Sığorta vasitəçilərinə verilən komisyon haqlarının süni yolla artırılması nəzarətə götürülür

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə İcbari Sığorta Bürosunun (ISB) elektron sisteminin fəaliyyəti ilə bağlı sığorta şirkətlərinin görüşü keçirilib.

Banker.az ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, İSB-nin icraçı direktoru Rəşad Əhmədov, eləcə də “Atəşgah Sığorta, “Atasığorta”, “Azsığorta”, AXA MBASK, “Qala Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, “PAŞA Sığorta” və “Standard Sığorta” Sığorta Şirkəti ASC-lərin rəhbər şəxsləri iştirak ediblər.

Tərəflər İSB-nin elektron sistemi ilə bağlı tətbiq eildə biləcək yenilikləri müzakirə edib, bonus-malus sisteminin şəxsə deyil, avtomobilə münasibətdə tətbiq olunması, sığorta şəhadətnamələrinin gözləmə müddəti zamanı ləğvetmə funksiyasının üzv şirkətlərə verilməsi, sığorta şəhadətnaməsi yazılarkən baş verə biləcək digər texniki səhvlərin aradan qaldırılmasının asanlaşdırılması və s. mövzular üzrə fikir mübadiləsi aparıb.

Görüşün əsas hissəsini isə sığorta şirkətlərinin sığorta vasitəçilərinə təqdim etdiyi komisyon haqlarının süni yolla artırılmasının qarşısının alınmasına dair müzakirələr təşkil edib. M. Abbasbəyli vurğulayıb ki, bu növ qanun pozuntuları ilə ciddi mübarizə aparılmalı və sığorta agentləri qeyri-qanuni endirimlərin qarşısını almalıdır. Bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə ASA daxilində bu məsələ ilə məşğul olmaq məqsədi ilə monitorinq qrupunun formalaşdırılması qərara alınıb. Bildirilib ki, qrup hər hansı şirkətin yüksək komisyon haqqı verdiynii aşkar edəcəyi təqdirdə, həmin şirkətə qarşı ciddi sanskiyaların tətbiq edilməsi üçün müvafiq tədbirlər görüləcək.