23 C
Baku
Saturday, April 20, 2024

Sığortada əks seçim və mənəvi təhlükə

Bank sektorunda olduğu kimi sığorta sektorunda da əks seçim (adverse selection) və mənəvi təhlükə (moral hazard) problemləri mövcuddur. Hər iki problem asimmetrik informasiyasının nəticəsi sayılır və ilk öncə gəlin asimmetrik informasiyanın nə oluğunu başa düşməyə çalışaq.

Asimmetrik informasiya razılaşmanın bir tərəfinin digər tərəfdən daha çox informasiyaya malik olmasıdır. Bu isə öz növbəsində daha çox informasiyaya sahib olan tərəfi digər tərəfdən daha əlverişli mövqedə olmasına səbəb olur. Bank müştərilərinin öz maliyyə vəziyyətləri barəsində kredit mütəxəssislərindən daha çox məlumata malik olmaları, avtomobil satıcısının satdığı avtomobil haqqında alıcıdan daha çox məlumatlı olması, eləcə də riskini sığorta şirkətinə ötürmək istəyən müştərinin sığortalamaq istədiyi risk haqqında daha çox xəbərdar olması asimmetrik informasiyanın ən bariz nümunələridir.

Əks seçim (adverse selection)

Həmçinin əlverişsiz seçim və ya anti-selection kimi də bilinən əks seçim (adverse selection) problemi sığorta portfelinə kifayət qədər aşağı və orta səviyyəli risklərin cəlb edilməməsi nəticəsində yaranır. Əlverişsiz seçim problemini sel-daşqın riski misalında izah etməyə çalışaq:

AAEAAQAAAAAAAAdEAAAAJDM5YTUyOTA0LThkOWUtNDE1OC1hZjBlLWYzMjVlOGZkYzJjNA

Şəkildən göründüyü kimi çaya yaxın ərazidə yerləşən evlərin sel-daşqın riskinə məruz qalma ehtimalı daha yüksəkdir. Buna görə də məhz bu ərazidə yaşayanlar sel-daşqın riskindən sığorta təminatı almağa daha çox meyillidirlər. Çayın axdığı ərazilərdən uzaqlaşdıqca riskin baş vermə ehtimalı azalır və təpədəki evlərdə yaşayanlar sel-daşqın sığortasına ümumiyyətlə maraq göstərmir. Nəticədə isə yamacdakı evləri sığortalamış sığortaçı əks seçim problemi ilə üzləşir və sığorta hadisəsi baş verdikdə cəlb etdiyi sığorta haqları sığorta ödənişi etmək üçün kifayət etmir.

Əks seçim problemini aradan qaldırmağın bir neçə həll yolu var:

  1. Riskin mənbəyindən asılı olaraq fərqli tariflər tətbiq etmək. Məs: sel-daşqın riski üzrə orta tarif 0,1% təşkil edirsə, təpədə olan evləri 0,05%, sel-daşqın riskinin yüksək olduğu ərazidə yerləşən evləri isə 0,15% tariflə sığortalamaq. Nəticədə riski yüksək olan ev sahibləri daha çox sığorta haqqı, riski az olan ev sahibləri isə daha az sığorta haqqı ödəməklə sel-daşqın riski üzrə balanslaşdırılmış sığorta portfelini formalaşdıracaqlar.
  2. Baş vermə ehtimalı yüksək olan və az təhlükəli riskləri vahid sığorta məhsulu halında təklif etmək. Məs: Təpədə yerləşən evlərdə sel-daşqın riski az olsa da, yanğın, ildırım vurması və digər risklər yüksək ola bilər. Riskləri vahid paket halında təklif etməklə sığorta şirkəti hadisələri ödəmək üçün sel-daşqın riski üzrə də kifayət qədər sığorta haqqı cəlb etmiş olacaq.
  3. İcbari sığortanın tətbiqi. Əks seçim problemini aradan qaldırmağın yollarından biri də icbari sığortanın tətbiqidir. İcbari sığorta risk dərəcəsindən asılı olmayaraq bütün şəxsləri sığorta təminatı almağa məcbur etdiyindən əks seçim problemini ümumiyyətlə aradan qaldırmış olur.

Ölkəmizdə bir çox sığorta şirkətləri tərəfindən fiziki şəxslərə fərdi tibbi sığorta xidmətinin göstərilməməsinin səbəblərindən biri də məhz əks seçim problemidir. Çünki, səhhətində problemləri olan, əməliyyat olunmalı olan və müəyyən xəstəlikləri olan şəxslər sığortalanmağa daha çox meyl edir. Əksinə, sağlam olan və səhhətində heç bir problemi olmayan şəxslər isə tibbi sığortaya daha az həvəs göstərirlər. Nəticədə isə sığorta şirkəti tibbi sığorta portfelinə daha çox sağlamlıq problemləri olan müştəriləri cəlb edib maliyyə çətinlikləri ilə üzləşə bilər. Buna görə də sığorta şirkətlərinin əksəriyyəti fərdi tibbi sığorta xidməti təklif etmirlər. İcbari tibbi sığortanın tətbiqi isə bu riski aradan qaldıra bilər. Belə ki, icbari tibbi sığorta ilə bütün şəxslər (istər sağlam, istərsə də xəstə) sığortalanmalı olduqları üçün sığortaçıların əlverişsiz seçim problemi aradan qalxmış olur.

