5 C
Baku
Friday, March 29, 2024

Sığorta şirkətlərindən 12-də yığımlar, 16-də isə ödənişlər artıb

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Banker.az portalına daxil olan məlumata əsasən, şirkət 7 ay ərzində 43,6 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 35,9 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 29,9 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (24,6 milyon manat) və “Atəşgah Həyat Sığorta” (24,4 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 158 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (737 min manat), “Amrah Sığorta” (513 min manat), “Azərqarant” (137 min manat) və “Günay Sığorta” (50 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,44 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabr ayında dayandırılmış, bu ilin iyun ayında isə ləğv edilmiş “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 30 milyon manatdan çox, 3 şirkətdə 20 milyon manatdan çox, 6 şirkətdə 10 milyon manatdan çox, 4 şirkətdə 5-10 milyon manat arasında, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 12-də sığorta haqlarının artımı, 15-da isə azalması baş verib.

7 ay ərzində sığorta ödənişlərinin məbləğinə görə isə lider “PAŞA Sığorta” şirkətidir – 16,5 milyon manatla. Sonrakı yerləri tutan “Qala Həyat Sığorta”nın ödənişləri 16,1 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 9,        1 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (8,5 milyon manat) və “Azərsığorta” (7,3 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 57,5 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (160,6 min manat), “Günay Sığorta” (70,8 min manat), “Çartis Azərbaycan” (39,8 min manat), “İpək Yolu Sığorta” (37,2 min manat) və “Azərqarant” (1,6 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 310 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də ödənişlərin məbləği 10 milyon manatdan çox, 5-də 5 milyon manatdan çox, 12-də 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib.

Son xəbərlər
Digər xəbərlər