksəriyyəti icbari sığortanı QAYİ üçün alır”.

Orxan Həsənov qeyd edir ki, bəzən müştərilə müraciət edirlər və analoqu olmayan istəklərini bildirirlər: “Məsələn bu yaxınlarda bir nəfər bizə zəng edib ki, mənim evim yararsız hala düşüb gəlin mənim ziyanımı ödəyin. Bizim əməkdaşlarımız hadisə olan yerə gedəndə görürlər ki, gözəl təmirli bir ev var. Müştəri deyir ki, ötən il zəlzələdə evə ziyan dəyib. Dövlət tərəfindən kompensasiya ödənilib ancaq müştəri bizdən bir il keçəndən sonra əlavə vəsait tələb edir. Vətəndaş bilməlidir ki, dövlət ödəmədiyi halda sığorta şirkəti ödəniş edə bilər. Sığorta qazanc mənbəyi olmamalıdır”.

Sığorta şirkətinin nümayəndəsinin özünü müdafiəsinə baxmayaraq hüquqşünas Ələsgər Məmmədli qətiyyətlə deyir ki, insanlar sığorta şirkətlərini işləməyə məcbur etməlidirlər. Yəni məhkəmə yolu ilə haqlarını tələb edərək, məhkəmə müddətini uzadaraq şirkətləri ödənişə cəlb etməyə çalışmalıdırlar:

“Bu proses işləməlidir ki, vətəndaşlarda sığorta şirkətlərinə inansınlar. Hər bir şəxs öz hüququnu bilərək ödədiyi vəsaiti geri almağı bacarmalıdır. Eyni zamanda vətəndaşların maarifləndirilməsinə də ehtiyac var. Sığorta şirkətləri böyük məbləğdə vəsait yığırlar hadisə baş verən zaman isə vəsaiti ödəməkdən boyun qaçırırlar. Bu da haqlı olaraq vətəndaşlarda sığorta şirkətlərinə qarşı ikrah hissi yaradır. Vətəndaş reallıqda fikirləşir ki, avtomobili vəya evi qəzalı vəziyyətə düşərsə sığorta şirkəti bəhanələr gətirərək ödənişi ödəmək istəməyəcək. Nəticədə də vətəndaşın ödədiyi pul boşa gedəcək. Ona görə də insanlar düşünürlər ki, heç olmasa ödəmiyim pulu, gələcəkdə başqa bir yolla vəziyyətin həll yolunu taparam. Sığorta məsələsi bir mədəniyyədir. Xarici ölkələrdə soruşsanaz ki, hansısa bir insana sizin avtomobiliniz, eviniz, sağlamlığınız sığortalanıb o zaman gülərlər bizə. Bu mədəniyyət əksər ölkədə qəbul olunub və bizdə də bu sahə inkişaf etməlidir”.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq xarici ölkələrdə sığorta şirkətləri ümumi portfelin 50%-dən çoxunu geri ödəniş edir. Azərbaycanda isə bu rəqəm heç 20 % də çatmır. Mütəxəssislərin fikrincə məsələnin ən asan yolu dünyaya inteqrasiyadan keçir. Yəni beynəlxalq sığorta şirkətlərinin ölkədə fəaliyyət göstərməsinə şərait yaratmaq və bu bazarda rəqabət qabiliyyətini artırmaq lazımdır.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər