5 C
Baku
Friday, March 29, 2024

Sığorta şirkətlərinin gəlirləri azalıb

“Avtomobil satışlarının azalması sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib”.

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bununla bağlı hazırda müvafiq qiymətləndirmələr davam edir: “Avtomobil satışlarının azalması, şübhəsiz ki, sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib. Bu isə, öz növbəsində, bütövlükdə sığorta bazarına təsirsiz ötüşməyə bilməz. Amma təsirin miqyasını indidən hər hansı bir rəqəmlərlə göstərmək tezdir”. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərdən də danışan S. Şərifov bu sahədə aparılan işlərin aktivləşdiyini bildirib. Onun sözlərinə görə, baş nazirinin müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı yaradılan işçi qrupuna rəhbərlik edir və bu qrupda müvafiq qurumların nümayəndələri təmsil olunublar: “İşlər bundan öncə də aparılırdı, amma indi biz bu işə yeni bucaqdan baxırıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olacağıq”. S.Şərifov onu da əlavə edib ki, işçi qrupu tərəfindən icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən ölkələrin təcrübəsi öyrənilir: “Biz həm mənfi, həm də müsbət təcrübəni öyrənirik. Məsələn, elə ölkələr var ki, onlar icbari tibbi sığortanın tətbiqinə başlayanda çox uğurlu alınmışdı, lakin sonradan çox böyük problemlərlə üzləşiblər. Biz bu məsələdə ləng davransaq da, ümid edirəm ki, optimal bir modeli seçəcəyik”.

zaman.az

Son xəbərlər
Digər xəbərlər