Mənəvi təhlükə (moral hazard)

Mənəvi təhlükə razılaşmanın bir tərəfinin digər tərərfin maraqlarının əleyhinə olaraq davranışlarını dəyişməsidir. Bir neçə nümunə ilə bu problemi izah etməyə çalışaq:

Müştəri kreditin təyinatını biznesinin inkişafı kimi təqdim edib bankdan müəyyən məbləğdə kredit götürür. Lakin krediti götürdükdən sonra, bankın maraqlarının əksinə olaraq, o pulu mərc oyunlarına qoyur və uduzur. Nəticədə isə götürülən kreditin geri qaytarılmasında problemlər yaranır. Krediti götürən müştərinin davranışının bu formada dəyişməsi bank sektorunda mənəvi təhlükəyə misaldır.

Eyni problem sığorta sektorunda daha qabarıq özünü biruzə verir. Əmlakını və ya avtomobilini sığorta şirkətində sığortalamış müştəri baş verə biləcək riskləri sığorta şirkətinə ötürdüyü üçün davranışlarında biganəliyə və məsuliyyətsizliyə yol verə bilər. Məsələn, sığortalanmamışdan öncə avtomobilini qarajda saxlayan və onu ehtiyatla idarə edən şəxs sığorta təminatı aldıqdan sonra öz davranışlarını sığorta şirkəti üçün riski artıra biləcək şəkildə dəyişə bilər. Avtomobilini artıq qarajda deyil yol kənarında saxlaya bilər, təhlükəsizlik məsələlərinə artıq fikir verməyə bilər və ya avtomobilini etinadsız idarə edə bilər. Müştərinin davranışında baş verən bu mənfi dəyişmələr sığortada olan mənəvi təhlükədir.

Sığortada mənəvi təhlükəni azaltmaq üçün bir neçə metoddan istifadə edilir:

  1. Azadolma məbləğinin tətbiqi – Riskin bir hissəsi müştərinin üzərində qalarsa mənəvi təhlükə problemi azalmış olur. Belə ki, azadolma məbləği sığorta şirkəti tərəfindən ödənilməyidi üçün, bu, müştərini öz əmlakına daha məsuliyyətli yanaşmağa vadar edir.
  2. Sığorta müqaviləsində xüsusi şərtlərin əlavə edilməsi – Məsələn: Əmlak sığortasında təhlükəsizlik sistemlərinin, yanğınsöndürən balonların mövcud və işlək vəziyyətdə olması, avtomobil sığortasında gecə vaxtlarında avtomobilin qarajda saxlanılmasını və s. tələb edən şərtlər.
  3. Sığorta təminatından istisnalar – Mənəvi təhlükə problemini aradan qaldırmaq üçün istisnalardan istifadə mütləqdir. Məs: Hadisənin baş verməsinə səbəb olan sığortalının qərəzli hərəkətləri, sığorta şirkətinə yanlış məlumatın verilməsi və ya sığortalının kobud ehtiyatsızlığı və s. hallar bir çox müqavilələrdə sığorta təminatından istisna edilir.

Sonda qeyd etmək istərdim ki, istər əks seçim (adverse selection), istərsə də mənəvi təhlükə (moral hazard) sığorta məhsullarının hazırlanması, sığorta təminatlarının verilməsi və risklərin qiymətləndirilməsi zamanı diqqət edilməsi vacib olan və sığortaçılar tərəfindən nəzərə alınmalı ən mühüm amillərdən biridir. Sığortaçılar sağlam sığorta portfelinin formalaşması üçün əks seçim probleminə, risklərin düzgün anderraytinqinə və müvafiq xüsusi şərtlərin tətbiqinə fikir verilməli, mənəvi təhlükə riskini aradan qaldıran zaman isə müştərilərə qarşı dürüst, xoş niyyətli və vicdanlı olmalıdırlar. Çünki, müqaviləyə tətbiq olunan xüsusi şərtlərin, azadolma məbləğlərinin və istisnaların müştərilərə izah edilməməsi onların haqlı narazılığına və ümumiyyətlə sığorta şirkətlərinə olan inamını aşağı salmağa səbəb ola bilər.

Müəllif: Uğur İbrahimli | @Ughurium

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər