22 C
Baku
Friday, April 19, 2024

Sığorta şirkətlərinin gəlirləri artacaq

Gələn ildən Azərbaycanda icbarl tibbi sığortanın tətbiqi planlaşdırılır. Bəlkə də bundan sonra səhiyyənin ümumi vəziyyəti dəyişəcək. Düşünürük ki, belə bir sığorta növü təkcə səhiyyədə deyil, eyni zamanda əhalinin xərclərində də müsbət dəyişiklik yaradacaq. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Və nəticədə bu sistemin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də, bu islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.

Qısaca qeyd edək ki, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Bu zaman işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqqları dövlət tərəfindən alınır. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək.

Bəs, icbari tibbi sığortanın gələn ildən tətbiqi və daha dəqiq desək, səmərəli tətbiqi üçün nələrin edilməsinə ehtiyac var?

Əvvəlla, qanunvericiliyin o cümlədən normativ hüquqi aktların uyğunlaşdırılmasına ehtiyac var. Belə ki, Səhiyyə Nazirinin 1 fevral 2008-ci il tarixli qərarına əsasən dövlət xəstəxanalarında tibbi xidmət pusluzdur. Əgər səhiyyə xidməti pulsuzdursa, nə üçün icbari tibbi sığortanın tətbiqinə ehtiyac var?

İkincisi, sığorta ödənişlərinin işə götürən ilə işçi arasında bölüşdürülməsi mexanizmlərinin aydın formalaşdırılmasına ehtiyac var. Sığortanın yalnız işçinin üzərinə düşməsi işçi üçün sosial ağırlıq yarada bilər. İşəgötürənin icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə, işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubandıracaq. İşəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaqlar.

Üçüncüsü, icbari tibbi sığortanın tətbiqi zamanı digər əhəmiyyətli məqamlardan biri xəstəxanaların bu prosesə hazır olmasıdır. Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə tam malik deyillər. Hətta vətəndaşın sığortası olduqda belə, bəzi xəstəxanalarda vətəndaşdan əlavə ödənişlər tələb olunur.

Dördüncüsü, tədqiqatlar göstərir ki, “Tibbi sığorta haqqında” qanun indiki tələbləri tam olaraq ödəmir. Bu baxımdan həmin qanunda bir sıra boşluqlar var ki, onlar icbari tibbi sığortanın tətbiqinə imkan vermir.

Beşincisi, işləməyən və eləcə də ünvanlı social yardım alan vətəndaşlar üçün ödənişlərin dövlət tərəfindən və eləcə də hansi icraedici qurum tərəfindən necə ödənilməsi qanunvericilikdə aydın şəkildə öz əksini tapmalıdır. Əmlakın icbari sığortasının tətbiqi praktikası göstərir ki, bu sahədə aydın və şəffaf mexanizmlərin tətbiqinə ciddi ehtiyac var.

Altıncısı, tibbi sığorta sisteminin inkişafı üçün əhalinin gəlirlərinin strukturunun dəyişdirilməsi olduqca vacibdir. Əhalinin tibbi sığortaya yönəldəcəyi vəsaitlər çox azdır. Hazırda Azərbaycanda əhalinin gəlirlərinin 70 faizə qədəri istehlak mallarının alınmasına, 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Yerdə qalan vəsait az olduğundan əhali sığortalanmasında çətinlik var.

Hər halda, ölkəmiz uzun müddətdən sonra icbari tibbi sığortanın gələn ildən tətbiqi qərarın verdi. Xeyirli olsun!

Son xəbərlər
Digər xəbərlər